Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2815/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə xərcləri üçün 30.000 manat, mənəvi iztiraba görə 20.000 manat pulun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazıradək çəkdiyi müalicə xərcləri üçün 30.000 manat, mənəvi iztiraba görə 20.000 manat pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-2633/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, otuz min manatı ayrı-ayrı vaxtlarda, ayrı-ayrı klinikalara ödəmişdir. Müalicəsi üçün vacib olan iynələr çox bahalı iynələrdir. Göz dibi üçün vurulan bu iynələri o, Zərifə Əliyeva adına xəstəxanada vurdurmalı olmuşdur. DİN-in hospitalında bu iynələr olmadığına görə başqa xəstəxanalarda müalicə olunmuşdur. İş yerinə dəfələrlə kömək üçün, müalicə xərclərinin ödənilməsi üçün müraciətlər etmişdir. Onun pulsuz tibbi yardım almaq hüququ vardır. Sonuncu iş yeri Heydər Əliyev adına Bakı X4muşdur. Orada mühafizə üzrə işləmişdir. O, iş yerindən xəstəliklə bağlı çıxmışdır. Həmin vaxt əlilliyə görə pensiyaya çıxa bilərdi. Lakin bir neçə ay pulsuz qalmaması üçün əlilliyə görə müraciət etməmişdir. Onun xəstəliyi isə əlillik təyinatına imkan verir və o, artıq müraciət edib əlillik alacaqdır. O, katarakta əməliyyatı üçün hospitala müraciət edə bilərdi. Lakin ona göz dibi üçün iynə tətbiq olunmalı olduğu üçün başqa yerdə eləmək məcburiyyətində qalmışdır. Göz dibinə iynə vurulması olduqca ağır əməliyyatdır. O, iki-üç dəfə sığorta ilə həmin iynələri qəbul etmək üçün müraciət etmiş, lakin hospitaldan bildirmişlər ki, bu iynələr sığortaya aid edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin dəftərxanasına iş icraçısı vəzifəsinə təyin edilmişdir, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (28 il, 11 ay, 0 gün, imtiyazlı: 33 il, 03 ay, 12 gün) olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi-Həkim Komissiyası tərəfindən İddiaçı təqdim edilmiş 376 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə DİN-nin Heydər Əliyev adına Bakı NEZM üzrə Polis İdarəsinin göndərişinə əsasən şəhadətləndirilmişdir. O, 1967-ci il təvəllüdlüdür, daxili işlər orqanlarında 1992-ci ildən hazırkı dövrədək xidmət edir. Rütbəsi polis mayoru, vəzifəsi kadr və peşə hazırlığı üzrə inspektordur. (XBT-10) E11.7 “Şəkərli diabet İİ tip orta ağırlıqda insulin tələbli mərhələ. E08.3Diabetik katarakta retinopatiya, OS- Vitreoektomiyadan sonrakı vəziyyət İOL +molekulyar ödem. Ürəyin işemik xəstəliyi. Hipertenziya İİ. Çoxdüyünlü entireoid ur. Uşaqlığın leyomioması (xoşxassəli). Vertebrogen lumboişalgiya. Xəstəliyi daxili işlər orqanlarında xidmətkeçmə dövründə almışdır. Xüsusi- Həkim Komissiyasının xidmətə yararlıq haqqında qərarı – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 25 saylı xx.xx.2002-ci il tarixli əmrinin xəstəliklər cədvəlinin 35a, 13b, 43b maddəsinə əsasən İddiaçı daxili işlər orqanlarında xidmətə yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş arayışa əsasən polis mayoru İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində işləmişdir. Ona, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi müddətdə 2008, 2009, 2010, 2011, 2012-ci illərdə xəstəliyə görə müavinət, 2012-ci ilin yanvar ayında 1999, 2001, 2002-ci illər üçün istifadə etmədiyi əsas məzuniyyətlərə görə kompensasiya ödənilmişdir. 08 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə pulla mükafatlandırılmış və ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində əmək haqqını vaxtlı-vaxtında almış və hər il bir dəfə ona məzuniyyət və xəstəlik müavinətləri ödənilmişdir. Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə-3311ş/h-001-20 saylı əmri ilə xx.xx.2020-ci il tarixdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xidmətdən xaric edilməsi ilə əlaqədar olaraq 5 aylıq vəzifə və rütbə maaşı məbləğində, 3005 manat son haqq-hesab İddiaçı əmək haqqı kart hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış 029-3489-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış 029-3083-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı DİO-da xidmət etdiyi dövrdə Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında ödənişsiz qaydada stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir: Araşdırma zamanı Sizin 13 noyabr 2012-ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində xidmət etdiyiniz və DİN-in Baş Mühafizə İdarəsinin 28 sentyabr 2020-ci il tarixli Ə3311 Ş/h-001-20 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edildiyiniz müəyyən edilmişdir. Bildiririk ki, xidmətdən xaric edildikdən sonra Sizə müvafiq qanunvericiliyə uyğun olaraq xidmətdən tərxis olunma ilə əlaqədar 3005,00 (üç min beş) manat təqaüd müavinəti hesablanmış və hesablanmış vəsait Sizin kart hesabınıza tam olaraq köçürülmüşdür. Hal-hazırda İdarənin Sizə ödənilməmiş borcu yoxdur. Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır, əməkdaşlara eləcə də mülki işçilərə əməkhaqqı və digər müavinətlərin ödənilməsi mülkiyyətçilərdən alınan mühafizə haqları hesabına həyata keçirilir. Mülkiyyətçilərlə bağlanmış müqavilələrdə əməkdaş və mülki işçilərə əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmamışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin, DİN-in xüsusi rütbəli əməkdaşlarının xidməti vəzifələrinin bilavasitə icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisəsi hesab edilir. Lakin Sizin xəstəliyiniz bilavasitə xidməti vəzifənizin icrası ilə bağlı olmadığından qanunvericiliyə uyğun olaraq sığorta hadisəsi hesab edilmir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir, 28 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edilmişdir. Xidmət etdiyi müddət ərzində hər il bir dəfə ona müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilmişdir. Həmçinin iddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında ödənişsiz qaydada stasionar müalicədə olmuş, müalicə müddətində iddiaçı instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin Vİİ hissəsinə əsasən polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 97-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. 98-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daxili işlər orqanlarında xidmət etdiyi dövrdə hər il ona müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilmişdir və o, müxtəlif diaqnozlarla DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında ödənişsiz qaydada stasionar müalicədə olmuş, müalicə müddətində müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur. Hazırda isə iddiaçı ayrı-ayrı klinikalarda aldığı müalicə üçün xərclədiyi vəsaitin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Lakin qanunvericiliyin tələblərindən göründüyü kimi, daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir, habelə daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda isə daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən müalicə xərcini cavabdehdən tələb etməsi tələbi əsassızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki halda isə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. İddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Ona görə də iddia tələbi həmin hissədə də əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2815/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2815/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver