Məhkəmə qərarları › İş №2-1(103)-2823/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2823/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2823/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (Bakı Dövlət Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: akademik borcun silinməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X5 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Bakı Dövlət Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “akademik borcun silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-7613/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beynəlxalq münasibətlər ixtisasının 2-ci kursunda (Bakı Dövlət Universitetində) ondan asılı olmayan səbəbdən oxumadığına görə yaranmış akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasında təhsil alaraq 1-ci kursu müvəffəqiyyətlə bitirərək, zərbəçi olmuşdur. 2021-2022-ci il tədris ilində Bakı Dövlət Universitetinin "FƏLSƏFƏ" ixtisas üzrə həm rus bölməsi, həm də Azərbaycan bölməsi üzrə tələbələri arasında təhsildə ən çox ortalama qiymət (ÜOMG) toplayan tələbələrindən olmuşdur. 2022-ci ildə o transfer.edu.az (tələbə köçürülməsi) portalına ərizə verərək elektron qeydiyyatdan keçməklə ərizəsində Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasından həmin Universitetin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsini xahiş etmişdir. Lakin Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə ona ünvanlanan elektron cavab məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.3-cü bəndi səbəb gətirilərək imtina verilməklə, belə hesab edilmişdir ki, 2021-ci ildə “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid bal 200 bal olduğundan o həmin keçid balından az bal toplamışdır. Halbuki, o topladığı bal 287,6 bal olmuşdur ki, bu da “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid balından 87,6 bal çox olmuşdur. Ona görə də o “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməklə 2022/2023-cü il təhsilinin 2-ci kursunu Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasında davam etdirməli idi. Lakin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ona verilmiş qanunsuz imtina nəticəsində o bundan məhrum olaraq 2-ci kursu "Fəlsəfə” ixtisasında davam etdirməyə məcbur olmuşdur. Ondan az keçid balı toplamış və onunla birinci kursda bir fakültədə oxuyan X7 onun kimi 2022-ci ildə transfer.edu.az (tələbə köçürülməsi) portalından qeydiyyatdan keçərək həmin il Bakı Dövlət Universitetinin “FƏLSƏFƏ” ixtisasından həmin Universitetin X2 köçürülmüşdür. Halbuki, Aydın Məmmədlinin 2021-ci ildə keçid balı 256.2 bal olmuş və ondan 31 bal aşağı toplamışdır. O, Təhsil Nazirliyinə 2022-ci ildə ərizə ilə müraciət edərək, X2 köçürülməyinə verilmiş imtinada anlaşılmazlıq olmasına kifayət qədər əsaslar göstərsə də, lakin bu əsaslar yenə də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə olan halda o 2022-ci ildə Elm və Təhsil Nazirliyinə qarşı tələbə köçürülməsi barədə imtina məktubunun əsassız hesab edilməsi və tələbənin müvafiq ixtisasa köçürülməsi (transfer) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsində göstərdiyi əsasların həqiqiliyinin yoxlanılması məqsədilə X6 sorğular göndərilmiş və oradan alınmış cavablar nəticəsində müəyyən edilmişdir ki, həqiqətən o 2021-ci ildə keçirilmiş qəbul imtahanlarından cəmi 287.6 bal toplamış və bu bal həmin il Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin əyani şöbəsinin rus bölməsi üzrə minimal keçid (200 baldan) balından yüksək olmuşdur. Həmçinin məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş "Sosial Elmlər və psixologiya” fakültəsinin “Fəlsəfə” ixtisasının rus bölməsi üzrə Akademik Transkriptində balı ("ÜOMG”) 90,75 bal təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardad qəbul etmiş və qərardadda iddianın təmin olunması məqsədilə onun Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə köçürülməyi barədə məsələyə 1 ay müddətində baxılması Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Lakin naməlum səbəblərdən Nazirlik məhkəmənin müəyyən etdiyi bu 1 ay müddət ərzində hər hansı bir qərar qəbul etməmiş və məhkəmənin qərardadı ilə bağlı Nazirliyin cavabı 4 ay, yəni 2023-cü ilin iyul ayının 31-dək gecikdirilmişdir. xx.xx.2023-cü il tarixdə isə ona Təhsil Nazirliyindən zəng olunaraq, onun Beynəlxalq Münasibətlər fakültəsinə köçürülməsinin Nazirlik tərəfindən müsbət qəbul edildiyi, lakin bunun üçün yenidən elektron qaydada qeydiyyatdan keçib müraciət etməli olacağı bildirilmiş və səbəb kimi Beynəlxalq Münasibətlər fakültəsində 2-ci kursun başa çatması əsas gətirilmişdir. 2023-cü il avqust ayında növbəti transfer elektron ərizəsinə əsasən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının 3-cü kursunun rus dili bölməsinə köçürülmüşdür. Lakin həmin ixtisasa köçürüldüyü üçün universitet tərəfindən ona bu ixtisasda oxumadığı 1-ci və 2-ci kurslara görə fərq yaranması və bu fərqlərə görə hər semestr 10 kredit həcmində “Beynəlxalq münasibətlər” ixtisasında 1-ci və 2-ci kurslarda tədris olunan fənləri dinləməli və Universitetin hesabına xeyli məbləğdə pul köçürməli olacağı bildirilmişdir. Qeyd olunmalıdır ki, 1-ci kurs istisna olmaqla, onun Beynəlxalq Münasibətlər ixtisasının 2-ci kursunda oxumaması ondan asılı olmadığından yaranmış akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və üçüncü şəxs “Bakı Dövlət Universiteti”nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7613/2025 nömrəli qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.

5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi M.Neymətzadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Quliyeva apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə 3-cü şəxs nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı 2020/2021-ci tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün 16 aprel 2021-ci il tarixində keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 68.6 bal (əlavə olunur), 14 iyul 2021-ci il tarixində keçirilmiş qəbul imtahanında (qəbul imtahanının ikinci mərhələsi) 219.0 bal ümumilikdə 287.6 bal toplamışdır. Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Fəlsəfə” ixtisasının rus bölməsi üzrə təhsil alan iddiaçı həmin universitetin “Beynəlxalq münasibətlər” fakültəsinin rus bölməsinin əyani şöbəsinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə elektron qaydada müraciət etsə də, müraciəti təmin edilməmişdir.

10. Daha sonra isə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi barədə ərizəsindən imtinasının əsassız hesab edilməklə, həmin ixtisasa köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3937/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi barədə müraciəti ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə İddiaçı Bakı Dövlət Universitetinin “Fəlsəfə” fakültəsinin rus bölməsinin əyani şöbəsindən həmin universitetin “Beynəlxalq münasibətlər” fakültəsinin rus bölməsinin əyani şöbəsinə köçürülməsi barədə sənədləri məhkəmə qərardadına əlavə etməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır.

12. Qərardadın icrası ilə bağlı cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-29-61/2-6206/2023 №li məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardadının icrası məqsədilə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar” əsasında 2023/2024-cü tədris ili üzrə keçirilən köçürülmə prosesi zamanı Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülmüşdür.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.16-cı yarımbəndinə əsasən, iddiaçının ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü zaman onun Fəlsəfə ixtisasında 11 fənn üzrə əvvəllər qazandığı 46 kredit 2024-cü il 15 fevral tarixli 3-29-45/3-1T-88/2024 nömrəli əmrə əsasən Beynəlxalq münasibətlər ixtisasında nəzərə alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-7613/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

17. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. İstinad olunan müddəaların təhlili onu deməyə əsas verir ki, Azərbaycanda təşkil olunan təhsilin dövlət standartlarına görə bakalavriat təhsili kredit sistemi əsasında təşkil olunur, tədris prosesində tələbəyə fərdi tədris planı hazırlanır, tədris çərçivəsində bu və ya digər səbəbdən akademik borc yarandıqda daha sonra onu ləğv etmək mümkündür, yalnız tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə, yəni ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Qeyd olunan müddəaların işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlmək olur ki, akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirmədiyi təqdirdə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilmədiyindən iddiaçının akademik borcların silinməsi hüquqi baxımdan mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən, hər bir təhsilalanın (tələbənin) akademik borclarının ləğv edilməsi nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, nə də “Bakı Dövlət Universiteti”nin səlahiyyətlərinə aid olmadığından iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

19. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini kifayət qədər yoxlamamış və belə qənaətə gəlmişdir ki, nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nə də “Bakı Dövlət Universiteti” cavabdeh kimi hazırkı iddiaya cavab verməli inzibati orqanlar deyil. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçıya lazımi qaydada hüquqi yardım göstərməmişdir, halbuki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsini iddiaçıya tövsiyə etməli idi (cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardımın göstərilməsi).

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əvəz olunması aşağıdakı hallarda baş verə bilər: -əgər cavabdeh kimi cəlb olunmuş şəxs hüquqi münasibətin subyekti deyilsə; - o, mübahisə üzrə hüquqi məsuliyyət daşımırsa; - əsas məsuliyyət başqa dövlət orqanının, vəzifəli şəxsin və ya təşkilatın üzərinə düşürsə. Odur ki, bu hüquqi mexanizm səhvən cavabdeh olmuş şəxsin məsuliyyətdən azad edilməsinə, əsl məsul tərəfin məhkəmə qarşısında cavab verməsinə şərait yaradır, bu isə ədalətli məhkəmə araşdırmasının təmin olunmasına xidmət edir. Həmçinin qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında doğru, yəni əsl tərəflərin müəyyən edilməsi vacib prosedurdur. Belə ki, cavabdeh düzgün seçilməzsə, qəbul edilən qərarın icrası mümkünsüz, hüquqi nəticəsi isə əsassız ola bilər.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan iddianın mümkünsüz olması qənaətinə gəlmiş, məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli əsas olmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-7613/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar