Məhkəmə qərarları › İş №2-1(103)-282/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-282/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-282/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil Rərxan oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs: AR ƏƏSMN yanında DSMF-nin X6 İdarəsi) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun olaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsi və pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsini cavabdehlərin siyahısından çıxararaq üçüncü şəxs kimi işə cəlb edilməsi, iddia tələbindən «pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə həvalə edilməsi» hissəsinin çıxarılması və iddia tələbinin «Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun otaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsi» hissədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində işə cəlb edilmişdir. iddiaçı gömrük orqanlarında uzun müddət, 20 ildən artıq xidmət etdikdən sonra xx.xx.2014-cü il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiya hüququ verən xidmət illərinə görəkomitə sədrinin müvaflq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsindən Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ya təqdim edilən məlumat vərəqi əsasında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilənpul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında“ xx xxxxxx 2011-cil iltarixli, 388 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcinə daxil edilmiş və bunlara əsasən ümumi formalaşmış əmək haqqından iddiaçıya pensiya təyin edilmişdir. Büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr vədigər ödənişlər xx xxxxxx 2018ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ilin yanvar ayından təminat xərcliyindən çıxarılmışdır. «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işı sahəsində prosedurların sadələşdirilməsivə şəffaflığın artırılması ilə əlaqədar tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 fevral2011-ci il tarixli 388 nömrəli Fərmanına sonradan 2 dəfə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016 tarixli 810 nömrəli Fərmanıilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-i və xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60%-i Dövlət Gömrük Komitəsinin xüsusurütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, gömrük əməkdaşlarının vəzifə maaşına edilmiş yuxarıda qeyd edilmiş əlavələr (25%-in 60%-lə əvəz edilməsi) nəticəsində gömrük orqanlarında xidmət edən gömrük əməkdaşlarının əmək haqqı (təminat xərcliyi) artmış və 2019-cu ilin yanvar ayının birinə qədər gömrük orqanlarından pensiyaya çıxan gömrük əməkdaşlarına pensiya həmin artımla, 60% və digərləri ilə hesablanmışdır. Lakin gömrük əməkdaşlarının təminat xərcliynin artmasına baxmayaraq, iddiaçının büdcədənkənar inkişaf fondundan 25% əlavə ilə pensiyaya çıxmağına baxmayaraq, pensiyasında artım baş verməmişdir.Yuxarıda göstərilən qanunların tələblərinə görə gömrük əməkdaşlarının təminat xərcliyi artdıqca pensiya da artmalıdır. Hazırda təqaüdə çıxan gömrük əməkdaşlarının pensiyasıilə iddiaçının pensiyası arasında xeyli fərq var. Bu, həm qanuni cəhətdən, həmdə sosial ədalət prinsipi baxımından düzgün deyil. Gömrük əməkdaşlarının vəzifə maaşlarına edilmiş Azərbaycan Respublikası Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcliyi kimi qəbul edilib və iddiaçıya pensiya təyin olunarkən nəzərə alınmış, lakin təminat xərcliyinin həmin hissəsi artanda, 60% olanda onun pensiyasında artım baş verməmişdir. Bununla bağlı iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək, pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi ücün gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60 faiz əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000210/2xx-xx/027156 saylı cavab məktubu ilə imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə göndərməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsi həmin məlumat vərəqinə əsasən pensiyanı yenidən hesablamalı və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsini təmin etməlidir. Oxşar mübahisələrlə bağlıartıq daha əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən müvafiq qərarlar - X5 işi üzrə 2-1(102)-1461/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qərar, X1 işi üzrə 2-1(102)-1463/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qərar, X4 işi üzrə 2-1(102)- 1842/17saylı, xx xxxxxx 2017-ci il tarixli qərar, Vəkil işi üzrə 2-1(102)-1348/19 saylı, xx xxxx 2019-cu il tarixli qərar və digər onlarla qərarlar vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəasını şərh edir. Qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququolan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur». İddiaçı gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 25% əlavəni alıb, sosial sığortasını ödəyib, həmin əlavə iddiaçının təminatı xərcliyinin tərkib hissəsinə daxil edilib və verilib. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsiolan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, iddiaçı həmin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%ni aldığına və sosial sığortasını ödədiyinə, həmin əlavə iddiaçının təminat xərcliyinin tərkib hissəsinə daxil edildiyinə və verildiyinə görə onun təminat xərcliyində artım baş verib və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarına görə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilməsi iddiaçı üçün «sonrakı artım» hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə iddiaçının təminat xərcliyində sonrakı artım baş verdiyinə görə və Konstitusiya Məhkəməsinin qərarına görə büdcədənkənar inkişaf fonduna daxil olan 60% vəsait «sonrakı artımlar» hesab olunduğuna görə pensiyayenidən hesablanmalıdır, bunun üçün isə cavabdeh təminat xərcliyində baş vermiş sonrakı artıma görə yeni məlumat vərəqəsini DSMF-nin X6 İdarəsinə göndərməlidir. İddiaçı üçün büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i xidmət etdiyi dövrdə aldığı və dövlət sosial sığortasına cəlb olunan əlavəyə edilən artımdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Həmçinin, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 2014-cü ildən pensiya təyin olunub. İddiaçının pensiyasına onun maaşının 25 %-i əlavə olaraq hesablanıb. Ona görə də Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 %-nin, daha sonra isə 60 %-nin Azərbaycan Respublikası Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilməsi ilə əlaqədar olan dəyişiklik iddiaçıya tətbiq olunmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı işlədiyi zaman onun maaşına edilən 25 % əlavəni alıb. Daha sonra isə əlavənin fazi artıtılaraa 60 % olub. Hal-hazırda əlavənin 60 % olaraq hesablanmasını xahiş edirik. Şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, büdcədənkənar ödənişlərə sosial ödənişlər hesablanmadığı üçün pensiya ödənilərkən həmin əlavələr hesablanmır .Şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-3465/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2014-ciildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilədəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Hazırda iddiaçı həmin Fərman tətbiq edilməklə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələbetdiyi 60 faiz əlavəni işlədiyi dövrdə almadığı üçün həmin əlavə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göründüyü kimi iddiaçı gömrük orqanlarında çalışdığı zaman “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizindən hesablanan əlavəni almışdır. Həmin əlavədən məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. İddiaçıya 2014-cü ildən pensiya hesablanmışdır. İddiaçının tələb etdiyi gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizindən hesablanan əlavə isə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə artırılmışdır. İddiaçı çalışdığı dövrdə 25 faizdən hesablanan əlavəni aldığı üçün həmin məbləğ onun pensiyasına hesablanmışdır. Həmin əlavədən məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün əlavəyə olunan artım iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3465/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar