Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2822/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı inzibati iddiası üzrə Açar söz: pensiyanın qaytarılması X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiyanın qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4171/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İşin mübahisəsiz halıdır ki, cavabdehə xx.xx.2006-cı il tarixdə sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmiş, xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasında hər ay 475,41 manat məbləğində, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 592,98 manat məbləğində pensiya ödənilmişdir. 2.İddiaçı iddia edir ki, Dövlət Sosial Müdafiə Fondunda aparılmış audit araşdırmaları zamanı cavabdehə xx.xx.2020-ci il tarixədək 38426,33 manat artıq pul vəsaiti ödənilmişdir. 3.Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tələb edilərək 10 gün müddətində filialın hesabına ödənilməsi barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmişdir. 4.Cavabdehə xx.xx.2021-ci il tarixli məktubla müraciət edilərək artıq ödənilmiş 38426,33 manat məbləğin büdcəyə bərpa edilməsi məqsədi ilə pensiyadan tutulmanın aparılması üçün yazılı razılıq təqdim edilməsi xahiş olunmuşdur. 5.Cavabdehin pensiya işində olan sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 38426,33 manat manat pensiya məbləğinin tutulması tələbini irəli sürmüşdür. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan cavabdehə məxsus pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 30 may 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 217,00 manat, qulluq stajına görə əlavəsi 34,35 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 27,18 manat olmaqla orta aylıq əmək haqqı 278,53 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (278,53 manat) 80 faizi-222,82 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 475,41 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 16418,35 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, qulluq stajına görə əlavəsi 54,61 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 43,21 manat olmaqla orta aylıq əmək haqqı 442,82 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (442,82 manat) 80 faizi-354,26 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 592,98 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 12174,72 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 5 ay 10 gün qulluq stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 51,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 380,00 manat, qulluq stajına görə əlavəsi 60,15 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 47,60 manat olmaqla orta aylıq əmək haqqı 487,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (442,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (487,75 manat) arasındakı fərq məbləğinin (44,93 manat) 51,25 faizi 23,03 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (354,26 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 377,29 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 629,44 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 4538,70 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavəsi 90,23 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 71,40 manat olmaqla orta aylıq əmək haqqı 731,63 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (487,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (731,63 manat) arasındakı fərq məbləğinin (243,88 manat) 51,25 faizi-124,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (377,29 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 502,28 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 833,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5294,56 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də, idarə tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS750281651AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin ünvanının tam olmaması səbəbindən sözügedən X4 geri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 8.Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-4171/2022 saylı qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. 9.Məhkəmə iş üzrə qəbul etdiyi qətnaməni belə əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllədə inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən edilmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
10. İddiaçı cavabdehin hər hansı digər gəlirlərinin olduğunu müəyyən etməmiş, eləcə də inzibati icraat zamanı vətəndaşın iştirakını təmin etməmişdir.
11. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilmədiyindən və həmin hallara istinad edilmədiyindən iddia tələbi təmin edilməməlidir. 12.Məhkəmə hesab etmişdir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması iddiaçının fərdi hallarına uyğun olaraq (yaşı, əlilliyi və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.
Apellyasiya instansiyası məhkəməsində icraat 13.Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-4171/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14.Cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı barədə göndərilmiş bildiriş çatmadığından məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. 15.Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
16.Tətbiq edilən hüquq
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 39.1-ci maddə- artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu : 13.1-ci maddə- İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 17-ci maddə Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddə-İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddə- təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddə-inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddə- inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 21.1-ci maddə- qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddə-qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1-ci maddə-inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.5-ci maddə-maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddə- maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddə-bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllə: 68-ci maddə- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 17.Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 18.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. 87.8-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, hazırkı halda cavabdehə artıq pensiya ödənilməsi dövlət mənafeyinə ziyan vurduğundan məhkəmə “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə istinad edərək iddia tələbini təmin etməli idi.
21. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən artıq ödənilmiş pensiyanın geri alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilmədiyindən, pensiyanın geri alınması barədə inzibati akt qəbul edilərkən cavabdehin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati icraat zamanı iştirakı təmin edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
22. Apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təyin edilmiş əmək pensiyasının hesablanması barədə əvvəlki qərarlar (inzibati aktlar) ləğv edilmədiyindən hazırkı halda iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-cı maddəsinə (qanunsuz əlverişli inzibati aktın ləğv olunması əsasları) istinad edilməsi əsassızdır. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
24. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verilmədiyindən və mübahisə işin faktiki hallarına uyğun həll edildiyindən mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
25. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətin təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4171/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4171/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.