Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-282/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan "X5 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin qadağan edilməsinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7860/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan "X5 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin qadağan edilməsinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı mülkiyətində olan ’’X5 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini özgəninkiləşdirmək üçün Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh nəqliyyat vasitələri üzərində alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən imtina etmişdir. Sonradan cavabdehə rəsmi qaydada müraciət olunaraq bu barədə məlumat verilməsi və maneənin aradan qaldırılması xahiş olunmuşdur. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-28326-2222 nömrəli məktubu ilə müraciətə cavab verilərək göstərilib ki, DİN Baş X7 İdarəsinin informasiya sistemində həmin avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən hüquqi şəxsin xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qanunsuz olaraq məhdudiyyət qoyulduğu üçün, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam verə bilmir. Məhkəmənin qərarı olmadan mülkiyyətçi öz əmlakları üzərində DİN Baş X7 İdarəsi tərəfindən sərəncam vermək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb. Məhkəmənin 2-1(112)-7860/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Məhkəmə qəbul etdiyi qərardadda bir sıra hüquq normalarına istinad edərək qərardadı onunla əsaslandırır ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində "X6 LC200" markalı **-AA-***, "X6 LC150" markalı **-PR-*** və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət mövcuddur. Cavabdeh iddiaçıya bildirmişdir ki, nəqliyyat vasitələrinin üzərindən məhdudiyyətin götürülməsi barədə DİN-in Baş X7 İdarəsinə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergi Nazirliyinin müvafiq məktubu təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı iddiadan görünür ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmənin 2-1(112)-7860/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (İ, İİ, İİİ və İV hissə). Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi iddiaçının Konstitusiya ilə qorunan hüquqları cavabdeh inzibati orqan tərəfindən pozulmuş, məhkəmə isə qəbul etdiyi qərarla iddiaçının Konstitusiya ilə qorunan məhkəmə müdafiəsini pozmuşdur. Azərbaycan Respublikası İPMnin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki hallarından göründüyü kimi, iddia tələbinin əsası cavabdeh inzibati orqanın hansısa inzibati aktı qəbul etməsi ilə əlaqədar olmayan, müəyyən hərəkətlərin edilməsinə dair, yəni iddiaçının mülkiyyətində olan daşınar əmlaklar üzərində iddiaçı tərəfindən sərəncam vermək hüququna cavabdeh tərəfindən yaranmış maneənin qadağan edilməsi təşkil edir. Məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilən hallar, yəni hazırki iş üzrə iddiaçı hüquqi şəxsin faktiki rəhbəri kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanılış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 özünün və yaxın qohumlarının əmlakları üzərinə həbs qoyulması barədə müvafiq qərarın olması işin faktiki halları ilə, o cümlədən iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, iş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarlarından göründüyü kimi, qeyd edilən cinayət işinin başlanılmasına əsas verən qərarlar, yəni Vergi Ərazi İdarəsi tərəfindən tərtib edilmiş qərarlar, inzibati qaydada məhkəmədə mübahisələndirilərək ləğv edilmişdir. Məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarına istinad edərək göstərir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. Bir daha qeyd etməyi zəruri hesab edirlər ki, hazırki iddia tələbi ilə yuxarıda göstərilən cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın hər hansı bir əlaqəsi yoxdur. Xüsusilə də məhkəmə cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarını səhv təfsir etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qərarını əsaslandırmaq üçün istinad etdiyi prosessual qanunvericilikdə cinayət prosesini həyata keçirən orqanın hansı qərarlarından şikayət verilməsi sadalanmışdır. Hazırki iş üzrə iddia tələbi isə cinayət prosesini həyata keçirən orqanın hansısa qərar və ya prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi və ya ləğv edilməsi deyil, məhz cavabdeh Baş X7 İdarəsinin qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırımasının qarşısının alınmasına yönəldilmişdir. Cavabdeh orqan məhkəməyə iddiaçının əmlakı üzərində özgəninkiləşdirmənin qadağan edilməsi barədə hər hansı bir məhkəmə və ya cinayət prosesini həyata keçirən orqanın prosesual qərarını təqdim edə bilməsə də, məhkəmə belə bir halın ola biləcəyi ehtimalı ilə əsaslanaraq qanunsuz nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-666/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1033/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-666/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1033/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarında qeyd edilir: İşin hallarından həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsi 12 avqust 2022-ci il tarixli məktublarla həm Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə müraciət edərək nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə məhkəmənin və ya müstəntiqin qərarının, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə ünvanlanmış Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubunun məhkəməyə təqdim olunmasını tələb etmişdir. Lakin məhkəmənin sözügedən sorğuları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cavablandırılmamış, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə sorğuların cavablandırılmadığını, beləliklə də, iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılmamış qaldığını nəzərə almadan işi yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsinin 31 avqust 2022-ci il tarixli iclas protokolundan isə müəyyən olunur ki, hakimin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair nə məhkəmənin, nə də müstəntiqin həbs qərarı yoxdur, buna görə də məsələnin məhkəmə nəzarəti qaydasında baxılması üçün qərar yoxdur, bu, inzibati orqanın hərəkətidir. Beləliklə, məhkəmələr mübahisəyə baxılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan işə baxmışlar. Belə ki, sözügedən nəqliyyat vasitələrinin üzərinə cinayət təqibini həyata keçirən orqanların (məhkəmənin, müstəntiqin) qərarı əsasında həbs qoyulub-qoyulmadığı məsələsini məhkəmə araşdırmasının nəticəsində dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmələr, həmçinin məhdudiyyətin hüquqi əsası kimi göstərilən Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubunu da əldə etməklə tədqiq etmədən qərar vermişlər. Qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir. Ona görə də təkrar apellyasiya baxışında qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir. Bu halların aydın və dürüst müəyyənləşdirilməsi məhkəmə aidiyyətinin həllinə təsir edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, "X6 LC 150" minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, "X6 LC 150" minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X6 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan “AK X2” MMC-nin xx.xx.2019-cu il tarixli yeni redaksiyada nizamnaməsindən görünür ki, həmin nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının və hüquqi ünvanının dəyşdirilərək “AK X2” MMC-nin yeni redaksiyada nizamnaməsidir. İş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “AK X2” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində "X6 LC200" markalı **-AA-***, "X6 LC150" markalı **-PR-*** və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət mövcuddur. Nəqliyyat vasitələrinin üzərindən məhdudiyyətin götürülməsi barədə DİN-in Baş X7 İdarəsinə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergi Nazirliyinin müvafiq məktubu təqdim edilməlidir. İkinci apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1033/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qərarında qeyd olunan göstərişə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə müvafiq sorğu göndərilərək iddiaçıya məxsus iddia tələbində göstərilən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə məhdudiyyətin qoyulub-qoyulmaması barədə məlumatın, əgər məhdudiyyət qoyulmuşdursa, buna əsas olmuş müraciət və sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-26970/2024 nömrəli məktubda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında "X6 LC200" markalı **-AA-***, "X6 LC150" markalı **-PR-*** və "X6 LC150" markalı **-PS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı və məhdudiyyətin qoyulmasına əsas olmuş xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubun surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubundan görünür ki, “AK X2” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********0 nömrəli Əmlakın siyahıya alınması haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8-1. … Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. 89.11. Vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən vergi öhdəliyi yerinə yetirilmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Əmlakın siyahıya alınması haqqında qərar çıxarılmış və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məktub ünvanlanmış, həmin məktub əsasında iddiaçıya məxsus "X6 LC200" markalı **-AA-***, "X6 LC150" markalı **-PR-*** və "X6 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudiyyət qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İddiaçı müvafiq vergi orqanına qarşı vergi borcunu mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bundan başqa, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-282/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-282/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver