Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2820/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa sosial müavinətin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə sosial müavinətin təyin edilməsi və həmin vaxtdan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci ildə X4 ilə nikaha daxıl olmuşdur. Onların birgə nikahlarından xx.xx.1982-ci ildə Kəmalə adlı uşaqları doğulub. X8 xx.xx.2001-ci il tarixdən müddətsiz birinci dərəcə əlilldir. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında psixiatrik kabinetdə qeydiyyatdadır və idiotiya xəstəliyindən əziyyət çəkir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1162/2018 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz elan edilmişdir. O, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 252 №-li Sərəncamı ilə qızı üzərində qəyyum təyin edilmişdir. 1-ci qrup əlil qızına qulluq etdiyinə görə yaşa görə sosial müavinət təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, ”... təqdim edilmiş sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik”’ altsistemində olan məlumatlara əsasən X1 18 yaşına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2001 - ci il tarixində müəyyən edilmişdir) əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Çox ağır maddi vəziyyətdə yaşayır. Həyat yoldaşı X4 300 manata yaxın pensiya alır, başqa heç bir gəlir yeri yoxdur. Onun işləməyə heç bir imkanı yoxdur. Belə ki, günün 24 saatı xəstə uşağına baxır. Bir ana kimi uşağının qayğısına qalır. Lakin maddi imkanı heç onun dərmanlarını almağa da çatmır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtinasına uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşım tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə sosial müavinətin təyin edilməsi və həmin vaxtdan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1963-cü il təvəllüdlü İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək 1-ci dərəcə əlil övladı X3 qulluq etdiyinə görə pensiya yaşı 5 il azaldılmaqla ona yaşa görə sosial müavinətin təyin edilməsini xahiş etmiş, ona ünvanlanan imtina məktubunda övladının 18 yaşa çatanadək əlilliyinin müəyyən edilməməsi səbəbindən ona “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi ilə yaşa görə sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, əlilliyin müəyyən edilməsinə dair qərar 18 yaşdan sonraya aiddir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladı X1 18 yasına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2001-ci il tarixdə müəyyən edilmişdir) ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yasa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən əlillik müddəti birbaşa həmin tarixdən götürülməlidir (2-1(102)- 1907/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərar). Bundan başqa birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının övladının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş sənədlərə əsasən əlilliyin 18 yaşdan əvvələ aid olduğu, yanlız formal olaraq qiymətləndirmənin 18 yaşdan sonra həyata keçirildiyi qeyd edilmişdir. Sözügedən əsasa münasibətdə bildiririlir ki, iddiaçının övladının əlillik müayinəsinə dair TSEK-in müayinə aktından çıxarışda şəxsin anadangəlmə əlilliyinin olması qeyd edilməmişdir. Belə ki, təqdim olunan çıxarışda anadangəlmə idiotiya ifadəsi qeyd edilmişdir ki, bu ifadənində məzmunu əlilliyin anadangəlmə olması kimi qiymətləndirilə bilməz. Bu halda xəstəliyin anadangəlmə olması və sonrakı inkşaf dövründə müəyyən məhdudiyyətlərdə özünü göstərməsi və son olaraq 18 yaşdan sonra əlilliyə səbəb verməsi kimi dəyərləndirilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda iş üzrə iddiaçının qızının tibbi kartasının çıxarışından görünür ki, X5 1 qrup əlildir. xx.xx.1983-cü il tarixdə 7 aylıq olanda başdan travma, xx.xx.1985-ci il tarixdə ensefalopatiya, intellektin və hərəkətin zəifliyi, qıcolma sindromu ilə, xx.xx.2001-ci il tarixdə ensefalopatiya motorafoziya, epilektik cəngolmaları ilə, kəskin psixomotor oyanıqlıq ilə, intellektin imbisillik dərəcəsində enməsi ilə qısa anamnez qeyd edildiyini bildirmişdir. İstinad olunan xəstəlik əlamətlərindən də göründüyü kimi iddiaçının övladı X1 xəstəlik əlamətləri müxtəlif dövrlərdə fərqli əlamətlərlə qeyd edilmişdir. Belə ki, 1985-ci ilə aid əlamətlər ensefalopatiya, intellektin və hərəkətin zəifliyi, qıcolma sindromu, 2001-ci ilə aid əlamətlər ensefalopatiya motorafoziya, epilektik cəngolmaları ilə, kəskin psixomotor oyanıqlıq ilə, intellektin imbisillik dərəcəsində enməsi ilə qısa anamnez kimi qeyd edilmişdir. Göründüyü kimi sonrakı dövrlərdə xəstəliyin inkşafı ilə əlaqədar olaraq şəxsə yanlız 2001-ci ildə əlillik əlamətləri müəyyən edilərək təyinat verilmişdir. Qanunvericilik normalarına əsasən şəxs məhz TSEK-in əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul etdiyi tarixdən əlilliyi olan şəxs hesab olunur. Nəzərə alınmalıdır ki, Fond qanunvericiliklə müəyyənləşdirilmiş əsaslar olduğu təqdirdə müvafiq sosial ödənişləri həyata keçirən qurumdur. Qeyd edilən qərar olmadığı halda, göstərilən şəxslərin “əlilliyi olan şəxs” statusuna sahib şəxs kimi qiymətləndirilməsi və onlara əlilliyi olmayan dövr üzrə Fond tərəfindən müvafiq ödənişlərin verilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-cü maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Bundan başqa 3.3-cü maddədə qeyd edilir ki, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan qəbul edilmiş qərar ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, xəstə övladına uşaqlıqdan qulluq etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdirlər. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçının tələbindən göründüyü kimi, o, 1-ci dərəcə əlil övladı, X3 qulluq etdiyinə görə pensiya yaşı 5 il azaldılmaqla ona yaşa görə sosial müavinətin təyin edilməsini tələb edir. Belə ki, işə əlavə olunmuş, AR ƏƏSMN MEİS-dən çıxarılmış əlillik haqqında arayışdan (i.v.15) görünür ki, tddiaçının X8ya xx.xx.2001-ci il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur və bu hal tərəflər arasında işin mübahisələndirilmyən halıdır. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçının qızı, Kəmalə Xəlilovanın əli1liyi 18 yaşına çatanadək müəyyən edilmədyi halda, onun pensiya yaş həddi Əmək pensiyaları haqqında Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq, 5 il azaldılmaqla, ona “Sosial müavinətlər haqqında” qeyd olunan 7.0.2-ci maddəsinin tələbi qaydasında sosial müavinət təyin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fizikipsixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxsdir. Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti başçısnm Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-5/2-2186/2023 saylı arayışından görünür ki. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü övladı Kəmalə Xəlilovanı 8 yaşadək özü böyüdüb tərbiyə etmişdir. Belə ki, X8nın işə əlavə olunmuş tibbi kartasından (çıxarış) görünür ki, xx.xx.1983-cü il tarixdə 7 aylıq olanda başından travma, xx.xx.1985-ci il tarixdə ensefalopatiya, intellektin və hərəkətin zəifliyi, qıcolma sindromu ilə, xx.xx.2001-ci il tarixdə ensefalopatiya motorafoziya, epilektik cəngolmaları ilə, kəskin psixomotor oyanıqlıq ilə, intellektin imbisillik dərəcəsində enməsi ilə qısa anamnez diqnozu üzrə xəstəlikdən əziyyət çəkir. Bundan əlavə, işə əlavə olunmuş Sabunçu rayon Məhkəməsinin 2(008)-1162/2018 saylı 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Ambulator Məhkəmə Psiiatrik Ekspertizası tərəfindən verilmiş 1280 saylı xx.xx.2018-ci il tarixli rəyində qeyd olunmuşur ki, “X2 dərin kəmağıllıq xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar, 8 aylığından aldığı travmadan sonra nevroloji əlamətlərin meydana çıxması, psixi inkişafdan geri qalması, əqli geriliyi ilə əlaqədar İ qrup əlil olması, bir yerdə qərar tuta bilməməsi, ünsiyyətə çətinliklə daxil olması, nitq qabiliyyətinin praktiki olaraq inkişaf etməməsi, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz qorxular keçirməsi, yaddaş və intellekfunksiyalarının son dərəcə zəif olması, daim kənar şəxslərin qulluğuna ehtiyacı olması və sair sübut edir. Odur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan heasb edilməlidir” (Sabunçu RİH başçısının 252 Nömrəli 05 avqust 2019-cu il tarixli sərəncamı ilə iddiaçı qızı qızı üzərində qəyyum təyin edilmişdir). Tədqiq olunan əlillik haqqında arayışda da, məhz, onun 2001-ci il tarixdə müddətsiz 1-cü qrup əlilliyi iideotiya diaqnozu əsas götürülmüş və qeyd olunmuşdur ki, başqasının qulluğuna daim ehtiyacı var. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının xx.xx.1982-ci il təvəllüdlü qızı hələ 1983-cü ildə 7-8 aylığında ikən başından travma almış, qeyd olunan xəstəlikləri üzündən uşaqlıqdan sağlamlıq imkanları məhdudlaşmış, daim kənar şəxslərin qulluğuna ehtiyacı olmuş, onun bu ehtiyacı isə anası (iddiaçı) tərəfindən təmin edilmişdir. Lakin qeyd olunanlara baxmayaraq, yəni, tam mənada onun uşaqlıqdan qeyd olunan ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, 1-ci qrup əlilliyi yalnız 18 yaşı bitdikdən bilavasitə sonra, 2001-ci ildə rəsmiləşdirilmişdir. Oxşar hallara dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-2925/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “... Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkıişə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 01 fevral 2022-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 15 noyabr 1984-cü ildə qəbul edilsə də, tibbisosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Kollegiya hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır...” Biirinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə Ali Məhkəmənin qərarında istinad edilən hüquqi mövqeyini hazırkı işə də tətbiqini mümkün hesab edərək qeyd etmişdir ki, Ali Məhkəmənin qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Qərara görə, əlillik əslində anadangəlmə mövcuddursa və bu hal işdə olan mötəbər sübutlarla təsdiq olunursa, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradır. Göründüyü kimi iddiaçının qızının xəstəliyinin uşaqlıqdan olması iş materiallarında olan tibbi sənədlərə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən öz təsdiqini tapır. Ona görə də, cavabdeh orqanın yalnız bu əsasa, yəni iddiaçınını qızının əlillik tarxinin 18 yaşdan sonra olmasına istinad etməsi ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi razılaşaraq hesab edir ki, iddianın təmin edilməsi barədə gəldiyi nəticə mahiyyəti üzrə işin hallarına və maddi hüquq normalarına uyğundur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulamaqla, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2820/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2820/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver