Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2818/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1674/2024 saylı, 03 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X3 Agentliyinə (bundan sonra SOMDA) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmrinin ləğv olunması, onun SOMDA-da, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupuna əməkdaş - əməliyyat maşınının sürücüsü (baş çavuş) vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 fevral 2014-cü il tarixdən Xüsusi Dövlət Mühafizə Xidmətində, 16 mart 2020-ci il tarixdən Xidmətin adının dəyişməsi ilə bağlı SOMDA-da, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupuna əməkdaş əməliyyat maşınının sürücüsü (baş çavuş) çalışmış, xidmətdə olduğu dövrdə ona heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin 17 may 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı AR İXM ilə cərimə olunmağı səbəbindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndinə əsasən (xidməti uyğusuzluğa görə) SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin qərarla razı olmayaraq hesab edir ki, yol hərəkəti qaydalarının pozuntusuna görə xidmətdən ehtiyata buraxılmağı qanuni və əsaslı olmamış, o cümlədən illərdir qüsursuz xidməti, yaşı, gələcək iş həyatı, ailə vəziyyəti, öhdəsində iki azyaşlı övladının olması nəzərə alınmamışdır. Belə ki, 17 may 2023-cü il tarixdə əmək məzuniyyətinə çıxmaq barədə ərizəni yazıb, iş yerindən çıxıb özünə məxsus “Haval” markalı **-FN-*** dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evə gedərkən saat 13:20 radələrində N.Hikmət küçəsi Royal Parkın yanında dairədə öz yolunda olarkən tünd yaşıl rəngli “Niva” markalı avtomobil qarşısına çıxmış və həmin avtomobilin sürücüsünə iradını bildirdikdə həmin şəxs əsəbiləşərək əli ilə xoşagəlməz işarə etmiş və onun arxası ilə gedib saxlatdırmışdır. Aralarında söz mübahisəsi baş vermiş və sonra sürüb getmişdir. Biraz getdikdən sonra “Niva” markalı avtomobilin sürücüsü gələrək onu saxlamış və nalayiq söyüşlərlə təhqir etmişdir. Əsəbiləşərək avtomobildən enib ona yaxınlaşıb nəyə görə onu təhqir etdiyini soruşduqda adını sonradan bildiyi Nəriman adlı şəxs onu yenə təhqir etmişdir. Onun təhqirlərinə cavab olaraq eyni sözləri onun özünə aid olduğunu demişdir. Bu zaman Nəriman avtomobili arxaya sürmüş və iddiaçının avtomobilinə dəydikdən sonra oranı tərk etmişdir. Əsəbi soyumadığı üçün öz avtomobilinə əyləşib Nərimanın arxası ilə sürmüş və artıq Nərimana çatanda işıqla işarə edib onun avtomobili saxlamasını tələb etmişdir. Lakin ona məhəl qoymayaraq, əksinə avtomobilin əyləcindən istifadə edərək vəziyyəti daha da gərginləşdirmişdir. Nəriman əyləcdən istifadə edən zaman avtomobilinin qabaq hissəsi ilə üç dəfə iddiaçının avtomobilinə dəymişdir. Ara küçədə Nəriman sürətli sürərək sağa dönmək istəyən zaman avtomobilini saxlaya bilməmiş və “Niva” markalı avtomobilin arxa hissəsinə dəymişdir. Zərbədən “Niva” markalı avtomobil divara dəyərək dayandıqda iddiaçı sürüb oranı tərk etmişdir. Bir qədər getdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ondan sonra onları aidiyyəti üzrə Yasamal RPİ-nin TŞ-nə dəvət etdilər, orada öz aralarında anlaşılmazlıq olduğunu qəbul edib, barışmışlar və biri-birilərindən şikayətlərinin olmadıqlarını bildirmişlər. Bundan sonra Yasamal RPİ-nin TŞ-nin 30 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin hadisə ilə bağlı Nərimanla artıq barışdığı, İXM ilə cərimə olunduğu və həmin gün əmək məzuniyyətinə çıxdığı üçün, o cümlədən hadisənin elə də ciddi olmadığını hesab etdiyindən iş yerinə bu barədə məlumat verməmişdir. Lakin hadisədən sonra onu iş yerindən çağırıb xidmətdən ehtiyata buraxılmağı barədə əmr verildiyi bildirilmişdir. Həmin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmr şəxsən ona təqdim edilməmişdir, amma xidməti uyğunsuzluq halları olduğuna görə xaric olduğu barədə məlumat vermişlər. O cümlədən əsas kimi onu da gətirmişlər ki, idarəyə məlumat verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1674/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1674/2024 nömrəli iş üzrə 03 aprel 2024-cü il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının barəsində qəbul edilmiş əmr qanuni və əsaslı deyil, iddiaçının şəxsiyyətinə, ailə vəziyyətinə, yaşına, illərdi qüsursuz xidmət göstərməsinə, hadisənin ağırlıq dərəcəsinə və təqsirinə uyğun olmamışdır. Belə ki, daim xidmətdə intizamlı və dürüst olması nəzərə alınaraq iddiaçıya layiq olduğuna görə “baş çavuş” hərbi rütbəsi verilmişdir. Lakin bütün bunlara baxmayaraq, ilk dəfə yol verdiyi hər hansı səhvliyə görə həddindən artıq ağır cəza verilərək iddiaçını xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışlar. Halbuki, hadisədən də göründüyü kimi Nəriman adlı şəxsin nalayiq hərəkətləri onu sadalanan davranışı sərgiləməyə vadar etmişdir. Həmin şəxsin qərəzli və bilərəkdən etdiyi hərəkətlər iddiaçını onunla mübahisə etməyə sövq etmiş və hadisəni daha da ağırlaşdırmışdır. Lakin buna baxmayaraq, aralarında barışıq olmuş və sadəcə yol hərəkəti qaydalarının pozuntusuna görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə baxmayaraq, iddiaçını nə iki ay əvvəl xəbərdar etmişlər, nə xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbihəkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş təqdim edilməmiş, nə də ki, hər hansı söhbət aparılmamışdır. Göründüyü kimi onun barəsində verilmiş əmr qanunsuz olmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmri ilə Qaradağ regional idarəsinin hərbi qulluqçusu, baş çavuş İddiaçı xidmətdən kənar davranışı ilə hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə yol verdiyinə və xidməti uyğunsuzluğa görə xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmrindən görünür ki, İddiaçı xidmətdən kənar Bakı şəhəri, Yasamal rayonu ərazisində hüquqazidd əməllər törətməsi səbəbindən Polis idarəsinə dəvət olunaraq izahatının alınması və törətdiyi hadisə ilə bağlı idarəyə məlumat verməməsi barədə Agentliyin Qaradağ regional idarəsinin rəisinin raportu əsasında xidməti yoxlama aparılmışdır. Müəyyən edilmişdir ki, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupunun əməkdaş-əməliyyat maşının sürücüsü, baş çavuş İddiaçı hərbi qulluqçu kimi öz davranışı ilə başqa şəxslərə nümunəvi örnək olmalı, vətəndaşlarla ünsiyyətdə təmkinli davranmalı, o cümlədən, xidmətdən kənarda özünü ləyaqətli aparmaqla ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməli olduğu halda 17 may 2023-cü il tarixdə saat 13:00-da regional idarədə döyüş xidmətini başa vurduqdan sonra özünə məxsus “Haval” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində hərəkətdə olarkən rayonun F.Salmanov küçəsində yaranmış tıxac zamanı yolun sağ tərəfindən gələn vətəndaş X4 idarə etdiyi “Vaz 21-214” (Niva) markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığını bəhanə edərək əvvəlcə əl hərəkətləri və yüksək səslə çağıraraq Nəriman Əliyevə kobud şəkildə iradlarını bildirib, təkidlə ondan avtomobilini saxlamasını tələb etmiş, sürücü Nəriman Əliyev bir qədər irəlidə dayandıqdan sonra avtomobildən düşərək hərbçi kimi geyim formasına hörmətlə yanaşmalı olduğu halda, üzərində olan hərbi geyim formasına məhəl qoymadan Nəriman Əliyevin idarə etdiyi avtomobilə yaxınlaşaraq sağ ön qapısını açıb onunla yenidən mübahisə etməyə başlamış, aralarında yaranmış mübahisə zamanı Nəriman Əliyevin ona müqavimət göstərməsinin qarşısını almaq üçün avtomobilin dam hissəsində olan dəmir barmaqlıqdan tutub ayaqla ona zərbələr vurmuş, daha sonra isə bir neçə dəfə sonuncunun avtomobilinə təpiklə zərbələr endirmişdir. Baş çavuş İddiaçı törətdiyi nalayiq hərəkətlərlə kifayətlənməyib yenidən öz avtomobilinə əyləşərək, həmin vaxt hadisə yerindən uzaqlaşmağa çalışan Nəriman Əliyevin avtomobilini təqib edib Yasamal rayonu, Vasif Əliyev küçəsində ona çataraq öz avtomobili ilə bir neçə dəfə yüksək sürətlə Nəriman Əliyevin idarə etdiyi avtomobilin arxa hissəsindən vurmaqla zərbənin təsirindən sonuncunun yaxınlıqda olan yaşayış sahəsinin divarına çırpılaraq yol-nəqliyyat hadisəsi törətməsinə səbəb olmuşdur. Yoxlama zamanı, həmçinin, İddiaçı baş vermiş hadisə ilə bağlı birbaşa rəisinə müvafiq qaydada heç bir məlumat vermədən Yasamal rayon Polis idarəsinə gedərək izahat yazmaqla törətdiyi hadisəni xidmət etdiyi qurumdan gizlətməsi müəyyən edilmişdir. Etik davranış Qaydalarına əsasən İddiaçı hərbi qulluqçu kimi cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, hərbi geyim formasını ləyaqətlə daşımalı, xidmət etdiyi yerin və öz hərbi rütbəsinin şərəfini qorumalı olduğu halda, həmin tələblərə zidd olaraq hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Nizamnamələrinin və "Azərbaycan Respublikası Strateji X3 Agentliyinin hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. Mübahisələndirilən əmrdə haqlı olaraq göstərilmişdir ki, iddiaçı hərbi qulluqçu kimi öz davranışı ilə başqa şəxslərə nümunəvi örnək olmalı, vətəndaşlarla ünsiyyətdə təmkinli davranmalı, o cümlədən, xidmətdən kənarda özünü ləyaqətli aparmaqla ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməli olduğu halda, hətta üzərində olan hərbi geyim formasına məhəl qoymadan yuxarıda qeyd edilən əməli törətməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Nizamnamələrinin və "Azərbaycan Respublikası Strateji X3 Agentliyinin hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iş üzrə mübahisələndirilən inzibati akt iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrdir. Ehtiyata buraxılmanın əsasları və qaydası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir. Xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmin Nizamnamənin 42-ci maddəsinə əsasən, hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələbi əsassızdır. İddiaçının digər “vəzifəyə bərpa olunma və məcburi işburaxma dövrünə görə ödənilməli əmək haqqının hesablanaraq ödənilməsi” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “əmrin ləğvi” barədə tələbin təmin edilməməsi bu tələblərin də təmin edilməməsini şərtləndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1674/2024 saylı, 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2818/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2818/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver