Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2813/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr - 02 dekabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması barədə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 2011-ci ildə pensiyaya çıxdıqda ona çox az pensiya hesablandığına görə 2018-ci ilə qədər çoxsaylı ərizələrlə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala müraciət etmişdir və ona bildirmişlər ki, pensiya düzgün hesablanmışdır. 2006-2010-cu illər üçün əmək haqqı məcburi sosial sığortaya cəlb olunduğundan az köçürülmüşdür. İddiaçı2 adına isə portalda 2008-ci il üzrə əmək haqqı aşkar edilməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən 2006-2010-cu illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı1 məcburi dövlət sığortaya cəlb olunan gəlirləri düzgün qeyd edilməmiş və bu səbəbdən sığortaolunan məlumatları fərdi şəxsi hesabında düzgün əks etdirilməmişdir. İnstitut tərəfindən 2008-ci il üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı2 məlumatları qeyd edilmədiyi üçün fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Hazırki işdə cavabdeh yalnız İnstitut olmalıdır. Çünki sığortaolunanlar haqqında hesabat vermək sığortaedənin vəzifəsidir və bu vəzifəni sığortaedən düzgün yerinə yetirməmiş, nəticələrin düzgün əks etdirilməməsinə səbəb olmuşdur. 2006-2010-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” hesabatlarında düzəliş edilməsi ilə əlaqədar müvafiq funksionallığın verilməsi üçün sığortaedən Filiala məktubla müraciət edəcəyi halda məsələyə baxıla bilər. Etirazda Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına istinad edilərək, iddianın Filiala qarşı olan hissədə mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: S.Salahova) Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək əmək pensiyasının yenidən hesablanmasının təmin edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətində qeyd etmişlər ki, onlar hər iki iddiaçı AMEA-nın Torpaqşünaslıq və X2 gübrələr laboratoriyasında uzun müddətdir ki, (40-50 il) işləyirlər. O, İddiaçı1 2011-ci ildə pensiyaya çıxmışdır. Ona çox az pensiya hesablanmışdır. 2018-ci ildə pensiya portalından aydın oldu ki, 2006- 2010-cu illər üçün Sosial Sığortaya əmək haqqı az köçürülmüşdür. Rüsəmova Elbanın isə 2008-ci ili tamamilə köçürülməmişdir. Onlar dəfələrlə çoxsaylı ərizələrlə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala müraciət etmişlər, gələn cavablarda bildirmişlər ki, pensiya düzgün hesablanmamışdır. Qanunvericilikdə göstərilir ki, "Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə sığortaolunanalar haqqında məlumat" hesabatlarında düzəliş edilməsi ilə əlaqədar müvafiq funksionallığın verilməsi üçün Sığorta Filiala məktubla müraciət ediləcəyi halda baxıla bilər. Cavabdeh olan AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir və bu məsələnin həlli üçün bütün sənədləri arxivdən çıxararaq Filiala təqdim etməyə hazırdır. Lakin Sosial Sığorta və Filial bu düzəlişləri qəbul etmir və bunu mümkünsüz hesab edir. İnstitut xx.xx.2019-cu 1, 33-9/380 №-li məktub ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsinə müraciət etmişdir ki, yaranmış fərqin aradan qaldırılmasına köməklik göstərsinlər və xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixləri arasında əmək haqları göstərilmiş cədvəli də göndərmişlər. Sosial sığortanın cavab məktubu xx.xx.2019-cu ildə İnstituta daxil olmuşdur, qeyd olunur ki, sığortaolunanlar üzrə dəqiqləşdirilmiş hesabat təqdim olunmalıdır. İnstitutun mühasibatlığı tərəfindən sənəd hazırlanmışdır, lakin Sosial Sığorta bu sənədi qəbul etmir və mümkünsüz sayır. İnstitut tərəfindən Sosial Sığortaya ikinci məktub (xx.xx.2020-ci il 33-9/056 yazılmış və qeyd olunan 2006-2010-cu illər üçün bütün sığortaolunanlar üzrə dəqiqləşdirilmiş hesabatın verilməsinə köməklik göstərmələrini xahiş etmişlər. Yenə də institut xx.xx.2020-ci ildə (**********7 sənəd nömrəsi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və xx.xx.2020-ci ildə cavab məktubu gəlmişdir ki, institut Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə müraciət etməlidirlər. İnstitut xx.xx.2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir və xx.xx.2020-ci il tarixində **********530100 kargüzar nömrəsi ilə cavab məktubu vermişlər, müvafiq dövr və ondan əvvəlki dövrlər üzrə pensiyanın hesablanması üçün sosial sığorta stajı barədə və digər məlumatların verilməsi, həmçinin hesabatların işlənməsi funksiyası əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aid olması səbəbindən aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu yazışmalar göstərir ki, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu bütün şərtləri yerinə yetirməyə çalışmış, 2006-2010cu illər üzrə üzvi gübrələr laboratoriyasının bütün əməkdaşlarının hesablanmış əməkhaqqı, mükafat və əməkhaqqına əlavələr barədə məlumatları 154 (yüz əlli dörd) vərəq həcmində hazırlanmış və Azərbaycan Respublikasının və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru cənab Hüseyn Paşayevə elektron poçtu ilə müraciət etmişdir və L-qov.az internetinə çıxış imkanının yaradılması xahiş etmişlər. Cavab olaraq Sosial Sığorta sistemdə problem olması haqqında məlumat vermişlər, sistemin açılacağı halda xəbər verəcəklərini söyləmişlər. Qeyd etmək istəyirlər ki, İnstitut tərəfindən mümkünsüzlük məsələsi məhkəmədə qaldırılmamışdır və onların iddialarının həllinin mümkünlüyü hüquqşünas tərəfindən təsdiq edilmişdir. Sosial Sığorta tərəfindən iş üzrə iddia ərizəsinə etiraz məktubu verilmişdir, iddia tələblərinin Filiala qarşı mümkünsüz olmasını göstərmişlər. İddianın əsaslılığının yoxlanılması irəli sürülmüş, maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə “qərar qəbul edilə bilər" sözləri yazılmışdır. Məhkəmə prosesində də bu məsələ haqqında İnstitutun hüquqşünası söyləmişdir. Əgər Lgov.az saytına çıxış imkanı verilsə, institut 2006-2010-cu il üçün bütün əmək haqları haqqında hesabatları yerləşdirərlər və bu məlumatlar sayta oturduqdan sonra Sosial Sığorta yoxlama ilə mühasibatlığa icraçı göndərməlidirər ki, akt ilə bu hesabatın düzgünlüyünü təsdiq etsinlər və pensiya düzəlişi qəbul edərək mümkünsüzlüyü aradan götürülə bilər. Apellyasiya baxışı zamanı iddiaçılar apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı X4 xx.xx.1976-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır. Hazırda Üzvü gübrələr laboratoriyasında aparıcı elmi işçi işləyir. İddiaçı2 xx.xx.1978-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır. Hazırda Üzvü gübrələr laboratoriyasında aparıcı elmi işçi işləyir. İşdən görünür ki, iddiaçıların hazırkı tələbi onlar barəsində Dövlət Sosial Müdafiə Fonduna ötürülən məlumatların tam olmaması, yəni İddiaçı1 2006- 2010-cu illər üzrə ödənilən əmək haqqı məbləğinin az göstərilməsi, İddiaçı2 isə 2008-ci il üzrə aldığı əmək haqqı barədə məlumatın daxil edilməməsi səbəbindən onlara təyin edilən pensiya məbləğinin az olması, buna görə də əmək pensiyasının yenidən hesablanmasıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq sığortaçının hüququdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmçinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) təqdim edir. Həmin Qanunun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 7.12-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək sığortaedənin vəzifələridir. İstinad olunan normalardan aydın olur ki, sığortaolunanlar, hazırkı halda iddiaçılar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın təqdim edilməsi, həm də bu məlumatın dürüst və müəyyən olunmuş müddətdə təqdim edilməsi sığortaedənin, hazırkı halda iddiaçılara münasibətdə işəgötürən olan Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun vəzifəsidir. İnstitut tərəfindən məhkəməyə təqdim edilmiş 2008-ci il üzrə İddiaçı2 aid məlumatdan görünür ki, ona 2008-ci ilin yanvar-iyul ayları üzrə 164 manat, avqust ayı üzrə 166,78 manat, sentyabr ayı üzrə 172,32 manat, oktyabr-dekabr ayı üzrə 198 manat əmək haqqı ödənilmişdir. İşdə olan İddiaçı2 sığortaolunan hesabından çıxarışdan görünür ki, sığortaedən Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən onun barəsində təqdim edilmiş məlumatlarda 2008-ci il üzrə gəliri qeyd olunmamış, 2007-ci ilin dekabr ayından sonra 2009-cu ilin yanvar ayının hesabatları təqdim edilmişdir. Həmçinin İnstitut tərəfindən məhkəməyə təqdim edilən İddiaçı1 barəsində məlumatdan görünür ki, ona 2006-cı ilin yanvar-sentyabr ayı üzrə 153 manat, oktyabr ayı üzrə 163 manat, noyabr ayı üzrə 142,5 manat, dekabr ayı üzrə 212,97 manat əmək haqqı ödənilmişdir. İddiaçı1 məxsus sığortaolunan hesabından çıxarışdan görünür ki, sığortaedən Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən onun barəsində təqdim edilmiş məlumatlarda 2006-cı ilin fevral ayı üzrə gəliri 44,37 manat, may ayı üzrə 30,17 manat, sentyabr ayı üzrə 30,19 manat, oktyabr ayı üzrə 30,19 manat, noyabr ayı üzrə 37,72 manat, dekabr ayı üzrə 60,37 manat olmaqla aldığı əmək haqqından az göstərilmiş, yanvar, mart və aprel ayları üzrə hesabat təqdim edilməmişdir. Eyni hallar 2007-2010-cu illər üzrə də müşahidə olunur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, sığortaedən olan İnstitut sığortaolunan olan iddiaçılar barəsində zəruri məlumatları səlahiyyətli quruma tam təqdim etməmiş, hazırkı mübahisə də bununla bağlı yaranmışdır. İşdən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası da bu halı qəbul etmişdir. Belə ki, Akademiya tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 01-6/236 saylı məktubdan görünür ki, iddiaçının məktubuna cavab olaraq ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli və AMEA Rəyasət Heyətinin 07 sentyabr 2016-cı il tarixli 10/4 nömrəli qərarlarına əsasən, AMEA Eroziya və Suvarma İnstitutu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilərək onların bazasında AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılmışdır. Həmin qərarlar əsasında institut yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən yeni VÖEN (**********) alınmış, elektron və asan imza da yenilənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 24 oktyabr 2019-cu il tarixli **********1 nömrəli və 25 oktyabr 2019-cu il tarixli **********9 nömrəli məktublarına istinadən, İddiaçı1 fərdi şəxsi hesab bölməsindəki (SSN:**********529) gəlir məbləğlərində 2006-2010-cu illər ərzində 3511,32 manat fərq yaranmışdır. Gəlirlər haqqında hesabat İnstitutun köhnə VÖEN-i (**********) ilə qeydiyyata alınmışdır. Bu göstəricilərin iddiaçının əmək təqaüdünə təsir göstərdiyini nəzərə alaraq, dəqiqləşdirilmiş hesabatın təqdim olunması məqsədilə bütün sığorta olunanların gəlirləri 2006-2010-cu illər üzrə Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən yenidən işlənib hazırlanmışdır. VÖEN-ə elektron və asan imzanı bərpa etmək mümkün olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə təkrarən məktubla müraciət edilmişdir. Cavab alınacağı təqdirdə iddiaçının təqaüdü yenidən hesablanaraq ödəniləcəkdir.” Belə olan halda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıların hazırkı hüquqi maraqlarına uyğun olan hüquqi müdafiə vasitəsi ilk növbədə işəgötürən tərəfindən onlar barəsində təqdim edilmiş məlumatlara düzəliş edilməsidir. Bu tələbə cavab verməli subyekt isə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı deyil, Torpaqşünaslıq və Aqrokimya İnstitutudur, hansı ki, həmin İnstitut inzibat orqan deyil və tərəflər arasında yaranan bu mübahisə inzibati deyil, əmək münasibətlərinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi həmin Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə (əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və sair) bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb cavabdehin inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil və belə olan halda iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4520/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2813/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2813/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver