Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2817/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, X1, Ərizəçi İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA Universiteti”) “527 saylı xx.xx.2017-ci il tarixli sərəncamda zəruri dəyişikliklərin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-5764/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA Universiteti” üçüncü şəxslər qismində göstərilməklə) “ünvan 1 ünvanında yerləşən qaraj kompleksində iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinə aid hissəsinin çıxarılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamında zəruri dəyişikliklərin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 17 küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin (48 saylı qarajın) sahibidir və sözügedən əmlak ona bağışlama müqaviləsi əsasında keçmişdir. 2020-ci il iyulun əvvəlində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən onun qarajı qeyri-qanuni olaraq dağıdılmışdır və orada olan əmlakı itmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq bölməsində təhqiqat davam edir. Ona dəymiş maddi ziyanın ödənilməsi üçün göstərilən orqana qarşı inzibati iddia irəli sürmüşdür və məhkəmə araşdırması hələ bitməmişdir. Bu maddi ziyana müvafiq olaraq daxildir: dağıdılmış qarajın və ondan normal istifadə üçün zəruri olan sökülmüş giriş yollarının öz yerində bərpası üçün tələb olunan xərclər və məhv edilmiş qarajda saxlanılan, itmiş əmlakın dəyəri. Göstərilən iş üzrə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının “ADA Universiteti”nə “Tikintiyə icazə verilməsi haqqında” 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamı və onun əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırladığı 18/134 saylı 2018-ci il tarixli torpağın ayrılması haqqında akt mövcuddur ki, həmin aktla ayrılmış ərazi ona mülkiyyət hüququ əsasında məxsus 48 saylı qarajın torpaq sahəsini də əhatə edir. Belə ki, göstərilən torpaq sahəsinə dair öz hüquqlarını heç kimə verməmiş və qarajı öz yerində bərpa etmək niyyətində olduğundan, Bakı şəhəri İcra Hakimiyyəti başçısına və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinə müraciət etmişdir. Ərizədə müvafiq olaraq 527 saylı xx.xx.2017 tarixli sərəncamdan və 18/134 saylı 2018-ci il tarixli torpaq haqqında aktdan ona məxsus qarajın yerləşdiyi hissəni ümumi ayrılan hissədən çıxarılması üçün həmin sərəncama və akta zəruri dəyişikliklər edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq İdarəsindən cavab almışdır ki, torpağın ayrılması haqqında göstərilən akta onlar yalnız Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hər hansı dəyişiklik edə bilərlər. Cavabdehin cavab məktubunu 28 dekabr 2022-ci il tarixdə almışdır. Sözügedən məktubda ərizənin təmin edilməsindən imtina edilmiş və öz tələblərini məhkəməyə ünvanlanmaq tövsiyə olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “ADA Universiteti” iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-5764/2023 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-5764/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun və qanunvericilik normalarının sadalanması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iddia tələbi ünvan 1 ünvanında yerləşən qaraj kompleksində iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinə aid hissəsinin çıxarılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamında zəruri dəyişikliklərin edilməsidir. Mübahisələndirilən sərəncam ADA Universiteti”nin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsinə həmin Universitetə icazə verilməsi barədədir və iddiaçının hansı hüquqi marağına toxunması aydın deyil. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 527 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə hər hansı layihə təsdiq edilməmiş, yalnız layihələndirməyə icazə verilmişdir. İşin materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırladığı 18/134 saylı 2018-ci il tarixli torpağın ayrılması haqqında akt qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışaraq qeyd edir ki, hazırda iddiaçıya məxsus olmuş sözügedən qaraj artıq mövcud olmadığından iddiaçıya məxsus 48 saylı qarajın və qarajdan təyinatı üzrə istifadə edilməsi üçün zəruri olan və əsas yola çıxışını təmin edən sahənin yerləşdiyi torpaq sahəsinin layihəyə ayrıc aktı ilə daxil edilib-edilməməsinin araşdırılması, eləcə də, daxil edildiyi halda iddiaçıya hüquqi yardım göstərilərək tələbin ayrıc aktının mübahisələndirilməsi kimi dəyişdirilməsi iddianı uğurlu etməyəcəkdir. Odur ki, iddiaçıya çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma (imtina edilməsi halında müvafiq tələblə inzibati məhkəməyə) müraciət edilməsi hüququ izah edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(112)-5764/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2817/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2817/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver