Məhkəmə qərarları › İş №2-1(103)-281/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-281/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-281/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X5) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2022 xx.xx.2022-ci il il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Həmin ünvanda qeydiyyatda olan X5 bu mənzildə yaşamır və həmin mənzildə heç bir əşyası və əmlakı yoxdur. Onun başqa ünvanda daimi yaşayış yeri vardır. Üçüncü şəxsin atası X6 iddiaçının oğludur və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Oğlu Mübariz X1 ilə nikahları rəsmiləşdirilməmişdir. İddiaçı onlara iki ev vermiş, ünvan 2 ünvanında yerləşən mənzili N.Allahverdiyeva satmış, digər Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 21 saylı evi Mübariz Paşayev satmışdır. Üçüncü şəxs hazırda ünvan 4 ünvanında yaşayır. Üçüncü şəxs Məhəmməd Paşayev onun məlumatı olmadan cavabdeh tərəfindən hazırki ünvana pasport qeydiyyatına alınmışdır. Üçüncü şəxsin ona məxsus mənzildə pasport qeydiyyatda qalması isə onun mülkiyyət hüququnu pozur. Odur ki, o, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubunda imtina edərək bildirmişdir ki, bu yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs M.Paşayev apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti oununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir. Mənzilə qeydiyyata düşərkən onun 18 yaşı olmamışdır ki, nənəsinə məxsus mənzilə qeydiyyata düşə bilsin. İddiaçı onun başqa yaşayış ünvanının olmasına istinad etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. O, iddiaçının ailə üzvü sayılır ki, yalnız kompensasiya verilməklə mülki qaydada istifadə hüququna xitam verilə bilərdi. İnzibati orqan ilə iddiaçı arasında hər hansı mübahisənin iki mülki şəxs arasında olduğu halda məhkəmə mülki mübahisəni inzibati qaydada baxmaqla qanunvericilyiin tələblərini pozmuşdur. Onun yaşayış yeri mövcud deyil, əmlakının bir hissəsi mənzildədir, qeydiyyatda qalması iddiaçının hüquqlarını pozmur. Çünk kommunal xərclər smart kartla ödənilir. Məhkəmə kollegiyasının 23 noyabr 2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil X7 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, lakin iş materialları ilə tanış olmadığındandan ona vaxt verilməsini məhkəmədən xahiş etmiş, məhkəmə iclası hazırkı günə təxirə salınaraq bu barədə xəbərdar olunsa da, özü və hüquqlarını müdafiə etdiyi üçüncü şəxs M.Paşayev məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı üçüncü şəxsin nəvəsinin atası Mübariz Paşayevə 6 sot torpaq sahəsi verdiyini, orada 2 otaqlı ev tikiildiyini, daha sonra isə onlara şəhərə yaxın olsunlar deye ikiotaqlı (üçotaqlıya düzəldilmiş) mənzil aldığını, lakin hər iki əmlakı satdıqlarını, onların kirayə haqlarını belə ödədiyini bildirərək, üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması öhdəliyinin qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh ona ünvanlanmış 22.102021-ci il tarixli məktubunda imtina edərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatdan çıxarılmanın yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirildiyini bildirmişdir. Adıçəkilən Qanunun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “...1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmış və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 096548 nömrəli qeydiyyat vəsiqəsinin surətinə və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İstsmar Sahəsinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci iltarixli arayışınaə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5075, Biləcəri yolu küçəsi, 1 saylı evin 53 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış dır İddiaçı xx.xx.1978-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışına, üçüncü şəxsin şəxsin şəxsi uçot kartoçkasına (9 saylı əlavə), onun şəxsiyyət vəsiqəsinin məlumatlarına və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İstsmar Sahəsinin 2 saylı MKİS-in qeyd olunan xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, üçüncü şəxs xx.xx.1994 təvəllüdlü M.Paşayev xx.xx.2011-ci il tarixində İddiaçı məxsus mənzilə pasport qeydiyyatına alınmışdır.əsasən üçüncü şəxs, M.Paşayev iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmışdır. Eyni zamanda, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, üçüncü şəxs M.Paşayevin ünvan 1 ünvanı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin mənzil iddiaçı X4 mülkiyyətindədir. Həmçinin onu qeyd olunmalıdır ki, iş materiallarına əsasən üçüncü şəxs M.Paşayevin həmin mənzildə yaşadığını (o cümlədən hal-hazırda) təsdiq edə bilən mötəbər sübutlar da mövcud deyildir, özü tərəfindən də həm işə birinci instansiya məhkəməsində baxılarkən, həm də hazırkı apellyasiya şikayətində istinad etdiyi dəlillərini təsdiq edə bilən hər hansı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, üçüncü şəxs M.Paşayev xx.xx.2011-ci il tarixində iddiaçının mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1 A, 53 saylı mənzilə qeydiyyata alınmış, lakin həmin mənzildə faktiki olaraq yaşamamış, yaşımır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan mənzilə istifadə huququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında qeyd etmişdir ki, “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati tərəfindən üçüncü şəxs Məhəmməd Paşayevin qeydiyyatdan çıxarılmasından imtina olunması əsasdır, iddiaçının qanunla qorunan hüquqlarını pozur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlarla müəyyən edilən halllara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs M.Paşayevin apellyasiya şikayətinin, onun iddiaçıya məxsus mənzilə yaşayış hüququnu mövcud olduğunu və birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2022 xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3986/2022 xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar