Məhkəmə qərarları › İş №2-1(103)-2825/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2825/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2825/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə Açar sözlər: mənzilin verilməsi X5 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçılar X3 və İddiaçı2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları: 1.İşdəki ölüm haqqında şəhadətnamədən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçıların oğlu baş leytenant X6 xx.xx.2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olmuşdur. 2.İş materiallarına əlavə edilmiş vəsiqələrdən görünür ki, iddiaçılara xx.xx.2021-ci il tarixdə şəhid ailəsi statusu verilmişdir. 3.Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 №-li Sərəncamı ilə İddiaçı1 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini X4, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. 4.İşdəki daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan, texniki pasportlardan görünür ki, İddiaçı2 mülkiyyətində ümumi sahəsi 118.40 kv.m, yaşayış sahəsi 39.7 kv.m olan fərdi yaşayış evi, gəlini X1 mülkiyyətində ümumi sahəsi 53.70 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan mənzil vardır. 5.Cavabdehin İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətinə baxılmışdır. Sənədlər araşdırılarkən iddiaçının həyat yoldaşı İddiaçı2 mülkiyyətində yaşayış sahəsi 39.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, gəlini L.Hüseynovanın mülkiyyətində yaşayış sahəsi 30.3 kv.m olan 2 otaqlı mənzil olduğundan adambaşına düşən minimum yaşayış sahəsinə malik olduqlarına görə mənzillə təmin edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. Birinci instansiya məhikəməsində icraat 6.İddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldıraraq (iddia ərizəsinə əlavə və dəqiqləşmə edilmişdir) iddiaçılara mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək güzəştli mənzil növbəsində olması səbəbi ilə onun mənzillə təmin edilməsini xahiş etmiş və bu halı onunla əsaslandırmışdır ki, onun həyat yoldaşının mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırki iddia tələbi üzrə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. 8.Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, vətəndaş İddiaçı1 xx.xx.2021ci il tarixində mənzil şəraiti yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində vətəndaşın mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın –ünvan 1 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X1 mülkiyyətində isə ünvan 2 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olak iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə İddiaçı1 sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. 9.Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir 10.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında şəhid ailələri üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuş, , sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 11.Məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına və “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına istinad edərək hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

12. Hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil etdiyindən iddiaçıların ailə tərkibi özləri də daxil olmaqla 6 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 96 kv.m (16 kv.m x 6 nəfər) təşkil etməlidir. İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsinin 39,7 kv.m, iddiaçıların gəlini L.Hüseynovanın mülkiyyətində olan mənzilin yaşayış sahəsinin 30.3 kv.m olduğu nəzərə alınarsa ki, hazırda iddiaçıların belə ölçüdə mənzilə sahib olduğları müşahidə olunmur. Belə olan halda iddiaçının mülkiyətində olan mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır.

13.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 4.0.2-ci maddə-dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 50.1-ci maddə- aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddə- sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. 49.4-cü maddə-yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddə-dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.2-ci maddə-vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.3-cü maddə- vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 56.5-ci maddə- sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarından da göründüyü kimi sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələr əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14.Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində vətəndaşın mənzillə təmin olunmağı üçün təqdim olunmuş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında İddiaçı1 həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın – ünvan 1 ünvanında 118.4 kv.m ümumi sahəsi, 39.7 kv.m yaşayış sahəsi olan üçotaqlı 10C nömrəli fərdi yaşayış evinin, iddiaçının gəlini X1 mülkiyyətində olan isə ünvan 2 ünvanında ümumi sahəsi 53.7 kv.m, yaşayış sahəsi 30.3 kv.m olan ikiotaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə İddiaçı1 soail-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16.Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 17.Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Əsaslandırma hissəsi:

18.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 19.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. 87.8-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 21.Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına və “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil etdiyindən iddiaçıların ailə tərkibi özləri də daxil olmaqla 6 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 96 kv.m (16 kv.m x 6 nəfər) təşkil etməlidir. İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsinin 39,7 kv.m, iddiaçıların gəlini L.Hüseynovanın mülkiyyətində olan mənzilin yaşayış sahəsinin 30.3 kv.m olduğu nəzərə alınarsa ki, hazırda hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır. 22.Apellyasiya şikayətinin dəlilləri bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş Konstitusiya Aktının 4-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır. 23.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsində qeyd edilir ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 49.5-ci (dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması ilə bağlı) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 24.Məhkəmə hesab edir ki, 27 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edildiyindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlı uçota götürməyin və yaşayış sahəslərini bölüşdürməyin Nümunəvi Qaydaları” həmin tarixdən qüvvədə düşdüyü üçün həmin sənəd iddiaçıların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsi üçün əsas götürülə bilməz. Buna görə də apellyasiya şikayətinin dəliləri əsassız hesab edilir. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 26.Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar