Məhkəmə qərarları › İş №2-1(103)-2819/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2819/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2819/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-3645/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə əlaqədar cavabdehin hərəkət və hərəkətsizliyinin əsassız və qanunsuz hesab edilməsi, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 05 oktyabr 2021-ci il tarixli, **********5 №-li qərarın əsassız sayılmaqla ləğv edilməsi və ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin, ödənilməyən günlərə görə hissəsində hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə ona təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, onun "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəza-bərpa işləri çilingəri peşəsində işləməyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyil. Bu əsasdan çıxış edən cavabdeh 05 oktyabr 2021-ci il tarixli, **********5 №-li “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarla, 14 yanvar 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixə olan müddət ərzində ona artıq ödənilmiş 12348,02 (on iki min üç yüz qırx səkkiz) manat 02 qəpik pensiya məbləğinin 10 gün müddətində ünvan 1 ünvanında yerləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsinin ondan tələb olunması qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1998-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi qəzabərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,02 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və 9 iyun 2021-ci il tarixli **********3 nömrəli məktubla həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********5 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni; borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Buna görə də xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərar Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. 17 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, pensiyanın dayandırıldığı 2021-ci ilin mart ayından bərpa edilməsi, hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-3645/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli və “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarlarının ləğv edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı 01 mart 2021-ci tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1998-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,02 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsinin (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1998xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsində çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər vəzifəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli “Güzəştli arayışı”nda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1998-ci ildə Bakı Kanalizasiya İdarəsinin Xətai Sahəsinə kanalizasiya şəbəkələrinin qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, xx.xx.1999-cu ildən Nəsimi Sahəsinə həmin vəzifəyə köçürülmüşdür. xx.xx.1999-cu ildən Kanalizasiya İdarəsinə 6-cı dərəcəli çilingər işləmiş, xx.xx.2004-cü ildən Bakı Kanalizasiya Birliyinin ləğv olunması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2004-cü ildən xx.xx.2011ci ilədək Bakı Kanalizasiya Xidməti İdarəsinin Nəsimi qəza xidmət sahəsinin kanalizasiya şəbəkələrinin qəza-bərpa sahəsində 5-ci dərəcəli çilingər işləmişdir. xx.xx.2011-ci ildən hal-hazıradək Nəsimi Sukanal İdarəsində qəzabərpa işləri üzrə çilingər peşəsində çalışır. Buna görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə (XXXİİİ bölmə ümumi peşələr kod 23200000-18447) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verilir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinə əlavə olunmuş “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzşətli şərtlərlə yaşa görə pensiya dayandırılmışdır; Pensiya məbləği: 315,25 manat. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il tarixində anadan olmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2017- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12348,02 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yeləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (bank rekviziti əlavə olunur) qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarının təsdiq olunmuş surətindən görünür ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış yeri üzrə (ünvan 2) Suraxanı rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İdarənin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə (kanalizasiya xidməti üzrə) çilingəri İddiaçı vəzifə təlimatı üzrə aşağıdakı peşə funksiyalarını həyata keçirir: 1. Kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi; 2. Kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması; 3. Kanalizasiya xətlərində birləşmələrin edilməsi; 4. 12 m-dək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi; 5. Çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi; 6. Binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması; 7. Kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya). İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 57 yaşı tamam olanadək 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 57 yaşı tamam olanadək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 57 yaşının tamam olduğu tarixə (xx.xx.2017-ci il) ümumi stajının 25 ildən çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının xx.xx.1998-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır. İddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2300000-18447” kod ilə nəzərdə tutulan “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” peşəsi ilə uyğunluq təşkil etməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli “güzəştli arayış”ı ilə öz təsdiqini tapmışdır. Həmin arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, iddiaçının çalışdığı vəzifənin yuxarıda qeyd olunan kod ilə nəzərdə tutulmuş vəzifəyə uyğunluğu vurğulanmışdır. O cümlədən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən də güzəştli şərtlərlə pensiya hüququ olması göstərilmişdir. Həmin siyahının “35. Ümumi peşələr” bölməsində yuxarıda göstərilən vəzifə nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq, iddiaçının vəzifə təlimatı üzrə peşə funksiyalarına dair arayış təqdim edilmişdir ki, həmin arayışa əsasən, iddiaçının kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi; kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması; kanalizasiya xətlərində birləşmələrin edilməsi; 12 m-dək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi; çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi; binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması; kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması işlərini görməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının vəzifəsi qəza-bərpa çilingəri olsa da, əmək funksiyasını yeraltı kanalizasiya xətlərində icra etmişdir ki, bu da “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri”nin əmək funksiyası ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh imtinasında (etirazında) yalnız 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərara istinad etsə də, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən pensiya təyin edilməsi məsələsinə baxılarkən, 23 yanvar 2007-ci il tarixədək işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda zərərli vəzifə kimi göstərilməsi də nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 23 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir. “Yeni Qanun”a əsasən güzəştli şərtlərlə əmək pensiya təyin edilərkən, 23 yanvar 2007-ci il tarixədək olan dövr üzrə vəzifələrin (peşələrin) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə (peşə) olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci və 2-ci siyahılar üzrə yoxlanılmalıdır. Cavabdeh inzibati orqanın istinad etdiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 23 yanvar 2007-ci il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş, ... “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli ... qərarları qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olduğu 23 yanvar 2007-ci il tarixədək olan dövrdə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılar qüvvəsini saxlamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İddiaçının belə bir razılığının olmaması onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı ilə də təsdiqlənmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011 -ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi mövqeni hazırki işin hallarına tətbiq etdikdə belə nəticəyə gəlinir ki, inzibati orqan kimi pensiya təyin edən orqan da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi hazırkı mübahisəni tənzimləyən xüsusi normadır, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi isə bu mübahisənin tənzimləməsində ümumi norma kimi çıxış edir. Odur ki, hazırkı mübahisəni həll etmək üçün xüsusi normalara üstünlük verilməlidir. Bu yanaşma “lex specialis derogat legi generali”, yəni xüsusi qanun ümumi qanunu ləğv edir prinsipindən irəli gəlir. Nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarı qanunsuzdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “iddiaçıya ödənilən əmək pensiyası məbləğinin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissədə də təmin etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. Məhkəmə araşdırılması zamanı, iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməli və cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********5 nömrəli və “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilməli, iddiaçıya ödənilən əmək pensiyası məbləği dayandırıldığı 01 mart 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-3645/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar