Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2821/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3099/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (müddətin bərpası barədə ərizəyə) 29 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3099/2019 saylı 14 noyabr 2019cu il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin üzürlü hesab edilərək bərpa edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3099/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə iddiası rədd olunsa da, sonradan məhkəmənin 29.12.2019-cu il tarixli məktubu ilə onun iddia tələbinin təmin olunduğu, qərarın 29.12.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyi bildirilmiş və 25.01.2020-ci il tarixədək qərarın icra olunaraq bu barədə məlumat verilməsi qeyd olunmuşdur. Buna görə də o, iddiasının təmin olunduğu üçün qərarın icra olunmasını gözləmişdir. Sonradan qərarın icra olunmadığını və bu günlərdə ona iddia tələbinin təmin olunmadığının məlum olduğunu bildirmişdir. Ona görə də məhkəmə qərarından apellyasiya şikayəti vermə müddətini üzrlü olaraq buraxdığından həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiyanın mümkünlüyü məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) baxılması 29.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi müddətin bərpası ilə bağlı verilmiş ərizəyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası müddətin bərpası barədə ərizəyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 14.11.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3099/2019 saylı 14.11.2019-cu il tarixli qərarı poçt vasitəsilə 14 noyabr 2019-cu il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 29.11.2019-cu il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə (i.v.38) qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda 14.11.2019-cu il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 29.12.2019-cu il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti rabitə orqanına poçt zərfinin üzərindəki ştempelə əsasən 27.09.2021-ci il tarixdə təqdim olunmuş, məhkəməyə isə 01.10.2021-ci il tarixdə daxil olmuşdur ki, bununla da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini onunla izah etmişdir ki, məhkəmə qərarı ilə iddiası rədd olunsa da, sonradan məhkəmənin 29.12.2019-cu il tarixli məktubunda onun iddia tələbinin təmin olunduğu, qərarın 29.12.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyi və 25.01.2020-ci il tarixədək qərarın icra olunaraq bu barədə məlumat verilməsi qeyd olunmuş, buna görə də o, qərarın icra olunmasını gözləmişdir. Yəni, əslində məhkəmə qərarı ilə iddiasının rədd edilməsinin ona bu günlərdə məlum olduğunu bildirmişdir. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı iddiasının rədd edilməsi ilə bağlı çıxarılmış məhkəmə qərarını 29.11.2019-cu il tarixdə (i.v. 38) almışdır. Məhkəmənin 29.12.2019-cu il tarixli məktubu ilə 14.11.2019-cu il tarixli qərarın 29.12.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyi və buna görə cavabdeh inzibati orqandan həmin qərarın 25.01.2020-ci il tarixədək icra edilərək bu barədə məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı 23.01.2020-ci il tarixli məktubundan sonra birinci instansiya məhkəməsi onun cavabdehə icra üçün göndərdiyi 29.12.2019-cu il tarixli məktubunun səhv olduğu üçün icra edilmədən məhkəməyə qaytarılmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçı 14.11.2019-cu il tarixli məhkəmə qərarı ilə iddiasının rədd edilməsindən 29.11.2019-cu il tarixdən etibarən məlumatlı olsa da (həmin qərarı rəsmi qaydada almışdır), həmin qərarı qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində mübahisələndirməmişdir. O ki qaldı məhkəmə qərarı ilə iddiaçının iddiası rədd olunsa da, həmin qərarın icra olunması ilə bağlı məhkəmənin səhvən göndərdiyi 29.12.2019-cu il tarixli məktuba, Kollegiya nəzərə alır ki, həmin məktub iddiaçının məhkəmə qərarını 29.11.2019-cu il tarixdə aldıqdan 30 gün keçəndən sonra- 29.12.2019-cu il tarixdə qərarın icrası ilə bağlı göndərilmiş, yəni bu 30 gün müddətində (məktub göndərilənədək) iddiaçı həmin qərarla narazı idisə onu mübahisələndirməmişdir. Başqa sözlə, 29.12.2019-cu il tarixli məktuba əsasən məhkəmə qərarının icra olunmasını gözləyən iddiaçı 29.12.2019-cu il tarixli məktub barədə yalnız bu tarixdən sonra məlumatlı ola bilərdi ki, onda da artıq məhkəmə qərarıından apellyasiya şikayəti vermək üçün müddət tərəfindən ötürülmüşdü. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin məhz 29.12.2019-cu il tarixli məktubla əlaqələndirilib onun üzrlü səbəbdən ötürülməsi barədə gətirdiyi arqumentlər qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Hazırki işdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməməklə yanaşı, həmin müddət bitdikdən sonra da onun üzrlü səbəbdən ötürülməsinin əsası kimi istinad etdiyi halların baş verməsindən (29.12.2019-cu il tarixli məktubu aldıqdan sonra həmin məktubda məhkəmə qərarının 25.01.2020-ci il tarixədək icra olunması göstərildiyi üçün həmin tarixdən) dərhal sonra deyil, xeyli müddət keçdikdən sonra, yəni təxminən 1 il 9 ay sonra məhkəməyə müraciət etmişdir. X2 Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Digər tərəfdən, həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı məhkəmə qərarına qarşı şikayəti ən geci 1 il müddətində verə bildiyi halda, bu müddəti də keçirmişdir. Beləliklə, məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən ötürüldüyü üçün onun bərpası ilə bağlı verilmiş ərizə təmin edilə bilməz. Odur ki, iddiaçının “müddətin bərpası” ilə bağlı verdiyi ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3099/2019 saylı 14 noyabr 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azad İmanov
Məhkəmə qərarları › İş №2-1(103)-2821/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2821/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver