Məhkəmə qərarları › İş №2-1(103)-2826/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2826/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2826/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və təyin edilmiş həmin pensiyanın Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 07 fevral 2006-cı il tarixdə edilmiş redaksiyasında göstərilən qaydada ödənişinin pensiya məbləğinə edilmiş bütün əlavələr nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin avqust ayından prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 1982-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilərək Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon prokurorluğunun stajoru, xx.xx.1983-cü ildə həmin rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.1983-cü ildən müstəntiqi, xx.xx.1991-ci ildən Naxçıvan Muxtar Respublikası Culfa rayon prokurorunun köməkçisi, xx.xx.1992-ci ildən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, xx.xx.1992-ci ildən Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, xx.xx.1993-cü ildən həmin rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1994-cü ildən Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin böyük müstəntiqi, xx.xx.1994-cü ildən istintaq hissəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Balakən rayon prokuroru, xx.xx.1996-cı ildən Xanlar (indiki Göygöl) rayon prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2000-ci il tarixli əmrinə əsasən intizam məsuliyyətinə cəlb edilməklə əlaqədar xüsusi rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunmuşdur. 2010-cu ilin iyun ayında “gərginlik stenokardiyası tip3 Postinfarkt kardioskleroz, xroniki hepatoz. Hipertoniya tip 3. Postinfarkt diaqnozu ilə əmək qabiliyyətini itirmiş və ikinci dərəcəli əlillik qrupu müəyyən edilmişdir. Həmin vaxtdan 2021-ci ilin avqust ayına kimi prokurorluqda qulluq etdiyinə görə ikinci qrup əlilliyə görə pensiya almışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-cil tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia ərizəsi təmin edilərək, iddiaçı olaraq ona “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətləri və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın icrası təmin edildikdən sonra 2021-ci ilin avqust ayından ona verilən pensiya ödənişi dayandırılmışdır. Əlilliklə bağlı təkrar olaraq müraciət etməmişdir. Lakin o, cavabdehə ərizə yazaraq, pensiya ödənişini qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa çatmış) prokurorluq işçisi kimi “Əmək pensiyaları haqqında’’ 2006-cı il tarixli Qanununun 9.4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası verilməsi barədə xahiş etmişdir. Lakin ona prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasınım təyin edilməsinin mümkün olmaması haqqında cavab verərək xahişinin təmin edilməsindən imtina etmişdirlər. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, xx.xx.2010-cu il tarixli 307 nömrəli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdə ikinci dərəcəli əlilliyə görə prokuror kimi əmək pensiyası təyin olunmuş, əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 07 fevral 2006-cı il tarixdə edilmiş redaksiyasında göstərilən qaydada ödənişinin pensiya məbləğinə edilmiş bütün əlavələr nəzərə alınmaqla bərpa olunmasını xahiş etmişdir. Lakin o, xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmasına baxmayaraq, sonuncu tarixdə yenidən yoxlanışdan keçməmişdir. Beləliklə, hazırda iddiaçının əlillik dərəcəsinin olmamasını nəzərə alaraq əlilliyə görə əmək pensiyasının bərpa edilməsi halı mümkünsüzdür. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən, xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric olunmuşdur. Bu səbəbdən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən təyin edilməli olması fikrinə münasibətdə qeyd edilmişdir ki, onun xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyaçısı olmuşdur. Belə ki iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən etibarən yarana bilərdi, bu zaman bu Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə apelyasiya şikayətinə etiraz təqdim edərək apelyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1594/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, xx.xx.2010-cu il tarixli 307 nömrəli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdə ikinci dərəcəli əlilliyə görə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin olunmuş, əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən, xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric olunmuşdur. Cavabdeh qeyd edilən halı əsas tuturaq ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edərək xx.xx.2021-ci il tarixdən prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürür. İşin hallarına görə iddiaçının həm yaşa görə əmək pensiyası həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan qanunvericliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (xx.xx.2017ci ildən qüvvədə olan redaksiya) 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiya) Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, xüsusi rütbələrdən mərum edilmiş prokurorluq işçilərin prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hüququ istisna edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının müvafiq normaların xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən təyin edilməli olması dəlillərinə münasibətdə qeyd edilməlidir ki, onun xx.xx.2021ci il tarixədək əlilliyə görə əmək pensiyaçısı olmuşdur. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən etibarən yarana bilərdi, bu zaman bu Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq oluna bilməz. Çünki, hazırkı iş üzrə iddiaçının müraciət etdiyi tarixdə mövcud olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona 2021-ci ilin avqust ayından prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1594/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar