Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-282/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) “əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7018/2021 saylı 19.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avqust 1993-2021-ci illər üçün ödənilməmiş əmək haqqına görə 462.000 manat, əmək haqqının gecikdirilməsinə görə 79.000 manat və 100.000 manat məbləğində mənəvi zərərin, 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyətlərinə görə ödənclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Dövlət Gömrük Komitəsinin 26.03.1996-cı il tarixli 203 nömrəli əmri ilə qanunsuz olaraq Xudafərin Gömrük idarəsinin rəis müavini vəzifəsindən azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2- 725/1996 saylı qətnaməsi ilə tutduğu vəzifəyə işə bərpa edilsə də, qanuni qüvvəsini almış qətnamə 23 ildir ki, icra olunmur. Hesab edir ki, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqı ona ödənilməlidir. Həmçinin 1993-1996-cı illərdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almaq hüququ da var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7018/2021 saylı 19.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsinin 26.03.1996-cı il tarixli 203 nömrəli əmri ilə Xudafərin Gömrük idarən rəis müavini vəzifəsindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli, 2-725/1996 saylı qətnaməsi ilə tutduğu vəzifəyə işə bərpa edilmişdir. Məhkəmə tərəfindən işə baxılarkən məhkəmə iclasında prokuror F.Hüseynbəylinin iştirakı təmin olunmuş, Bas prokurorun müavini İsa Nəcəfov tərəfindən protest verilmişdir. Sonradan İcra vərəqəsi tərəfindən DGK-nə təqdim edilmiş 2004-cü ilə qədər hər dəfə müxtəlif vəzifələr təklif olunmuş və yenə də icra olunmamışdır. Məhkəmə öz qərardadında ona istinad etmişdir ki, AR İPM-nin 35.1-ci maddəsinin tələbi baxımından iddiaçı inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. O, hüququn pozulduğunun nədən ibarət olduğunu əsaslandıra bilməsə belə, qanunverici hansı iddia növlərinin mümkün sayıla bilməməsini İPM-nin 35-ci maddəsində göstərmişdir. Həmin maddənin məzmununa görə yalnız: 1. mübahisələndirmə haqqında, 2. məcburetmə haqqında, 3. öhdəliklərin icrası haqqında 4. müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılmaya bilər. Göründüyü kimi onun tələbi bu iddia növlərindən hər hansı biri deyildir. Onun tələbi əmək haqqının ödənilməsi barədədir. Yəni, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində (məhkəmə qətnaməsinin icra edilməməsi səbəbindən) ona vurulmuş ziyanla bağlıdır. Əgər məhkəmə qətnaməsi icra olunmuş olsaydı, ona hər hansı maddi zərər və ya mənəvi ziyan dəyməmiş olacaqdır. Digər tərəfdən məhkəmənin qənaətincə o, qətnamə üzrə icra icraatının olduğu mərhələdə xidmətə bərpa edilmədən onun hansı vəzifəyə bərpa ediləcəyi və alacağı əmək haqqı məlum olmadan, yəni hazırkı halda inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı maddi və mənəvi ziyan tələbini irəli sürmüşdür. Birincisi məhkəmə özü sübut etdi ki, ona maddi və mənəvi ziyan dəymişdir ki, bu da mümkünsüzlüyə dair iddia növlərinin heç birinə aid deyildir. İkincisi məhkəmə müəyyən edə bilməmişdir ki, onun tələbi qətnamənin icrası ilə bağli deyildir. O, qətnamə icra olunmadığından bu tələbi irəli sürmüşdür. Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli, 2-725/l996 saylı qətnaməsində ağ-qara həriflərlə yazılıb ki, o, tutduğu vəzifəyə işə bərpa olunsun və onun məcburi proqul etdiyi 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesabı ilə 139807 manat tutularaq ona ödənilsin. Onun hazirki tələbi isə bu dövrə aid deyil. Onun tələbi 26.03.1996 və sonrakı illərə aiddir. Yəni, tələb məhkəmə qətnaməsinin icra olunmamasına görə qətnaməyə aid olmayan illər üçün dəymiş ziyan barədədir. Məhkəmə müəyyən edə bilməmişdir ki, əmək haqqı hansı formada hesablanır. Orta əmək haqqı əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Deməli aylıq orta əmək haqqının hesablanması üçün işçinin hansı vəzifəyə bərpa olunmasının əhəmiyyəti yoxdur. Çünki ödənişdən əvvəlki iki ay nəzərə alınır. Məhkəmə müddətə aid normaları tətbiq etməklə kobud səhvə yol vermişdir. Onun tələbi, hər hansı inzibati aktla bağlı deyildir. Məhkəmənin istinad etdiyi normalar inzibati aktlara aiddir. Məhkəmə 1971-ci il AR ƏQM-nə istinad edərək bildirir ki, hüququnun pozulmasını bildiyi andan qanunda nəzərdə tutulmuş müddətdən istifadə etməmişdir. Məlum edir ki, əvvəla o, həmin hüquqdan istifadə etmiş və məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 31.05 1996-cı il tarixli, 2-725/1996 saylı qətnamə ilə öz əvvəlki tutduğu vəzifəyə işə bərpa olunmuşdur. Digər tərəfdən qanunverici məhkəmə tərəfindən istinad olunan ƏQM-nin 228-ci və 294.4cü maddəsində nəzərdə tutulmuş “işçi” dedikdə işəgötürənlə faktiki əmək münasibətlərində olmanı nəzərdə tutur. Onun fəaliyyətinə isə, işçi kimi 1996-cı ildə xitam verilmişdir. Məhkəmə öz qətnaməsində norma olmamasına istinad edərək tələbin bir hissəsindən imtina etmişdir ki, bu da yolverilməzdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) avqust 1993-2021-ci illər üçün ödənilməmiş əmək haqqına görə 462000 manat, əmək haqqının gecikdirilməsinə görə 79000 manat, 10000 manat məbləğində mənəvi zərərin və 2) 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq ona ödənilməsi. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və tələbin birinci hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməsinə dair Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli 2-725/1996 nömrəli qətnaməsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmədiyindən təkrar icra vərəqəsi verilmiş və 24.04.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən sonra qeyd olunan qətnamə 08.11.2019-cu il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. İddiaçı isə qətnamə üzrə icra icraatının olduğu mərhələdə xidmətə bərpa edilmədən, onun hansı vəzifəyə bərpa ediləcəyi və alacağı əmək haqqı məlum olmadan, yəni hazırki halda inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı maddi və mənəvi ziyan tələbini irəli sürmüş, yəni konkret hüquqlarının pozuldugunu əsaslandırmamışdır. Məhkəmə tələbin ikinci hissəsi inzibati orqandan 1993-1996-cı illər üçün almadığı məzuniyyət pulunun tələb etməsi ilə bağlı isə qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İddiaçı 1993-1996-cı illər üçün almadığı məzuniyyət pulunu tələb etdiyi dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İddiaçının iddia tələbinin 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsinə dair hissəsi bu baxımdan mümkün hesab edilməməlidir. Belə ki, mübahisəyə qanunun zamana görə müddəası ilə yanaşsaq 10.12.1971-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məzuniyyət pul ilə əvəz olunmasına yol verilmir. Bəhs olunan Məcəllənin 228-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün isə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu baxımdan da məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürülmüşdür. Eyni zamanda məhkəmə iddia mümkün sayılmadığından, iddiaçıya birinci tələblə bağlı izah etmişdir ki, inzibati orqanın qətnaməni qərəzli şəkildə icra etmədiyi hal sübut olunarsa həmin orqana qarşı gələcəkdə dəymiş ziyan tələbini irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın birinci hissəsi ilə bağlı iddianın mümkün sayılmaması barədə mahiyyəti üzrə düzdün nəticəyə gəlsə də hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddiaçının iddia tələbinin birinci hissəsindən görünür ki, iddiaçı Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar avqust 1993-2021-ci illər üçün ödənilməmiş əmək haqqına görə 462000 manat, əmək haqqının gecikdirilməsinə görə 79000 manat, 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin edilməsinə dair Yasamal Rayon Xalq Məhkəməsinin 31.05.1996-cı il tarixli qətnaməsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilməmiş təkrar icra vərəqəsi verilmiş və 24.04.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən sonra qeyd olunan qətnamə 08.11.2019-cu il tarixdə icra edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İddia ərizəsinin mahiyyətindən də görünür ki, iddiaçı mülki mübahisə zamanı qəbul edilmiş qətnamənin icra edilməsini tələb edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin icra edilmədiyindən cavabdehdən iddia edilən əmək haqqının gecikdirilməsinə görə 79000 manat və 10000 manat məbləğində mənəvi zərərin ödənilməsinin tələb edilməsi ilə bağlı münasibətlərdə cavabdeh orqan xüsusi hüququn subyekti - mülki dövriyyənin iştirakçısı kimi çıxış edir. Çünki əsassız varlanma anlayışı çərçivəsində cavabdehə ünvanlanmış pul tələbi ilə bağlı münasibətlərdə cavabdeh inzibati orqan yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini və eyni zamanda iddiaçının publik hüquq sahəsindən irəli gələn hüquqların təmin edilməsi ilə bağlı fəaliyyətini həyata keçirmir. Mübahisələndirilən hüquq publik hüquq sahəsinə aid edilən hüquq olmamaqla Mülki Məcəllənin mühafizə predmetinə aiddir və həmin hüququn təmin edilməsinə, yaxud edilməməsinə cavabdeh orqan tərəfindən qərar verilməsi cavabdeh orqanın müstəsna hakimiyyət səlahiyyətlərinə aid olmayaraq mülki hüquq və vəzifələri ilə bağlıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının iddia tələbinin ikinci hissəsindən görünür ki, iddiaçı 1993-1996-cı illərin istifadə edilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Belə ki, 10.12.1971-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 228-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün isə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın ikinci hissəsində iddia müddəti ötürülmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§20-21). İPM-nin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7018/2021 saylı 19.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-282/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-282/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver