Məhkəmə qərarları › İş №2-1(103)-2812/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2812/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2812/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «müraciətə cavab verilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8771/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, malların qanunsuz saxlanmasına görə ona dəymiş 66000 manat maddi ziyanın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq ödənilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması səbəbi ilə dövlətə olan inamı sarsdığına görə dəyən mənəvi zərərə görə **********000 avro məbləğinin ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Cavabdeh tabeliyində olan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Cavid Bayramovun qanunsuz əməlləri barədə elektron qaydada şikayət ünvanlamış, lakin bu günədək hər hansı qanuni tədbir görülüb, nəticəsi barədə rəsmi cavab verilməmişdir. Adı çəkilən əməkdaş isə hal-hazırda da eyni qanunsuzluğu davam etdirməkdədir. Belə ki, xx.xx.2020-ci il tarixdə təhqiqat üçün ona ünvanlanmış materiallar, hər hansı bir təhqiqat hərəkəti aparılmadan bu günədək (17 aydan çox) tərəfindən materiallar saxlanmaqdadır və aidiyyəti üzrə təhvil verilməməkdədir. Bunun nəticəsində maya dəyəri gömrük rüsumları da daxil olmaqla (ƏDV-siz) 42840 manat 78 qəpik, satış qiyməti (ƏDV ilə birlikdə) təxminən 66000 manat olan malları gömrük orqanı tərəfindən təhvil verilməməklə külli miqdarda ziyan dəyməkdədir. Gömrük rüsumları ƏDV də daxil olmaqla tərəflərindən tam şəkildə vaxtlı-vaxtında ödənmişdir. Tabeliyində olan əməkdaşın bu qanunsuz hərəkəti barədə sədrə verilmiş şikayət üzrə qanunamüvafiq tədbir görülüb, nəticəsi barədə rəsmi məlumat verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Cavabdeh üzərinə qoyulmalıdır. Komitə sədri Cavabdeh vəzifəsini Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozmasına görə dövlətə olan inamı sarsmışdır, yəni dövlətə olan inam ölmüşdür. Dövlətin maddi nemətlərinin dəyəri təxminən **********000 avro (bu Qarabağın işğalı zamanı və müharibələr zamanı dəymiş ziyanlara görə aparılmış hesablamalara mütənasib hesablama apardıqda alınan miqdardır) təşkil edir. Demək, Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması nəticəsində dəyən mənəvi zərər **********000 avro dəyərindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-960/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən, iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdehlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr əvəzi X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Cavabdeh hesab edilməsi, müraciətə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr əvəzi X2 həvalə edilməsi, maddi və mənəvi zərərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Cavabdeh tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8771/2022 xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadın ləğv edilməsini və işi baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin MMC-nin istənilən fəaliyyətinə qanuni təmsilçi kimi qanunda nəzərdə tutulan qaydada məsuliyyət daşıyır və təsisçi kimi də MMC-yə dəyən hər bir zərər son nəticədə sahibkar kimi mənə dəymiş zərər olur. Bütün bu göstərilənlərə uyğun olaraq, o, öz adından X4 sədrinə Cavabdeh müraciət etmiş, lakin hər hansı bir qanuni tədbir görülüb, nəticəsi barədə ona cavab verilməmiş, eyni zamanda Komitənin sədr əvəzi, 1-ci müavini X2 da müraciət etmiş, yenə hər hansı bir tədbir görülməmişdir. Yəni, dəyişən sədr oldu, qalan heç nə Dövlət Gömrük Komitəsində dəyişmədi, yenə də qanunsuzluqlar öz vüsətilə davam etməkdədir. Hal-hazırda sahibkar kimi Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə (eynizamanda Gömrük və Vergi Məcəllələri ilə) qorunan haqlarım tapdalanmaqda davam edir. Yəni ona maddi və mənəvi ziyan dəyməkdə davam edir. Məhkəmə əvvəldən məsələni mümkünsüz saymaq yolunu tutmuşdur. Yəni mümkünsüz sayılması üçün tamamilə əlindən gələni etmişdir. İclasın gedişində artıq məhkəmənin nə qərar qəbuledəcəyi məlum idi, hakimin imkanı olsa idi, qərarını elə iclasda da elan edə bilərdi, müşavirəyə getməsi yalnız formal xarakter almışdır. Halbuki, məhkəmə nə qərar qəbul edəcəyini elan olunandək kimsə bilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının dəqiqləşdirilmiş iddia tələblərindən göründüyü kimi, iki tələb irəli sürmüşdür:

1. Müraciətinə cavab verilməsinin cavabdeh Dövlət Gömrük Komitəsinin sədr əvəzi X2 həvalə edilməsi;

2. Maddi və mənəvi zərərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Cavabdeh onun xeyrinə tutulması. Göründüyü kimi, iddiaçının hər iki tələbi Dövlət Gömrük Komitəsinin: birinci halda sədr əvəzinə, 2-ci halda isə sabiq sədrinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə görə: “...5.4. Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (bundan sonra - sədr) rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 5.6.1. Sədr Komitənin işini təşkil edir və ona rəhbərlik edir...; 5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər. sonra - sədr) rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır...; Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin sədri və ya onun müavinləri Komitəyə həvalə olunmuş vəzifələri yerinə yetirir. Həmin Əsasnamənin 3.1.52-ci bəndindən isə görünür ki, Komitənin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək Komitə vəzifəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, istənilən halda Komitənin sədri tərəfindən Komitənin fəaliyyət istiqaməti və vəzifələrindən irəli gələn məsələlərlə bağlı yerinə yetirilən bütün hərəktlər Komitənin adından həyata keçirilir. Başqa sözlə, maraqlı şəxslər (fiziki və ya hüquqi şəxslər) tərəfindən Komitənin sədrinə ünvanlanmış hər bir ərizə və şikayət Komitəyə ünvanlanmış mücraciət hesab olunur. Belə olan halda, konkret halda, maraqlı şəxs, yəni İddiaçı ilə Komitə arasında, sonuncu ona həvalə olunmuş vəzifələri, o cümlədən, vətəndaşların ərizə və şikayətlərinə baxılması, və ya vaxtında cavab verilməsi (o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülmsi) və ya vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar, yaranmış mübahisə məhz, iddiaçı ilə Komitə arasında yaranımış bir mübahisəni ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən isə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara - inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdeh Komitənin vəzifəli şəxsələrinə qarşı verilmiş iddia, elə Komitənin özünə qarşı verilmiş hesab olunur. Konkret halda, iddiaçı tərəfindən 1-ci tələbində iddia edilir ki, xx.xx.2021-ci il tarixdə Komitəyə (sədrinə), onun tabeliyində olan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Cavid Bayramovun qanunsuz əməlləri barədə elektron qaydada şikayət ünvanlamış, lakin nəticəsi barədə ona rəsmi cavab verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsinin tələblərindən görünür ki, inzibati icraatın başlanması üçün maraqlı şəxsin (fiziki və ya hüquqi şəxsin) yazılı müraciəti olmalıdır. 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının cavab verilmədiyini iddia etdiyi elektron müraciəti mövcuddur. Deməli, Komitə tərəfindən inzibati icraatın başlanması üçün əsas mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh inzibati orqanın rəhbərinə qarşı verilmiş olan həmin tələb inzibati orqanın, yəni, Dövlət Gömrük Komitəsinə qarşı verilmiş iddia kimi qəbul edilməklə, qanunvericiliyin qeyd olunan tələbləri daxilində, həmin tələbə mahiyyəti üzrə baxılmalı olduğu halda, həmin hissədə iddia tələbinin mümkün sayılmaması barədə səhv nəticəyə gəlinmişdir. İddiaçının ona dəymiş maddi və mənəvi zərərin Komitənin sabiq sədri Cavabdeh tutulması tələbinə gəldikdə, birincisi, Əsasnamənin qeyd olunan tələbləri baxımından, həmin tələb Komitənin sədrinə qarşı qaldırılan iddia tələbini ehtiva edir. İkincisi, iddia ərizəsindən də görünür ki, iddiaçı həmin tələbini ona qarşı ayrıca fiziki şəxs qismində deyil, məhz Komitənin sabiq sədri kimi irəli sürmüş, həm də onun yaşadığı ünvanı üzrə deyil, Dövlət Gömrük Komitəsinin olduğu rəsmi ünvanı üzrə qaldırmışdır. Üçüncüsü, «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən isə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunanlardan birmənalı olaraq görünür ki, iddiaçının 2-ci iddia tələbi də məhz, Dövlət Gömrük Komitəsinə qarşı qaldırılan iddia tələbi kimi qəbul edilməlidir. Qeyd olunanlarla yanaşı inzibati məhkəmə icraatı qaydasında vurulmuş ziyanla bağlı kompensasiya ödənilməsi tələbinə dair iddianın qaldırılması üçün məhkəməyə qədər «İnzibati icraat haqqında» Qanunun 89.2-ci maddəsinin tələblərinə riayət edilməsi də tələb olunur. Belə ki, Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, maraqlı şəxs ona vurulmuş ziyanla bağlı kompensasiyantələbinə dair məhkəmə qaydasında o halda tələb irəli sürə bilər ki, məhkəməyə qədər inzibati orqanına özünə bu barədə ərizə ilə müraciət etsin, imtina cavabı verildikdə yalnız, onun məhkəmədə bununla bağlı iddia qaldırmaq hüququ yaranır. İş materiallarına əsasən isə iddiaçının belə bir müraciətinin mövcudluğu müəyyən olunmur. Hazırkı mərhələdə də onun tərəfindən məhkəməyə ziyan tələbi ilə bağlı Komitəyə ilkin müraciəti ilə bağlı heç bir sənəd-sübüt təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, İPM-in 35.1-ci və 35.3-cü maddələrinin tələbləri baxımından, iddia, maddi və mənəvi ziyan tələbi hissəsində əsaslandırılmış iddia kimi qəbul oluna bilməz və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın mümkün sayılmaması maddi və prosessual qanunvericilyə uyğun olduğundan əsaslıdır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəliləri ilə, birinci tələbinə münasibətdə hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8771/2022 xx.xx.2022-ci il tarixli qərardadı iddiaçının müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinin mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin hissədə iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməli, qərardad qalan (ziyan tələbinin mümkün sayılmaması )hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8771/2022 xx.xx.2022-ci il tarixli qərardadı iddiaçının müraciətinə cavab verilməsi tələbinin mümkün sayılmaması hissəsində ləğv edilsin. Həmin hissədə iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad iddiaçının qalan (maddi və mənəvi ziyan tələbinin mümkün sayılmaması) hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilmir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Anar Tanrıverdiyev

İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar