Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-281/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2914/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 14 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Həmçinin, iddiaçının “İddiaçı iş stajı nəzərə alınmaqla 29.03.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.04.1997-il tarixdə “xxxx” MMC-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul olunmuşdur. İşlədiyi iş yeri mədən ərazisidir. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu 29.03.2018-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 08.04.1997-ci il tarixdən işləmiş olduğu “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsi yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üst-üstə düşmür. Belə olan halda, iddiaçının qeyd edilən peşədə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinə əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bununla əlaqədar məhkəmə təcrübəsinə də müraciət edək. AR Ali məhkəməsinin X2 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2-1 (102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki. hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2914/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı 29.03.2015-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, fərz etsək ki, iddiaçının hüququ 2015-ci ildə yaranmışdır, ƏPQ-nin 32-ci maddəsi (Əmək pensiyasının təyin edilməsi müddətləri) bunu məhdudlaşdırır. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ƏPQ-nin 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “29.03.2015-ci il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 24.11.1976-cı il tarixdən 10.10.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 08.01.1979-cu il tarixdən 25.07.1979-cu il tarixədək Mirbəşir elektromexanika zavodunda çilingər, 25.07.1979-cu il tarixdən 21.08.1992-ci il tarixədək isə tənzimləyici; 24.08.1992-ci il tarixdən 27.10.1995-ci il tarixədək Tərtər elektrik şəbəkəsində usta; 15.11.1995-ci il tarixdən 01.04.1997-ci il tarixədək 12 saylı İSSTMD-də iş icraçısı; 08.04.1997-ci il tarixdən hal-hazıradək “xxxx” MB-də elektrik ustası vəzifəsində işləyir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və cavabdeh iddiaçının müraciətinə verilən 08.01.2020-ci il tarixli imtina məktubunda göstərmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 8 yanvar 1979-cu il tarixli ИT-l ******* nömrəli əmək kitabçanızda 08.04.1997-ci il tarixindən bugünədək “xxxx" MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sahəsində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla istər 01.01.2006, istərsə də 01.07.2017-ci il tarixə qədər 25 ildən artıq ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası və hərbi biletin təsdiq olunmuş surətləri ilə öz təsdiqini tapır və həmin iş dövrləri cavabdeh tərəfindən mübahisələndirilmir. Başqa sözlə iddiaçının əmək kitabçası ilə təsdiqini tapan ümumi iş stajı 25 ildən artıqdır və bu hal tərəflər arasında mübahisələndirilmir. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının ümumi iş stajı deyil, 08.04.1997-ci il tarixindən bu günədək işlədiyi vəzifələrin NK-nın 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahısında nəzərdə tutulmuş vəzifələrə uyğun olmamasıdır. Bu səbəbdən də cavabdeh hesab edir ki, iddiaçının qanunvericiliyə uyğun olaraq 12 il 6 ay güzəştli iş stajı mövcud deyil. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən güzəştli iş stajının NK-nın həm 1993-cü il tarixli, həm də 2007-ci il tarixli qərarlarında nəzərdə tutulan vəzifələrə uyğunluğunun araşdırılmalı olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. “Şərq” X4 Elektromexanika Zavodunun 20.12.2019-cu il tarixli 16 nömrəli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o həqiqətən 08.01.1979-cu il tarixdə 03 nömrəli X1 Zavodunda tənzimləyici vəzifəsinə işə qəbul olunmuş və 21 avqust 1992-ci il tarixdə 62 nömrəli əmrlə öz xahişinə əsasən işdən azad edilmişdir.” “xxxx” MMC-nin 45 nömrəli 18.12.2019-cu il tarixli Güzəştli-Arayışında göstərilmişdir: “Verilir: xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətə “08” aprel 1997-ci il tarixindən bu günə kimi “xxxx” MMC-nin Elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sahəsində “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “10.Neft,qaz və qaz kondensatının hasilatı” bəndinin “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsinə aiddir.” “xxxx” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 170 nömrəli 30.04.2020-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin 2-1(112)-2914/2020 nömrəli 04.03.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı “xxxx” MMC-nin Neft və qaz çıxarma sahəsi, Neftin yığımı və təhvili sahəsi, Quyuların yeraltı və əsaslı təmiri sahələrində fəaliyyətdə olan elektrik avadanlıqlarına ximət edir. Eyni zamanda qeyd etmək istərdik ki, İddiaçı 08.04.1997-ci il tarixdən hal-hazırkı vaxta kimi “xxxx” MMC-nin Elektrik avadanlıqlarına xidmət və elektrik təhvili sahəsində 5-ci dərəcəli elektrik montyoru peşəsində işləyir.” Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi əmək kitabçasından və “xxxx” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş arayışdan da, görünür ki, iddiaçı cavabdeh orqanın mübahisələndirdiyi 08.04.1997-ci il tarixdən işləmiş olduğu “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (1100000a—19861), nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər” nəzərdə tutulmuşdur. İstər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının xüsusi stajı 01.01.2006-cı il tarixə qədər 12 il 6 ay olmadığından “Əmək pensiyaları haqqında” qanunun 01.07.2017ci il tarixə qədər qüvvədə olan mətninə uyğun olaraq pensiyaya çıxmaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 12 il 06 ay güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın 29.03.2015-ci il tarixdən ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Bu məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Lakin birinci instansiya məhkəməsi mübahisənin həllinə 32-ci maddənin 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək, yəni 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasını tətbiq etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Cavabdehin apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi müraciət ərizəsindən görünür ki, iddiaçı pensiya təyin olunması üçün 26.11.2019-cu il tarixdə müraciət etmişdir. Bu halda iddiaçıya pensiya 26.11.2019-cu il tarixdən əvvəlki üç ilə görə, yəni 26.11.2016-cı ildən ödənilə bilərdi. Bundan başqa, DSMF orqanı üçün keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- “29.03.2015-ci il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, pensiyanın təyin edilməsinin əvvəli 26.11.2016cı il tarixdən hesablanmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2914/2020 saylı qərarı qismən “29.03.2015-ci il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Pensiyanın təyin edilməsinin əvvəli 26.11.2016-cı il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-281/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver