Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2823/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6596/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və X1na qulluq etdiyi dövrləri nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə anadan olan X1 anadangəlmə “Ağır dərəcəli kəmağıllılıq, Kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kobud, nitq və davranış pozuntusu ilə, iki tərəfli neyrosensor kartiq. İki tərəfli xr.İİİ-İV dərəcəli ağır eşitmə. Vegetativ damar distoniyası.oumüştərək çəpgözlük - Müddətsiz”. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı var*. X1 anadan qüsurlu doğulduğundan və “kənar şəxsin daimi köməyinə ehtiyacı olduğundan”, yəni bir an belə tək qalması mümkün olmadığından, oğlu barədə müvafiq sənədlərin toplanılmasını əri X12 həyata keçirmiş və bu səbəbdən uşağa qulluğu faktiki olaraq o, həyata keçirsə də, oğlunun xəstəliyi ilə bağlı sənədləşmələr ərinin adından icra olunmuşdur. Eyni zamanda əri X2 1999-cu ildən baştayaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, şəxsi avtomobili ilə tikinti bazarında vətəndaşlara yük daşınmasını həyata keçirmiş, 2006-cı ildə nəqliyyat departamenti yarananda, departamentdə qeydiyyata durmuşdur. Əri mütəmadi olaraq səhər saat saat 09-dan, axşam saat 21 radələrinə kimi işdə olmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2/005/-1636/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və İddiaçı xx.xx.2000-ci il təvəllüdlü xəstə X1na qəyyum edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Tibbisosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində İ dərəcə əlilliyi müəyyən edilmiş övladı X4 qəyyumu atası X2 qeyd edildiyi üçün isə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı tərəfindən təqdim edilən Dost Xidməti Mərkəzi tərəfindən tərtib edilən **********254 nömrəli ərizə qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt tərtib olunarkən şəxsə hansı tarixdən hansı tarixədək qulluq edilməsi və aktın tərtib olunma tarixi qeyd edilməlidir. Eləcə də qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Lakin iş materiallarında belə bir qulluq aktı mövcud deyildir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6596/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X15 pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı oğu X6 qulluq etdiyi dövrləri nəzərə alaraq ona 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6596/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki: - İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür - ИТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək (5 il 4 ay 8 gün), xx.xx.1991-ci il tarixindənm xx.xx.1992-ci il tarixinədək (7 ay 3 gün), xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək (1 il 2 ay 1 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur (ümumi 7 il 1 ay 12 gün). - X2 ilə X3 xx.xx.1990-cı ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir. - Birgə nikahlarından 27 oktyabr 2000-ci ildə Elşad adlı oğlanları doğulmuşdur. - Elşad Bədəlov sağlamlıq imkanlarının məhdudluğu ilkin olaraq xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və bir il müddətinə (xx.xx.2004-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmiş, növbəti dəfə vətəndaşa xx.xx.2004-cü il tarixində təkrar olaraq təyin edilmiş ümumi xəstəlik səbəbindən 2 il müddətinə (xx.xx.2006-cı ilədək) sağlamlıq imkanları məhdudluğu hər dəfə 2 il olmaqla xx.xx.2008-ci il tarixinədək qüvvədə saxlanılmışdır. Sonuncu dəfə E.Bədəlovun əlillik vəziyyəti xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. - Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin arayışına əsasən İddiaçı X7 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 149 №-li, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən İddiaçı xx.xx.2000-ci il təvəllüdlü xəstə oğlu X10 qəyyum təyin edilmişdir. - İddiaçıya xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. - İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, “təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız (xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək övladınız X6 qulluq etdiyiniz dövr də nəzərə alınmaqla) 10 il 11 ay 27 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində İ dərəcə əlilliyi müəyyən edilmiş övladınız X4 qəyyumu atası X2 qeyd edildiyi üçün həmin dövrlərin sizin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İ dərəcə əlilliyi müəyyən edilmiş övladınız E.Bədəlova xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək qulluq etdiyiniz dövrlər sığorta stajınıza daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Bildiririk ki, sizə xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. ... 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi iddiaçının 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.1- ci maddələrndə nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdeh tərəfindən iddiaçının mübahisə edilməyən əmək kitabçasında qeyd olunan iş stajı 7 il 1 ay 8 gün (xx.xx.1983-xx.xx.1988, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1993-xx.xx.1995), əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi iş stajı 3 il 10 ay (xx.xx.2019-xx.xx.2023) 19 gündür. Cavabdeh iddiaçının əlilliyi müəyyən edilmiş xx.xx.2000-ci il təvəllüdlü uşağına həmin tarixdən (xx.xx.2000-ci il) xx.xx.2019-ci il tarixədək qulluq etdiyi müddəti sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində əlilliyi müəyyən edilmiş övladı X4 qəyyumunun atası X2 qeyd edilmiş və qulluq aktı iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçı əlilliyi müəyyən edilmiş uşağı doğulduğu tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmamışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən əmək stajı dövründə TSEK-nin arayışlarının surətində uşağın qəyyumunun atası olmasına istinad etməsi iddiaçının əlilliyi müəyyən edilmiş uşağına qulluq etməsini faktını inkar etmir. Qeyd edilən hal E.Babayevə qulluğun anası deyil, atası tərəfindən edilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, həmin TSEK-də müayinə aktından çıxarış adlı sənəd hazır blankda tərtib edilmiş və valindeylərinin mötərizə içərisində isə qəyyumunun adı, soyadı və digər məlumatları qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qrafada iddiaçının əri oğlunun qəyyumu kimi deyil, valideyni kimi qeyd edilmişdir. Belə ki, iddiaçının oğluna qəyyum Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu lil tarixli qətnaməsi və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə təyin edilmişdir. Digər tərəfdən həmin blank, iddiaçının oğlunun müayinəsi ilə bağlı hazırlanmış, blanka uşağın müayinəsi ilə bağlı müraciət edən valideynlərindən birinin adının qeyd edilməsi tələbidir və həmin blank E.Bədəlova kimin qulluq etməsini müəyyən edən sənəd deyildir. Ona görə də, cavabdeh həmin sənədə istinad edərək iddiaçının oğluna atasının qulluq etməsi nəticəsinə gəlməsi absurddur və iddiaçıya pensiya təyin edilməsindən imtinanın heç bir inzibati araşdırmaya söykənməyən formal əsaslandırılmasıdır. İş materiallarında olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin arayışına əsasən İddiaçı X7 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçının əri X2 vergi ödəyicisi olmuş və 2006-2009-cu illərdə dövlət büdcəsinə vergilər ödəmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə eyni ünvanda pasport qeydiyyatında olan qonşular tərəfindən tərtib edilmiş notarial qaydada təsdiq edilmiş aktdan müəyyən edilir ki, iddiaçı sağlamlıq imkanları məhdud X8 qulluq edib, övladı doğulandan sonra heç bir yerdə işləməyib və hal-hazırda işsizdir. Digər tərəfdən hamıya bəlli olan haldır, bəzi hallar istisna olmaqla uşağa qulluq edən şəxs anasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi qəyyumluq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir və onları təmsil edirlər. Məhkəmə kollegiyası iddiaçının əlilliyi müəyyən edilmiş uşağa qulluq etməsinə dair icra hakimiyyəti orqanının qulluq aktının olmamasına münasibət bildirərək qeyd edir ki, işdə olan MKİSin arayışı, qonşuların notarial ərizəsi, iddiaçının əmək kitabçasına əsasən heç bir yerdə işləməməsi və iddiaçının ərinin işləyərək dövlət büdcəsinə vergi ödənişləri etməsi Elşad Bədəlova anasının qulluq etməsi nəticəsinə gəlmək üçün əsasdır. Göründüyü kimi iddiaçının ümumilikdə 29 il, 5 ay, 3 gün iş stajı vardır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcud olduğundan iddia tələbi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6596/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6596/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2823/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2823/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver