Məhkəmə qərarları › İş №2-1(103)-2826/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2826/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2826/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5533/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında öz əksini tapmış iddiaçının faktiki olaraq da işlədiyi illər sosial sığorta stajına daxil edilməklə onaə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının yaşa görə əmək pensiyası təyin olunması barədə ərizəsinə cavabdeh 24 noyabr 2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə imtina edərək bildirmişdir ki, əmək kitabçasına və hərbi biletinə əsasən sığorta stajı 23 il 7 ay təşkil edir. Fərdi hesabında 2006-2018-ci illərdə pensiya kapitalı qeydə alınmayıb. Filialın keçirdiyi monitorinqin nəticəsinə görə əmək kitabçasında qeyd olunmuş Şəhərlərarası Avtobus parkında (Magistral-Ekspress» ASC) 1988-ci ildən 1999-cu il tarixədək əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay 1994-cü ildə 1 ayəmək haqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əmək haqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməyib. Bu səbəbdən həmin illərin onun sığorta stajına daxil edilməmiş, sığorta stajı 25 ildən az olduğundan ona xx.xx.2022-ci il taxdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qeydo olunan əsasla pensiya təyin edilməsindən imtinası əsassızdır. Çünki onun əmək kitabçasının qeydlərinə əsasən tam şəkildə 1988-1999-cu illərdə sözügedən Şəhərlərarası Avtobus Parkında tam şəkildə əmək fəaliyyətində olmuşdur. Cavabdeh iddia ərizəsinə dair etirazında imtina məktubunda istinad edilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5533/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı düzgün deyil, öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında" Qanunun 7- ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin onun cəmi, 23 il 7 ay sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Belə ki, onun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmış və araşdırma zamanı müəyyən olunmuşdur ki, 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda, 1993-cü il üzrə əmək haqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçı və onun nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş edilmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iş materiallarına əlavə olunmuş, xx.xx.1975-ci il tarixdə açılmış HZ ******* nömrəli hərbi biletinin və xx.xx.1974-cü il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: - xx.xx.1974-xx.xx.1975-ci il tarixləri arasında fəhlə (01 il 01 ay 28 gün); -xx.xx.1975-xx.xx.1977-müddətli həqiqi hərbi xidmət-2 il 21 gün; - xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasında motorist üzrə kursant (08 ay 02 gün); - xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında motorist (10 ay 27 gün); - xx.xx.1979-xx.xx.1988-ci il tarixləri arasında konduktor, sürücü (08 il 07 ay 03 gün); - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasında sürücü (19 gün); - xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasında sürücü (10 il 08 ay 18 gün); - xx.xx.1999-xx.xx.2001-ci il tarixləri arasında sürücü (02 il 05 ay 23 gün); - xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında sürücü (03 ay 14 gün). Qeyd olunan dövlər üzrə iddiaçının iş stajı ümumiləşdirildikdə, 26 il 8 gün iş stajı müəyyən olunur. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyətinin yalnız 23 il 7 ayı sığorta stajı qəbul edilir. Qalan hissəsi, o cümlədən, xx.xx.1988-xx.xx.1999-cu illərdə Şəhərlərarası Avtobus parkında (Magistral- Ekspress» ASC) işlədiyi dövrün - 1989-cu ildə 6 ayı, 1994-cü ildə 1 ayı üzrə əmək haqqı hesablanmadığı, eyni zamanda, 1993-cü il üzrə əmək haqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyini əsas gətirilərək (cəmi 1 il 7 ay), həmin dövr iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə kolegiyası hesab editr ki, cavabdeh tərəfindən qeyd olunan əsasla iddiaçının sözügedən əmək fəaliyyəti dövrünün onun sığorta stajına daxil edilməməsi əsassızdır. Birincisi, iddiaçı qeyd olunan «Şəhərələrarası Avtobus Parkı»nda hələ keçmiş SSRİ dövrnüdə xx.xx.1988-ci il tarixdə sürücü kimi işə qəbul olunub, həmin təşkilatda xx.xx.1999-cu il tarixədək, 10 ildən də çox fasiləsiz olaraq çalışmışdır. Qeyd olunmalıdır ki, SSRİ dağıldıqdan sonra, ən azından, 1990-cı illərdə, ictimai nəqliyyət sahəsi dayanmadan fəaliyyət göstərmiş, əmək fəaliyyəti ilə məşğulluğun önəmli sahələrindən biri olmuşdur. İş materialları üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023- cü il tarixli məktubunda məhz qeydolunur ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən “Magistral-Ekspres" ASC-nin (VÖEN: **********) fəaliyyəti qeydiyyata alındığı tarixdən etibarən aktiv vəziyyətdə olmuşdur (Əmlak Məsələləri Dövlət Xidmətinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 478 nömrəli sərəncamı ilə "Azəravtonəqliyyat" X1 və Şəhərlərarası Daşımalar Birliyinin Baş müəssisəsinin bazasında “Magistral Ekspres” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir). Digər tərəfindən, məhkəmə kollegiyası hesab edir ki, 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əmək haqqı hesablanmaması, eyni zamanda 1993-cü il üzrə əmək haqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməməsi - iddiaçının təqsirinə yozulmaqla onun sığorta stajına aid edilməməklə hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Ən azından ona görə ki, həmin müəssisədə işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasının mübahisələndirilən qeydlərində, onun işə qəbulu və işdən azad edilməsi, işlədiyi təşkilatın adı, onda baş verən struktur dəyişiklər, müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, həqiqliyini şübhə altına alan qarlama və düzəlişlərin mövcud deyil, həmin vərəqin tamlığı pozulmamışdır. Bu baxımdan, cavabdehin istinad olunan iradları əhəmiyyətsiz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Onu da qeyd etmək lazımdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1988-xx.xx.1999-cu il lərdə Şəhərlərarası Avtobus Parrkında (Magistral-Ekspress» ASC) əmək fəliyyəti dövrünün tam olaraq nəzərə alınmamaması əsassız olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin qərar qəbul olunarkən, işdə olan sübutlara düzgün qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5533/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5533/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar