Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-282/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin 22-1(112)-2843/2022 saylı, xx.xx.2022-ci il qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İşin hallarından göründüyü kimi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. Xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilən faktlardan biri də o olmuşdur ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən pərakəndə qaydada hər hansı satış həyata keçirilməmişdir. Bu da onu göstərir ki, iddiaçı yalnız topdansatış fəaliyyəti məşğul olur. İddiaçı MMC-nin əsas fəaliyyət növü alkoqollu və digər içkilərin topdansatışıdır. Həmçinin bildiririk ki, vergi ödəyicisinin vergi orqanında qeydiyyata alınmış və AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) ev.2071-ci məhəllə ünvanında yerləşən yalnız bir təsərrüfat subyekti olmuş, həmin təsərrüfat subyekti topdansatış məqsədləri üçün istifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********3688 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində-(anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib olunmuş və 1.767.659,38 manat dəyərində malların elektron qaiməfaktura təqdim edilmədən satılması əsası ilə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli inzibati aktla 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarla iddiaçı MMC-yə 176.765,94 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Hazırda iddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyindən yanlış nəticəyə gəlinmişdir. Kollegiya ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən zaman yoxlanılan fəaliyyət dövrü ilə bağlı ümumi tənzimləyici normaların düzgün təhlilini aparsa da, işin digər əsas faktiki hallarına hərtərəfli yanaşmamışdır. Belə ki, mübahisənin həlledici məqamı orqan tərəfindən yoxlanılan dövr ilə bağlı deyil, iddiaçının topdansatış və ya pərakəndə satış fəaliyyəti ilə məşğul olmasının əsasları və qanuniliyi ilə bağlı olmuşdur. Məhkəmə yekun mövqeyində qeyd etmişdir ki, “... şəxsin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12- ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. ...” AR Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. AR Vergi Məcəlləsinin 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti keçirilə bilər. İşin hallarından və apelyasiya şikayətinin məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisinin elektron qaimə fakturalarının araşdırılması zamanı 2 794 470 ədəd içkilərin alındığı, elektron qaimə-faktura əsasında 2 119 523 ədəd içkilərin satıldığı müəyyən edilmiş, operativ vergi nəzarəti zamanı isə anbarda 31 745,00 ədəd mal qalığı aşkar edilmişdir. Beləliklə, ümumilikdə 643 202,00 ədəd (2 794 470 -2 119 523-31 745) malın əskik gəldiyi, topdan qaydada elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC-nin əsas fəaliyyət növünün alkoqollu və digər içkilərin topdansatışı olması ilə bərabər pərakəndə satış fəaliyyət növünün də qeydiyyatdan keçirilmiş olması, həmçinin, MMC tərəfindən vergi nəzarəti daxilində müəyyən edilmiş “643 202,00 ədəd əksik mal”ın pərakəndə qaydada satılmış olması işin mübahisəsiz halıdır. Belə ki, bu hal iş materialları və iddiaçı tərəfin izahatları ilə də öz təsdiqini tapır, əksi iddia edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarfnm 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Göründüyü kimi, vergi ödəyicisinin pərakəndə satış məqsədləri üçün istifadə etdiyi təsərrüfat subyekti olmalı, satış da həmin təsərrüfat subyektindən həyata keçirilməlidir. İşin hallarından isə aydın olur ki, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. Belə ki, iş materiallarından aydın olmuşdur ki, vergi ödəyicisi MMC-nin qeydiyyata alınmış və AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) ev.2071-ci məhəllə ünvanında yerləşən yalnız bir təsərrüfat subyekti olmuş, həmin təsərrüfat subyekti topdansatış məqsədləri üçün istifadə edilmişdir. Belə ki, apelyasiya şikayətinə əlavə edilmiş, iddiaçı ilə icarəyə verən arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/2021 saylı icarə müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən icarəyə verən tərəfindən iddiaçıya 350 kv.m. sahəsinin anbar və ofis məqsədləri üçün istifadəyə verildiyi təsbit edilmişdir. İş materiallarında da həmin obyektin pərakəndə satış məqsədləri üçün istifadə edilməsi və ya iddiaçının pərakəndə satış üçün digər təsərrüfat subyektinin olmasına dair hansı sübut mövcud olmamış, iddiaçı tərəfindən təqdim edilməmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. xx.xx.2019-cu il tarixdən qüvvədə olan AR VM-in 58.13-cü maddəsinə əasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. AR Konstitusiyasının 73-cü maddəsinin İ maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, istədiyi kimi sərancam vermək hüququna malik deyil və bu pul mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də, vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərildiyi kimi vergi ödəmək konstitusiya vəzifəsi şəxsi-hüquqi deyil, ümumi-hüquqi xarakter daşıyır. Bu ümumi vəzifənin icra olunmaması nəticəsində büdcəyə dəymiş ziyanın yerinin doldurulması məqsədilə, qanunverici dövlətin qanuni tələblərinə riayət edərək, məcburiyyət tədbirləri müəyyən etmək hüququna malikdir. ... Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasının ayrı-ayrı hallarına görə vergi orqanı rəhbərinin (rəhbərin müavininin) qərarı ilə tənbeh tədbirlərinin növləri kimi çıxış edən maliyyə sanksiyaları və faizlər tətbiq olunur. Vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər təqsirli vergi ödəyicilərinə büdcə və büdcədənkənar fondlara vergilərin, məcburi ödənişlərin ödənilməsi ilə bağlı vəzifələri lazımi qaydada icra etmək üçün tətbiq olunan təsir tədbirləridir.” Məhkəmə kollegiyası qeyd edilən mövqeyi nəzərə alaraq əlavə edir ki, hər bir sansksiya nəzərdə tutan norma digər bir normanın dispozisiyasında nəzərdə tutulmuş göstəriş-tələblərin hüquq subyekti tərəfindən düzgün yerinə yetirilməsinə xidmət edir. Yuxarıda qeyd edilən topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutan 58.13-cü normanın qanunvericiliyə əlavə edilməsi də öz növbəsində cəmiyyətin ümumi-hüquqi mənafeyinin müdafiə edilməsi məqsədi daşımaqla dövlət büdcəsinin artırılmasına xidmət edir. Hazırki işin faktiki hallarına əsasən isə, vergi ödəyicisinin fəaliyyətinin həm topdansatış, həm də pərakəndə satış növü qeydiyyata alınmış olsa da, pərakəndə satış edilməsi üçün ödəyicinin təsərrüfat subyekti olmadığı halda, topdansatış fəaliyyətinə xidmət edən obyektindən (Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbar) Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.63-cü maddəsinin tələblərini pozmaqla, obyektin təsəsrrüfat növünə uyğun topdansatış qaydasında elektron qaimə təqdim etməklə satmaq əvəzinə, pərakəndə qaydada mallar (643 202,00 ədəd əskik mal) satmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozmaqla topdansatış obyektindən pərakəndə qaydada satış aparmış olması işin hallarından öz əksini tapır. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, işin yuxarıda sadalanan faktiki halları iddiaçı MMC-yə maliyyə sanksiyası tətbiq edilməsinə əsas olmuş əksik malın da pərakəndə qaydada və elektron qaimə təqdim edilmədən satılması nəticəsinə gəlməyə imkan verir. Yuxarıda sadalananlara əsasən, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli vergi orqanın qərarı qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, cavabdehin apelyasiya şikayəti isə əsaslı olduğundan apelyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi rədd edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabedhin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2843/2022 saylı, xx.xx.2022-ci il qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-282/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-282/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver