Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2811/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Azərbaycan Respublikasındaki filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı iş üzrə (Açar sözlər: qərarın qanunsuzluğunun tanınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X5 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındaki filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-8711/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı şirkətinin Azərbaycan Respublikasındaki filialı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Binəqədi rayon Xocəsən X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 06/01 saylı, 01 aprel 2008-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 8032/2025 saylı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı Şirkəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş sənədlərdən müəyyən olmuşdur ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06/01 saylı, 01 aprel 2008ci il tarixli qərarı ilə X4 istifadəsinə, Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt mədənin 6cı sahəsində yerləşən “Azəriqaz” İB-nə daxilində 600 kv/m torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X13 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X9 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Göründüyü kimi, Qanunun yuxarıda sadalanan müddəalarından birbaşa aydın olur ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06/01 saylı, 01 aprel 2008-ci il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuz hesab olunmalıdır.
4. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-8711/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”
13. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
14. 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
15. Hazırkı iş üzrə mübahisə predmeti qismində 01 aprel 2008-ci il tarixli qərarın qanunsuzluğunun tanınması çıxış etmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1713/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1149/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-887/2023 nömrəli qərarı və.s).
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
18. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində qərarın qanunsuz sayılmasını xahiş etməklə onu müəyyən etmə və tanınma haqqında iddia növü kimi təqdim etmək istəsə də, əslində bu iddia tələbi növ baxımından İnzibati Prosessual Məcəllənin 32-ci maddəsində təsbit edilmiş mübahisələndirmə haqqında iddiadır.
19. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında da sərgilənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüquqununhəqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər.” 18. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında əks etdirdiyi mövqeyi, eləcə də İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırki iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir.
20. Beləliklə, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
21. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
22. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
23. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
24. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
25. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
26. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-8711/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev