Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2814/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı X2, Cavabdeh Azərbaycan Respublikasının X8 nümayəndəsi X5, Cavabdehin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasnın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X9 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10184/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X9 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, test imtahanında iştirak üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10184/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10184/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2021 il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanası vasitəsi ilə məhkəmədən onun adına yazılan ərizənin mahiyyətindən də məlum olur ki, məhkəmənin tərəfindən ona göndərilmiş zərfin içində ona, cavabdehlər X9 və Vəkillər Kollegiyasına ünvanlanan məktub, qoşmada isə 14 sentyabr 2021-ci il tarixində hazırlamış olduğu sərəncam mövcud olmuşdur. Ona iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 30 sentyabr 2021-cil il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Çıxarılmış sərəncamda AR İPM-in 13-cü, 35-ci, 37-ci, 48ci maddələri sadalansa da konkret olaraq onun tərəfindən hansı hərəkətin edilməsi aydın şəkildə göstərilməmişdir. Yəni iddianın predmetinin dəyişdirilməsi, yanlış iddia növünün münasibləri ilə əvəz edilməsi, yaxud cavabdehlərdən birini - çox güman ki, Vəkillər Kollegiyasının çıxarılması aydın şəkildə qeyd edilməmişdir. Halbuki sərəncamda sadalanan maddələrdə-xüsusilə AR İPM 13 və 48 maddələrində birbaşa göstərilmişdir ki, məhkəmə proses iştirakçılarına təklif etməyə yox, yardım etməyə borcludur. Ərizədə AR İPM 13 və 48 maddələrinin tələblərini rəhbər tutaraq 30 sentyabr 2021 il tarixinə təyin edilən məhkəmənin hazırlıq icraatı iclasında əgər iddianın predmetində hər hansı problem var idisə ona dair, yox əgər cavabdehlərlə əlaqədar problem var idisə ona dair rəsmi şəkildə onun tərəfindən nə edilməli olmasına dair bildiriş yaxud elə şifahi şəkildə (audiovideo yazı aparılmaqla və iş materiallarına əlavə etməklə) ətraflı bildirməklə yardım edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardadda “vətəndaşların müraciətləri haqqında” AR Qanunundan, “İnformasiya əldə etmək haqqında” AR Qanunundan, Mülki Məcəllədən və s. məcəllələrdən bəhs etmiş olaraq, işə aidiyyatı olmayan müddəaları tətbiq etmiş olmaqla əsassız olaraq iddia mümkünsüz saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı oğli apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DİM-in nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vəkillər X3 999 saylı 10 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi barədə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər X3 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Vəkillər X3 1039 saylı 26 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının təkrarən daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, eyni məzmunlu ərizəsinə Rəyasət Heyətinin 999 saylı 10.08.2021 -ci il tarixli məktubu ilə müvafiq cavab verilmişdir. - Azərbaycan Respublikasının X8 04/08-08/2240-cı saylı 25 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilən imtahanda iştirak etmək üçün Azərbaycan Respublikasının X8 bank hesabı və həmin hesaba hansı məbləğdə pul vəsaitinin köçürülməsi ilə bağlı məlumatın təqdim edilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq üçün imtahanda iştirakla əlaqədar nəzərdə tutulmuş məbləğ Azərbaycan Respublikası Vəkillər X3 17 mart 2018-ci il tarixli Qərarı ilə 200 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər imtahanda iştirak üçün nəzərdə tutulmuş məbləği Azərbaycan Respublikası Vəkillər X1 bank hesabına ödəyirlər. Azərbaycan Respublikasının Dövlət X4 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birinden fərqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanda iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləğ iddiaçı Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilatı işləri lazımi səviyyədə yerinə yetirmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud qanunvericiliyə görə imtahanda iştirak edən şəxslərin heç biri ilə, o cümlədən iddiaçı ilə Mərkəz arasında imtahanda iştirak etmək və xidmət göstərməklə bağlı müqavilə münasibətləri olmadığı üçün Mərkəz iddiaçının qarşısında heç bir öhdəlik daşımır. İnformasiya sahibinin açıqlamaq vəzifəsi daşıdığı informasiyalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində sadalanmışdır. Qanunvericiliyin mövqeyinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır. Müqavilə əsasında əldə edilmiş vəsaitlər ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi həmin maddədə nəzərdə tutulmamışdır. Bu səbəbdən Mərkəz Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsaiti iddiaçıya açıqlanmaq vəzifəsi daşımır. Müraciətdə müvafiq məlumatların təqdim edilməyəcəyi halda, vurulmuş mənəvi zərərə görə Mərkəzə qarşı 50000 manat məbləğdə təzminat tələb edəcəyi ilə bağlı bildirilmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu tərəfindən 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vurulduğunu iddia etdiyi mənəvi zərərin ödənilməsi üçün müəyyən edilməli olan halları və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini nəzərə alsaq, Mərkəzin heç bir hüquq pozuntusuna yol vermədən etdiyi qanuni hərəkətlərin (hərəkətsizliyin) iddiaçı hansı formada mənəvi sarsıntı və iztirablar yaratdığını sübut etməlidir. İddiaçının hazırki tələbi cavabdehlərin üzərinə test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xüsusi mümkünlük şərtlərinə riayət edilməmişdir. Belə ki, iddiaçı cavabdehlər arasında baglanmış müqavilənin tərəfi olmadıgından hazırki iddiaya hüquqi marağı movcud deyildir, yəni subyektiv huququ yoxdur, həmçinin digər cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsait barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və öz mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, qanunverici ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlər arasında baglanmış müqavilənin tərəfi olmadıgından hazırki iddiaya onun hüquqi marağı mövcud deyildir, yəni Mülki Məcəllə ilə müqavilə tərəflərinin hüquq və vəzifələrinin daşıyıcısı olmadıgından və həmin müqaviləni mübahisələndirmək hüququna malik olmadıgından müqavilənin şətrləri də onun maraqlarına toxuna bilməz (müqaviləni ləgv etmək, dəyişdirmək, şərtləri, qiyməti, müddəti, icrası və s. ). İddiaçının maragı məhz cavabdehlərin maliyyə hesabatlılıgına əsaslandıgı halda belə, bu dövlətin müvafiq maliyyə hesablama və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlərdir. Müqavilə əsasında əldə edilmiş vəsaitlər isə ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu nəzərdə tutulmamışdır (informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır). Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Bu əsaslarla cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsait barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır. Göründüyü kimi, işə baxan məhkəmənin iddiaçının subyektiv hüquqa olmaması və hər hansı bir hüquqi marağın mövcu olmamasına dair gəldiyi nəticə əsaslı olduğundan iddia tələbi haqlı olaraq mümkün sayılmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10184/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2814/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2814/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver