Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2820/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6531/2023 saylı, 13 aprel 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialı tərəfindən 30 iyun 2022 il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, Əmək Pensiyasının «Əmək Pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2022 ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. 1977 – 1981-ci il tarixlərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 60 yaşı tamam olan günə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşədə 12 il 6 aydan çox müddətdə əmək stajı toplamışdır. İddiaçı 60 yaşdan pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan iddiaçının müraciətinə imtina vermişdir. İmtina əsası odur ki, iddiaçının çalışdığı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onlar təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər hansı məlumat göstərilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuzdur. Belə ki,qanunvericiliyin tələbinə görə şəxsin işlədiyi vəzifənin ona xüsusi şərtlərlə əmək pensiyası hüququnun verməsi və ya verməməsi iş yerindən verilən arayış ilə təsdiq olunur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən "xxxx" QSC tərəfindən verilən xx.xx.2022 il tarixli arayiş cavabdeh təşkilata təqdim olunmasına baxmayaraq arayışa düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız, qanunsuz cavab verilmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən xx.xx.2023-cü il tarixli 3-17.1/2-0-10393/2023 nömrəli məktubla imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda iddiaçının xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixdən bugünədək X4 Aeroportunda rəngsaz peşəsində işlədiyi qeyd edilib. Lakin həmin sənədlərdə rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman iddiaçının tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər-hansı məlumat göstərilməyib. Göstərilənlərə və əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6531/2023 nömrəli, 13 aprel 2023-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda iddiaçının xx.xx.2004xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixdən bugünədək X4 Aeroportunda rəngsaz peşəsində işlədiyi qeyd edilib. Lakin həmin sənədlərdə rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman iddiaçının tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər-hansı məlumat göstərilməyib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının olması işin mübahisələndirilməyən halıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022- ci ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. ДТ-İ 759860 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1977-1981-ci illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində tərtibatçı rəssam ixtisası üzrə təhsil almışdır. НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1982-ci ildən xx.xx.1984cü ilədək hərbi xidmətdə olmuşdur. ИТ-0935735 NÖMRƏLİ əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1981-ci ildən bu günə kimi əmək fəaliyyəti ilə məşğul olur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 40 ilə yaxındır. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar nəzərdə tutulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 oktyabr 2022-ci tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən X2 Baş İdarəsinin Xüsusi Avtomobil Nəqliyyatı İdarəsinin rəngsazı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il 04 ay 23 gün təşkil edir. İş əsnasında o, xüsusiyyətləri avtomobillərin və mexanikləşdirilmiş vasitələrinin ban və şassilərinin korroziyaya uğramış hissələrin müxtəlif ölçülü sumbata kağızı və kimyəvi vasitələri ilə təmizləyir. Yenidən boyanacaq hissələrin səthlərinin sürtülməsi, müxtəlif kimyəvi məhllular olan aseton və həlledici vasitələrlə yuyub təmizləyir. Təmizləndikdən sonra düzəldilməsi üçün bərkidici kimyəvi qatqılı məcun çəkir və sumbata kağızı ilə sürtür. Boya işlərinin aparılması qapalı şəraitdə təzyiqli boyapüsqürücü vasitəsilə yerinə yetirir. Təyinatından asılı olaraq boya işlərində nitro, yağlı və korroziya əleyhinə olan kimyəvi tərkibli boyalardan istifadə edir. Avtomobillərin və mexanikləşdirilmiş vasitələrin boyanan hissələrinin quruması üçün tərkibi tez quruducu kimyəvi qatqılardan istifadə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 35 nömrəli vəzifə koduna – rəngsaz uyğundur. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli sorğusuna "xxxx" QSC tərəfindən verilmiş cavab məktubunda İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair 2-1(103)-2820/2023 saylı inzibati iş ilə əlaqədar sorğu edilən xx.xx.2004-xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixindən hazırkı dövrədək olan dövrlər üzrə güzəştli şərtlərlə pensiya hüquqi ilə bağlı bildirilir ki, hazırda qüvvədən düşmüş lakin sorğu edilən müvafiq dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİl.Ümumi peşələr” bölməsinin on yeddinci sətrinə və qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “35.Ümumi peşələr” bölməsinin 35-ci sətrinə əsasən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüquqları vardır. Yuxarıda qeyd edilən dövrlərdə X4 Aeroportunda rəngsaz peşəsində çalışmış İddiaçı təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə (məsələn, B-646 həlledisi - 3 sinif təhlükəli) işləmişdir. B-646 həlledicisinin tərkibi zəhərli olan 7% asetondan, 8% etil sellülozdan, 10% butanoldan, 10% butil asetatdan, 15% etanoldan və 50 faiz toluoldan ibarətdir. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının iddia tələbi məhz ona 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi də məhz iddia tələbi həcmində mübahisəni araşdırmışdır. Əvvəlki dövrlər üzrə ödənişlə bağlı isə tələb olmasa da qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6531/2023 nömrəli, 13 aprel 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2820/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2820/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver