Məhkəmə qərarları › İş №2-1(103)-2820/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2820/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2820/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

2. İddiaçıya məxsus, xx.xx.2017-ci il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixədək etibarlı olan Pakistan İslam Respublikası vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Pakistan Respublikası, Lahor şəhərində doğulmuşdur, əri X8 Muqtada, milliyyəti isə pakistanlıdır.

3. 13.12.2016-ci il tarixdə verilmiş, xx.xx.2021-ci il tarixədək etibarlı olan Pakistan İslam Respublikası vətəndaşının pasportunun surətindən görünür ki, X8 Muqtada xx.xx.1964-cü ildə Pakistan Respublikası, Karachi şəhərində doğulmuşdur, milliyyəti pakistanlıdır.

4. X4 Kilsəsinin Yığıncağı (Pakistan) tərəfindən verilmiş nikah şəhadətnaməsinin surətindən görünür ki, X8 Muqtada (38 yaş) ilə İddiaçı (19 yaş) arasında nikah bağlanmışdır. -27 dekabr 2022-ci il tarixli Forma 113 “Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında” əvəzləmə kartından görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı 23 dekabr 2022-ci il tarixdə, 39 həftəlik hamiləliklə xəstəxanaya daxil olmuş, 3500 çəkidə, 52 sm boyunda oğlan uşağı dünyaya gətirmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X10 şəhadətnamədən görünür ki, pakistan vətəndaşı olan, Bakı şəhəri, Nəsimi rayonunda daimi yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə, hamiləliyinin 39-cu həftəsində 3500 çəkidə, 52 sm boyunda oğlan uşağı dünyaya gətirmiş, 4 gün sonra evə yazılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, o, cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsi 10 mart 2023-cü ildə daxil olmuş ərizəyə cavab verməmişdir. İşin mübahisəsiz halına görə İddiaçı 23 dekabr 2022-ci il tarixdə uşağı dünyaya gəlmişdir. Qeyd olunan hal X10 Şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Bildirilir ki, İddiaçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış X6 malik olan şəxsdir. Onun şəxsiyyətini təsdiq edən sənəd məhz həmin X5. Bununla yanaşı iddiaçı tərəfindən Pakistan İslam Respublikası tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Həmin vəsiqələrin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud olmaması başadüşüləndir, çünki sözügedən informasiya sistemində yalnız Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən verilən sənədlərin qeydiyyatı aparılır.

8. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.

14. Qanunvericliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. - 146.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. 157-ci maddəsinə əsasən xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir. 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. 164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7- ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

23. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 23 dekabr 2022-ci ildə Bakı şəhərində doğulmuş övladının doğumunun qeydə alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir.

24. İşin apellyasiya baxışı zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirmişdir ki, Pakistan İslam Respublikası vətəndaşları cənab KHAN X7 və xanım İddiaçı xx.xx.2020-ci il tarixindən BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyata alınmışlar. Onlar BMT QAK-ın mandatı əsasında qaçqın olaraq tanınmışlar. Onlar xx.xx.2020-ci il tarixində 9xx-xx-00027 qeydiyyat qrupu altında təqdim etdikləri: xanım İddiaçı 04 noyabr 2017-ci il tarixdə rəsmiləşdirilən AG6916164 nömrəli etibarlı pasportu (bu sənəddə onun ərinin adının cənab KHAN X2 qeyd olunmuşdur) və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilən MS-08-2020 nömrəli 24 yanvar 2020-ci il tarixli Müvəqqəti Şəhadətnamə əsasında evli olaraq BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyata alınmışlar.

25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd.

26. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini, qeydiyyatın aparılması üçün tələb olunan sənədləri aydın şəkildə göstərmiş və valideynlərin nikah haqqında şəhadətnaməsinin olmasını doğumun qeydiyyatı üçün məcburi göstərişlə şərtləndirmişdir. Lakin hazırkı halda iddiaçı tərəfindən qeyd olunan əsasın təqdim edilməsi müəyyən edilmir. Çünki, iddiaçının nikahını təsdiq edən sənəd kimi istinad etdiyi nikah şəhadətnaməsi iddiaçı ilə uşağın atası arasında nikahın bağlanmasına dair mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən məhkəmə sorğusuna verilən cavabındanda bəlli oldu ki, tərəflərin nümayəndəlik tərəfindən ər arvad kimi qəbul edilməsi iddiaçının pasportunda olan qeydin səlahiyyətli dövlət orqanı tərəfindən deyil, kilsə yığıncağı tərəfindən verilmiş nikah kağızı əsasında aparılmışdır.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar