Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2822/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2- 1(112)-2640/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin pensiyanın yenidən hesablanması barədə 27 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, pensiyadan tutulmaların qadağan edilməsini, pensiyadan tutulmuş məbləğlərin aylıq pensiya məbləğinə əlavə edilməklə ona qaytarılması, yığılmış pensiya kapitalına əsasən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə isə Agentlik ləğv edilərək həmin bazada Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hansı ki, bu təşkilat dövlət idarəsi yox təsərrüfat hesablı idarə sayılır. Baxmayaraq ki, tam olaraq büdcədən maliyyələşib. Nazirliklər üzrə həmin vaxt şöbə müdir müavinin əmək haqqısı 1270 manat olub. Komitə üzrə 1240 manat olub. Buna baxmayaraq Nazirlər Kabineti və Maliyyə Nazirliyinin onların əmək haqqını Komitə yox nazirliyin ştat cədvəli səviyyəsində təsdiq etmişdir. 2015-ci ildə o, yaşa görə pensiyaya çıxıb və ona 921 manat pensiya təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra 6 il işləyib. 2016-cı ildə Binəqədi Rayon Sosial Müdafiə fondunda aparılan təftiş zamanı aşkar olunub ki, ona pensiya hesablanan zaman səhvə yol verilib. Belə ki, onun orta aylıq gəliri 1362 manat qulluq stajı isə 14 il olmaqla 70 faiz götürülməlidir. Nəticədə yoxlama zamanı pensiyası 953 manat təyin olunaraq təsdiq edilmişdir. 2023-cü ilin may ayında cavabdeh orqana müraciət edərək pensiyaya çıxdıqdan sonra 6 il işləməyini və işlədiyi müddət ərzində pensiya fonduna vəsait toplanmışdır. Həmin vəsaitin pensiyasına əlavə edilməsini və pensiyanın yenidən hesablanmasını xahiş edib, ərizə ilə müraciət edəndən sonra aldığı 1721 manat pensiya azaldılaraq 1642 manat etmişlər. Onun razılığı olmadan pensiyadan əlavə tutulmalar etmişlər. May ayında əlavə olaraq 158 manat tutulub. Əlavə olaraq 75,84 manat maddi yardıma görə pul vəsaiti artıq ödənilmə kimi qeyd edildiyindən əmək pensiyasından tutulmuşdur. Hazırda 1642 manat pensiya alır. Cavabdeh orqan tələb edir ki, qalan pulun tutulmasına razılıq ərizəsi versin. Hesab edir ki, ondan artıq pul tutulması düzgün hesablanmamış pul ona geri qaytarılmalıdır. Bununla bağlı əmək pensiyamın yenidən hesablanması barədə cavabdeh orqana müraciət edib. Cavabdeh orqan isə “əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsinin 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan qanuna uyğun əmək pensiyasını hesablamışlar. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, 2018-ci ilin 25 iyun 142 nömrəli Fərman 15 dekabr 2022ci il tarixdə ləğv edilmişdir. Cavabdeh orqan 2023-cü ilin may ayından 6 ildə pensiya fonduna yığılan vəsaitinə baxmaq əvəzinə 2022-ci ildə ləğv olunmuş 142 saylı Fərmanı əsas gətirərək 2018, 2019, 2020, 2021 2022 və 2023-cü illərdə aldığı pensiyanı yenidən təftiş ediblər. Ona görə də hesablama düzgün aparılmamışdır. Həmçinin 2023-cü ilin mart ayına kimi 1501 manat pensiya alıb. Aprel ayında isə pensiyası artaraq 1721 manat olmuşdur. Sığorta fond məbləği 27668 manat yox 23836 manatdır. Sığorta fondunda səhv hesablamaya görə aldığı pensiya az göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 iyul 2015-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 750,00 manat, qulluq stajına görə əlavə 117,53 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 112,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 250,00 manat olmaqla orta aylıq əmək haqqınız 1330,03 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 10 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1330,03 manat) 70 faizi-931,02 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 10 ay 4 gün dövlət qulluğu stajınıza görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 46,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq stajına görə əlavə 129,28 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 123,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 275,00 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 1453,03 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1330,03 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1453,03 manat) arasındakı fərq məbləğinin (123,00 manat) 46,11 faizi-56,72 manat 01 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (931,02 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 987,74 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1240,00 manat, qulluq stajına görə əlavə 194,31 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 413,33 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 2133,64 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1453,03 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2133,64 manat) arasındakı fərq məbləğinin (680,61 manat) 46,11 faizi-313,83 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (987,74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1301,57 manat məbləğində hesablanmalı olduğu halda, 1364,72 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçının müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiçıya 2526,00 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, iddiaçının pensiyansının (1301,57 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə 14,7% indeksləşdirmə nəzərə alınmaqla 01 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1642,19 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6568,76 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6887,44 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 318,68 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2390,00 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 75,84 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 75,84 manat pul vəsaiti cari ilin may ayında iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(112)-2640/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı pensiyasından tutulmaların Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi, İddiaçı pensiyasından tutulmuş məbləğlər onun aylıq pensiya məbləğinə əlavə edilməklə ona qaytarılması və yığılmış pensiya kapitalına əsasən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında heç bir mübahisənin mövcud olmadığını, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 iyul 2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə əmək pensiyasının yenidən hesablanaraq iddiaçının tələbinin təmin edildiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən - İddiaçı pensiyasından tutulmaların qadağan edilməsi, pensiyasından tutulmuş məbləğlərin onun aylıq pensiya məbləğinə əlavə edilməklə ona qaytarılması və yığılmış pensiya kapitalına əsasən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması cavabdeh tərəfindən təmin edildiyindən artıq tərəflər arasında hər-hansı mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2822/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2822/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver