Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2817/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın 0446 saylı 30 sentyabr 2010-cu il tarixli əmrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın 0446 saylı 30 sentyabr 2010-cu il tarixli əmrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2021 saylı 26 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh inzibati orqanın 0446 saylı 30 sentyabr 2010-cu il tarixli əmrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 avqust 1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, həmin tarixdən 1 yanvar 2011-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmiş, AR Müdafiə Nazirinin 0445 nömrəli 30 sentyabr 2010-cu il tarixli əmri ilə mayor hərbi rütbəsində «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156- cı maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. O, ehtiyata buraxılarkən barəsidə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmamışdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbihəkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi, 158-ci maddəsinin “b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156cı maddəsinin “q” bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Lakin o, hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməmişdir. Baxmayaraq ki, onun Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməsi üçün kifayət qədər əsaslar da olmuşdur. Belə ki, o, ehtiyata buraxılarkən son yaş həddinə (48 yaş) çatmamış, həmçinin maksimal pensiya təminatı 100% miqdarında yox, 89% miqdarında olmuşdur. 2005-ci ildən isə onun səhhətində ciddi problemlər olmuş və dəfələrlə AR Müdafiə Nazirliyinin hərbi tibb müəssisəsində və mülki tibb müəssisələrində müalicələrdə olmuşdur, 4 xəstəlikdən əziyyət çəkmişdir. İddiaçı hesab edir ki, əgər ehtiyata buraxılmaqdan əvvəl Hərbi Həkim Komissiyasına müayinəyə göndərilmiş olsaydı, o vaxt «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “a” bəndinə əsasən yox, “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmış olardı. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyi və ehtiyata buraxılmağı haqqında AR Müdafiə Nazirinin 0446 nömrəli 30 sentyabr 2010-cu il tarixli əmrində müvafiq dəyişiklik edilərək onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “v” (xəstəliyə görə) bəndinə əsasən ehtiyata buraxılması (geyim formasını daşımaq hüququ verilməklə) barədə qərar qəbul edilməsi xahişi ilə o, 23 noyabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 aprel 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2021 saylı 26 avqust 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, buraxılmış iddia müddətinin bərpası üçün o, məhkəmədə şifahi vəsatət versə də, hakim tərəfindən buna münasibət bildirilməmiş və buraxılmış müddət bərpa edilməmişdir. Məhkəmə onun əvvəllər davamlı olaraq cavabdeh orqana müraciət etməsini nəzərə almamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı 23.11.2020ci il taixli ərizə ilə cavadeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddaçıya ünvanlanmış 11/1879 saylı 24 aprel 2021-ci il taixli imtina məktubunda qeyd edilmişdir ki, onun ehtiyata buraxıldığı zaman hərbi-həkim komissiyası tərəfindən şəhadətnamənin olmaması, həmin dövrdə onun xəstəliyinin olub-olmaması və nəticə etibarı ilə hərbi xidmətə yararlı və ya yararsız olması məlum deyildir. Bu səbəbdən də 30.09.2010-cu il tarixli əmrdə dəyişiklik edilməsi üçün əsas yoxdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməsi ilə bağlı müraciətinin 2018-ci ilə təsadüf etməsi ilə bağlı hər hansı tutarlı dəlil gətirilməməsinə, həmin Komissiyanın 28 may 2018-ci il tarixli qərarının hərbi xidmət dövrünün sonunda, yəni onun tərxis olunduğu dövrdə qəbul olunmasını istisna edən halların müəyyən olunmamasına, eləcə də müddətin üzürlü səbəbdən buraxılması barədə hər hansı sübutun təqdim edilməməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “cavabdeh inzibati orqanın 0445 saylı 30 sentyabr 2010-cu il tarixli əmrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0446 saylı 30 sentyabr 2010-cu il tarixli əmrindən görünür ki, İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 284 saylı 18.05.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələnmiş, 16.11.2005-ci il tarixdən 09.12.2005-ci il tarixə kimi Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicədə olmuş, aldığı xəstəlik hərbi xidmət dövründə olmuşdur. Beləliklə, hazırda iddiaçı inzibati orqanın bundan 11 il əvvəl onun barəsində qəbul etdiyi qərarı mübahisələndirir (dəyişdirilməsini tələb edir). Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianı qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. O ki qaldı apellyasiya şikayətində qeyd edilmiş “narazı qaldığı inzibati aktın ləğvi ilə bağlı cavabdeh inzibati orqana əvvəllər də davamlı olaraq müraciət etməsi və müddətin bərpası ilə bağlı şifahi vəsatət versə də, buna məhkəmənin münasibət bildirməməsi” barədə dəlillərinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd etdiyi halı təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-6558/2021 saylı 26 avqust 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2021 saylı 26 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2817/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2817/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver