Məhkəmə qərarları › İş №2-1(103)-2811/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2811/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2811/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3598/2023 saylı, 06 aprel 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-cı ildə anadan olmuş, hal-hazırda yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Lakin 180 manat məbləğində yaşa görə sosial müavinət alır. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə də, ona qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmiş və əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçının 1973-cü ilin sentyabr ayından, 20 avqust 1976-cı ilədək (2 il, 11 ay, 6 gün), Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda və 01 sentyabr 1976-cı ildən 12 fevral 1977-ci ilədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində, müxtəlif vəzifələrdə işlədiyi ümumilikdə, 3 il, 4 ay,16 gün stajını nəzərə almaq istəmir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı 08 iyul 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçının əmək kitabçasında olan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixədək “Monolit” kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçası hərbi biletin surətinə və digər sənədlərə əsasən əmək kitabçasında və hərbi biletinin surətinə əsasən ümumi sığorta stajının xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Belə olan halda, iddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini, İPM-in 47-ci maddəsini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3598/2023 saylı, 06 aprel 2023-cü il il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3598/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Təqdim etdiyiniz əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən, ümumi sığorta stajınız xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda, 22 il 9 ay 3 gün sığorta stajınıza uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 17337.07 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitaldan azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sizin müraciətinizə əsasən bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Monolit" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X3 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək işlədiyiniz “Monolit” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. -AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - xx.xx.1997-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ 2060343№li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Nazilər Soveti yanında Quraşdırma və xüsusi tikinti işləri üzrə “Azərquraşdırma” idarəsinin mexanika və nəqliyyat şöbəsində mühəndis işləmişdir. xx.xx.1977-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Baş İdarənin İstehsalat İdarəetmə İdarəsində mühəndis, iqtisadçı, böyük mühəndis, rəis müavini vəzifələrində işləmişdir (Baş İdarənin İstehsalat İdarəetmə İdarəsinin adı sonradan Azərbaycan SSR Quraşdırma və Xüsusi tikinti işləri Nazirliyi, daha sonra Azərbaycan SSR Quraşdırma və xüsusi tikinti işləri Nazirliyinin Bakı “Ərzaqquraşdırma” idarəsinə çevrilmişdir). xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Usluqa” Kooperativində sədr, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Monolit” KM-də müdir, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Azərelektroişıq” İB-nin Kommersiya Şöbəsində rəis müavini vəzifələrində işləmişdir. - H3 №3561107 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan görünür ki, “Monolit” KM-in arxiv sənədləri AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, Metalloplastmas zavodu barədə dövlət əmlakının registrində qeydiyyat aparılmamışdır. - Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, “Monolit” KM adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu olunan hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubundan görünür ki, Metal-plastik məmulatı zavodu (sonradan “Bərdə Metalplastik" ASC, ünvan: ünvan 2sonradan “Metal və X4” Zavod, ünvan: AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, X6, ev 1) isə 12 sentyabr 1996-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyi Metalloplastmas zavoduna 1-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə xx.xx.1973-cü il tarixli, §16, 112 №-li, Alüminium qablar sexinə 1-ci dərəcəli (klepşik) vəzifəsinə keçirilməsi barədə xx.xx.1974-cü il tarixli, 98 №-li və işdən azad edilməsi barədə xx.xx.1976-cı il tarixli, §10, 89 №-li əmrlərinin təsdiq olunmuş kserosurətləri məhkəməyə təqdim edilmişdir. - Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, Universitetin arxiv sənədlərinə əsasən İddiaçı 1976-cı il 06 sentyabr tarixli 31 ok/n nömrəli əmrə əsasən, 1976-cı il 01 sentyabr tarixdən 5 nömrəli yataqxanaya mərtəbə növbətçisi vəzifəsinə qəbul edilmiş, 1976-cı il 06 noyabr tarixli, 149 ok/n nömrəli əmrə əsasən 1976-cı il 09 noyabr tarixdən dülgər vəzifəsinə keçirilmiş, 1976cı il 23 noyabr tarixli, 175 ok/n nömrəli əmrə əsasən 1976-cı il 16 noyabr tarixdən xarici tələbələr üzrə dekanlıqda tədris ustası vəzifəsinə keçirilmiş, 1977-ci il 15 fevral tarixli 70/n nömrəli əmrə əsasən 1977-ci il 12 fevral tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletin və əmək kitabçasının surətlərinə əsasən hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 22 il 9 ay 3 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən şəxsin əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 22 il 9 ay 3 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (22+(9+3/30 gün)/12ay)x306=6964,05. Həmçinin, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6964,05 manat pensiya kapitalının yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 17343,31 manat təşkil edir. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az, eyni zamanda pensiya kapitalının tələb olunan həddən (28800 manat) aşağı olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, yəni işin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 11 ay 25 gün) “Monolit” kiçik müəssisəsində işlədiyi dövrü həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığına görə, eyni zamanda iddiaçının əmək kitabçasında əksini tapmayan, lakin arxiv arayışı ilə təsdiq olunan Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 22 il, 9 ay, 3 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmiş, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçının işlədiyi xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 11 ay 25 gün) “Monolit” kiçik müəssisəsində, Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə işlədiyi dövrlərin sığorta stajına aid edilməməli olması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarından: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu baxımdan, hazırkı iddiaçının Bakı Dövlət Universitetində və Metalloplastmas zavodunda işlədiyi, ümumilikdə 3 il, 4 ay, 16 gün müddət müvafiq arayışlarla təsdiqləndiyindən onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (22 il 9 ay 3 gün) ilə arxiv arayışlarına əsasən müəyyən edilmiş staj toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (22 il, 9 ay, 3 gün + 3 il, 4 ay, 16 gün = 26 il, 1 ay, 19 gün). «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 11 ay 25 gün) “Monolit” kiçik müəssisəsində, Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajı nəzərə alınmasa belə, 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3598/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3598/2023 saylı, 06 aprel 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar