Məhkəmə qərarları › İş №2-1(103)-281/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-281/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-281/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6159/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi (İPM m.33.1), sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.35) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək kitabçasının qeydləri üzrə “Mehman” firmasında işlədiyi 1997ci ildən 2005-ci ilə qədər dövrün sosial sığorta stajina daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1974-cü ildən “Kr.Partizan” üzümçülük sovxozuna fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1975-c ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda xidmət göstərmiş, xx.xx.1978-ci ildə Leyt.Şmidt adına zavodda tokarçı şagirdi kimi 13 saylı sexə qəbul edilmiş, xx.xx.1979cu ildən xx.xx.1995-ci il tarixinə kimi işləmişdir. Daha sonra, xx.xx.1995-ci ildən xx.xx.1996-cı il tarixinə kimi “Şəadət” kooperativində xx.xx.1997-ci il tarixdn isə “Mehman” firması idarəsinə çilingər işinə qəbul olunaraq həmin firmada xx.xx.2005-ci il tarixinə kimi işləmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət eedərək yaşa görə pensiya təyin olunmasını xahiş etmiş, lakin sonuncu ona ünvanlanmış 16 dekabr 2022-ci il tarixli cavab məktubunda müraciətinə imtina cavabı verərək göstərmişdir ki, sığorta stajı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı tələblərə uyğun gəlmir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı X. Ağayevin təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) ümumi sosial sığorta stajının müddəti 21 il 03 ay olmaqla, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd olunmuş “Mehman” firmasının uçot tarixi xx.xx.2008-ci il tarixdən olduğu üçün həmin müəssisədə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6159/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı, onun əmək kitabçasında əksini tapmış “Mehman” firmasında 1997-ci ildən 2005-ci ilə qədər dövrün sosial sığorta stajina daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, mübahisə predmetini «Mehman» firmasında xx.xx.1997-xx.xx.2005-ci illərdə işlədiyi dövrlər təşkil edir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminə əsasən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş “Mehman” firmasının uçot tarixi xx.xx.2008-ci il tarixdən olduğu üçün həmin müəssisədə xx.xx.1997- ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin İddiaçı adına aktiv VÖEN (**********) olduğundan yaşa görə sosial müavinətin də təyin edilməsi mümkün olmamışdır. Belə olduğu halda isə iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajının müddəti 21 il 03 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə də, birinci instansiya məhkəməsi əsassız olaraq təmin etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş, HZ ******* nömrəli hərbi biletinin və 20 dekabr1975-cü il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: - xx.xx.1974 -xx.xx.1975: «Kr.Partizan» adına sovxozda fəhlə - 1 il 2 ay 26 gün; -xx.xx.1976-xx.xx.1978 - müddətli həqiqi hərbi xidmət-2 il 1 ay 4 gün; -xx.xx.1978-xx.xx.1995 - Səttərxan «(l.Şmidt»)adına zavodda xarrat, kran maşıinisti -16 il 08 ay 2 gün; -xx.xx.1995-xx.xx.1996 - «Şəadət kooperativində çilingər – 1 il 3 ay 9 gün; -xx.xx.1997 - xx.xx.2005 – «Mehman» firmasında çilingər 8 il 8 ay 10 gün; Beləliklə də iddiaçının qeyd olunan dövlər üzrə iş stajı ümumiləşdirildikdə, onun ümumi iş stajı 29 il 11 ay 21 gün təşkil edir. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən konkret halda iddiaçının yalnız xx.xx.1997-xx.xx.2005 – «Mehman» firmasında çilingər kimi işlədiyi dövr (8 il 8 ay 10 gün), firmanın xx.xx.2008-ci il tarixində vergi uçotuna alınması əsası ilə onun sığorta stajı kimi qəbul olunmur. Məhkəmə kolegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçının sözügedən əmək fəaliyyəti dövrünün (8 il 8 ay 10 gün) onun sığorta stajına daxil edilməməsi əsassızdır. Birincisi, mübahisələndirilən dövr «Əmək pensiyları haqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər olan dövrü əhatə edir. Həmin vaxt (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçası tədqiq olunduqda isə mübahisələndirilən dövrün qeydlərində, onun həmin firmada işə qəbulu və işdən azad edilməsi, işlədiyi təşkilatın adı, müvafiq əmrlər nömrəisi və tarixi təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisənin səlahiyyətli şəxsinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, qeydlərin həqiqliyini şübhə altına alan qarlama və düzəlişlər mövcud deyil, həmin vərəqin tamlığı pozulmamışdır. Başqa sözlə, mübahisələndirən qeydləri yazılışı tərtibatına görə şübhə altına ala bilən halların mövcudluğu müəyyən edilmir. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş: - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə sorğusuna dair 14 mart 2023-cü il tarixli cavab məktuunda bildirilmişdir ki, “Mehman” firması xx.xx.1996-cı il tarixli təsis müqaviləsinə uyğun olaraq Bakı Çörək Ticarəti idarəsinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən özəlləşdirilmiş 381 saylı çörək mağazasının bazasında təsis olunmuş (i.v.48); -Bakı şəhəri X4 üzrə Baş İdarəsinin məhkəmə sorğularına dair - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli - cavab məktublarında bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrinin məlumatlarına əsasən «Mehman firması (VÖEN:**********) xx.xx.1997-ci il tarixdə 34040 nömrə ilə dövlət qeydiyyatına alındığı, xx.xx.1998-ci ildə ********** №-li xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** №-li li VÖEN-lə vergi uçotuna alınması, xx.xx.2009-cu il tarixdən fəaliyyətinin dayandırılması müəyyən edilmişdir (i.v. 31, 64, 71) . Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının xx.xx.1997 - xx.xx.2005-ci illərdə çalışdığı Mehman» firması dövlət qeydiyyatına və VÖEN uçotuna alınmış, fəaliyyətdə olan bir qurum olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1997 xx.xx.2005 illərdə işlədiyi «Mehman» firmasının 2008-ci ildən vergi uçotuna alındığını əsas tutaraq, onun həmin firmadakı əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsindən imtina olunması tamamilə qanunsuzdır və hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə qərar qəbul edərkən hüququn tətbiqində səhvə yol verdiyini, düzgün olmayan əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6159/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6159/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar