Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2825/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3540/2023 saylı 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 15 sentyabr 2008-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh orqan tərəfindən aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından iddiaçının əmək pensiyası 3800 manatdan 2420,88 manata azaldılmış, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının sonradan təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılmış, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303,99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirdikdən sonra qalan) fərq məbləği müəyyən edilmişdir. Bununla bağlı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla keçmiş müddət üçün hesablanmış 14303,99 manat fərq məbləğinin cari aydan hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi bildirilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” iddiaçıya ünvanlanmış məktubda cavabdeh inzibati orqan bildirmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1276.80 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 574.56 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 191.52 manat, digər növ əlavələri 617.12 manat olmaqla orta aylıq əmək haqqı 2660.00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orta aylıq əmək haqqı (2660.00 manat) 80 faizi – 2128,00 manat məbləğində hesablanmalı olduğu halda 2054.37 manat müəyyən edilməklə, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də, həmin dövr ərzində ona 1178.08 manat əksik pul vəsaiti ödənilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1386.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 623.70 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 346.50 manat, digər növ əlavələri 669.90 manat olmaqla orta aylıq əmək haqqı 3026.10 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu maddəsinin 30 dekabr 2026-cı il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orta aylıq əmək haqqı (3026 manat) 80 faizi – 2420.88 manat məbləğində hesablanmlı olduğu halda 3800.00 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində ona 34478.0 manat artıq vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1178.08 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 34478,00 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 33299.92 manat artıq vəsaitin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 32299.92 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin oktyabr ayından etibarən əmək pensiası 2420,88 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürüləcəkdir. Həmin hesablamalardan narazı qalan İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı pensiyasının hesablanması ilə əlaqədar cavabdeh təşkilata müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilat tərəfindən onun ərizəsinə cavab verilmişdir. Cavab məktubunda göstərilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon Şöbəsi tərəfindən 15 sentyabr 2008-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından əmək pensiyasının 3800,00 manatdan 2420,88 manata azaldılıb, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Sözügedən məsələ haqqında ona tərəflərindən 2 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildirilmişdir ki, sonradan təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılıb, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303,99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirdikdən sonra qalan) fərq məbləği müəyyən edilib. Keçmiş müddət üçün hesablanmış 14303,99 manat fərq məbləğinin cari aydan hissə-hissə əmək pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiyanın 10 faizi-306,09 manat məbləğində maddi yardım ödənilir. Həmin məktubdan görünür ki, artıq ödənilmiş 33299,92 manat pulun tutulması barədə qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən onun pensasiyasının düzgün hesablanmaması nəticəsində 33299.92 manat artıq pul məbləğinin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon Şöbəsi tərəfindən 15 sentyabr 2008-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından əmək pensiyası 3800.00 manatdan 24.20.88 manata azaldılıb, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Sözügedən məsələ haqqında ona tərəflərindən 2 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının sonradan təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılıb, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303.99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirildikdən sonra qalan) fərq məbləği müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 14303,99 fərq məbləğinin cari aydan hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli sərəncamına əsasən aylıq pensiyası 10 faizi – 306.09 manat məbləğində maddi yardım ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3540/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiyasının düzgün hesablanmaması nəticəsində artıq hesablanmış 33299,92 manat pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılıb, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303.99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirildikdən sonra qalan) fərq məbləği müəyyən edilib. Məhkəmə qərarında iddiaçının pensiyasından tutulma olduğu qeyd olunsa da, hal-hazırda iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmır. İddiaçı və məhkəmə iddiaçının əmək pensiyası məbləğindəki azalmanı səhvən tutulma kimi qəbul edib. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmaması və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının cavabdeh inzibati orqana qarşı verdiyi iddia “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” barədə olub, “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və İPM-də bu növ iddialar üzrə iddia müddəti müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən sabiq hakim kimi Fondun Nərimanov Rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən 2021-ci ilin sentyabr ayından iddiaçının əmək pensiyası 3800,00 manatdan 2420,88 manata azaldılmışdır. Sonradan onun pensiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılmış, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303,99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirdikdən sonra qalan) fərq məbləği müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın etirazından görünür ki, keçmiş müddət üçün hesablanmış 14303,99 fərq məbləği hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. İddiaçı həmin hesablamalarla razılaşmayaraq ona keçən dövr üzrə artıq ödənilmiş 33299,92 manat pul vəsaitinin ondan tutulmasının qanunsuz sayılmasını tələb edir. İşə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının pensiyasının düzgün hesablanmaması nəticəsində artıq hesablanmış 33299,92 manat pul məbləğinin tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul etsə də, cavabdeh inzibati orqan tərəfindən həmin qərar apellyasiya qaydasında mübahisələndirilmiş və bu zaman apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmamışdır, iddiaçı və məhkəmə iddiaçının əmək pensiyası məbləğindəki azalmanı səhvən tutulma kimi qəbul etmişdir. Qeyd olunan apellyasiya şikayətinin dəlili ilə bağlı araşdırma aparılarkən müəyyən olundu ki, həqiqətən də iddiaçıya xx.xx.2008-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən 2021-ci ilin sentyabr ayından iddiaçının əmək pensiyası 3800,00 manatdan 2420,88 manata azaldılmış, bu barədə “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş (i.v. 66) və ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi cavabdehə məlum olmuşdur (qərarda bu artıqödəmə göstərilməmişdir). Sonradan iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən onun əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılsa da, ona keçmiş dövr üzrə artmış pensiyası ilə bağlı ödənilməli olan məbləğlə, keçmiş dövr üzrə ona əvvəllər artıq ödənilmiş 33299,92 manat əvəzləşdirilmiş və nəticədə 14303,99 manat ona ödənilməli olan fərq məbləği müəyyən edilmişdir. Nəticədə, keçmiş müddət üçün yeni hesablanmış 14303,99 manat fərq məbləği hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Bu hallar cavabdehin təqdim etdiyi “pensiya təyinatı alt sistemi”ndən çıxarışla da təsdiq olunur. Beləliklə, apellyasiya baxışı zamanı məlum oldu ki, iddiaçının pensiyası yenidən hesablanarkən ona keçmiş dövr üzrə əvvəllər ödənilmiş 33299,92 manat artıq pensiya məbləği hazırki vəziyyətdə onun hər ay aldığı pensiya məbləğindən tutulmur. Belə ki, həmin 33299,92 manat iddiaçının pensiyasında aparılmış yenidən hesablamalarla bağlı artan (yəni 2420,88 manatdan 3060,88 manata artmış) və keçən müddət üzrə yığılmış pensiya məbləği ilə əvəzləşdirilmiş, nəticədə iddiaçıya cavabdeh orqanın keçmiş dövr üzrə 14303,99 manat ödəməli fərq məbləği qalmışdır ki, həmin vəsait də hər ay iddiaçının aldığı pensiya məbləğinin üzərinə gəlinməklə ona ödənilir. Hazırki vəziyyətdə iddiaçı onun pensiyasının təqdim etdiyi müvafiq arayışa əsasən yenidən hesablanması ilə əlaqədar keçmiş dövr üzrə ona ödənilməli olan məbləğlə, əvvəlki pensiya məbləğinin artıq hesablanmış 33299,92 manat pul vəsaitinin cavabdeh tərəfindən özbaşına əvəzləşdirilməsindən narazıdır. Buna görə də apellyasiya baxışı zamanı iddiaçı ona göstərilən hüquqi yardımdan istifadə edərək iddia tələbini dəqiqləşdirmiş və haqlı olaraq “pensiyasının yenidən hesablanması zamanı əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin pensiya məbləğinin üzərinə əlavə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52ci maddəsinə uyğun olaraq iddiaçının tələbini “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin (33299,92 manatın) bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” kimi qəbul edərək hesab etmişdir ki, bu şəkildə tələbin qəbulu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun olaraq, ərizəçinin ifadə tərzi ilə bağlı iddia tələbindən kənara çıxma kimi qəbul edilmir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə ona təyin edilmiş pensiya yenidən hesablanaraq 2420,88 manatdan 3060,88 manata artırılarkən, eyni zamanda keçmiş dövr üzrə ona ödənilməli olan 14303.99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirildikdən sonra qalan fərq) məbləğin müəyyən edilməsi ilə bağlı hərəkətlər cavabdeh inzibati orqanın faktiki olaraq öz təşəbbüsü ilə həyata keçirilmiş və bu zaman həm “Əmək pensiyaları haqqında” Qanunun, həm də “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçının müraciəti ilə bağlı onun pensiyası yenidən hesablanarkən cavabdeh orqan həmçinin ona keçmiş müddət üçün aldığı pensiyanın artıq hesablanıb verilməsi və buna görə də ərizəsi üzrə artan və yığılan pensiya məbləğinin keçən müddət üzrə ödənilməli olan artıq məbləğlə özbaşına əvəzləşdirməsini aparmaqda haqlı olmamışdır. Belə ki, iddiaçının pensiyasının yenidən hesabanması nəticəsində artan və yığılan məbləğlə keçən dövr üzrə ona əvvəlki pensiyası üzrə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması və aparılması ilə müşaiyət olunmuşdur. Halbuki bunun üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya əvvəllər təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (əvvəlki pensiyanın təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırki işdən göründüyü kimi, cavabdeh orqan iddiaçıya təyin olunmuş pensiyanın onun ərizəsi üzrə yenidən hesablanmasını həyata keçirərkən həm də keçən müddət ərzində iddiaçıya əvvəlki pensiyasının artıq ödənildiyini müəyyən etmiş, bununla bağlı ona artıq ödənilmiş 33299,92 manat pul vəsaitinin ona yenidən hesablama ilə bağlı pensiyasında artım olduğu üçün keçən müddət ərzində həmin pensiya üzrə ödənilməli məbləği əvəzləşdirərkən bu barədə inzibati icraatı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq şəkildə aparmalı, iddiaçını dəvət edib, onu dinləməli və yekunda qeyd olunan məsələ (əvəzləşdirmə) ilə bağlı müvafiq inzibati akt qəbul etməli olduğu halda, bunu etməmiş, həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışa əsasən onun pensiyasını yenidən hesablayarkən də müvafiq inzibati akt qəbul etməmişdir, bütün bunlar barədə faktiki xarakterli hərəkətlər etməklə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası aparılan araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı pensiyasından keçən müddət üzrə artıq hesablanmış 33299,92 manat pul məbləğinin tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırki işdə 33299,92 manat məbləğinin iddiaçının pensiyasından tutulması halının baş verməməsi onun qanunsuz sayılmasını da istisna edir. İş üzrə iddiaçının hüquqi marağı onun pensiyası yenidən hesablanarkən artan (2420,88 manatdan 3060,88 manata artmış) pensiyasının keçən müddət üzrə ödənilməli olan məbləği ilə, əvvəllər ona təyin edilmiş pensiyanın keçən müddət üzrə artıq ödənilmiş 33299,92 manat hissəsinin əvəzləşdirilməsinin qanunsuz sayılmasına və nəticədə həmin məbləğlərin əvəzləşdirilməklə 14303,99 manat deyil, keçən dövr üzrə ödənilən 33299,92 manat fərq məbləğinin (bu məbləğin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilməsinə və həmin məbləğin hər ay aldığı pensiyanın üzərinə gəlməklə ona verilməsinə yönəlmişdir. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadığından və qərarın nəticəvi hissəsində qeyd olunan məsələ iddiaçının hüquqi marağını qarşılamadığı üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia iddiaçının apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəyə uyğun şəkildə təmin olunmalıdır. Bununla da hazırki işdə cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər iddiaçının iddiasının təmin olunmaması üçün də heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3540/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsinə uyğun şəkildə təmin olunmalı və iddiaçının pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmə (artıq ödənilmiş əvvəlki 33299,92 manatla keçən dövr üzrə yeni pensiyaya uyğun ödənilməli olan məbləğin əvəzləşdirməsi) qanunsuz hesab edilməli, 33299,92 manat fərq məbləğinin (keçmiş müddətə görə artıq ödəmənin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilərək iddiaçının pensiya məbləğinin üzərinə əlavə edilməklə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3540/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəyə uyğun təmin olunsun. İddiaçı pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmə (artıq ödənilmiş əvvəlki 33299,92 manatla keçən dövr üzrə yeni pensiyaya uyğun ödənilməli olan məbləğin əvəzləşdirməsi) qanunsuz hesab edilsin və 33299,92 manat fərq məbləği (keçmiş müddətə görə artıq ödəmənin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilərək iddiaçının pensiya məbləğinin üzərinə əlavə edilməklə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2825/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2825/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver