Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2828/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, 3-cü şəxsin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5) qarşı mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2021saylı, 19 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi B27, mənzil 2 ünvanına mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, o cümlədən X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məsələ inzibati icraata aid olmaqla işə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, o müqavilə əsasında qeyd edilən mənzilə dair müvəqqəti olsa da istifadə hüququ əldə etmişdir. Onun istifadə hüququ müqavilə ilə, yəni mübahisəli mənzili inşa etmiş "xxxx" MTK aralarında olan müqavilə ilə yaranmışdır. Qeyd edilən şirkət tərəfindən 4 il müddətində ona verilən kirayə haqqı da həmin müqavilədən yaranır. Belə olduğu təqdirdə bu iş üzrə cavabdehin hərəkəti, yəni çıxarışın verilməsi inzibati məsələdir. Onunla nə MTK, nə də həmin mənzilə sonradan çıxarış almış X5 arasında hər hansı bir hüquq münasibəti yoxdur. X4 çıxarış onunla istifadə hüququna dair müqavilə bağlandıqdan 4 il sonra, həm də müqaviləyə xitam verilmədən təqdim edilmişdir. Bundan əlavə, hazırda o həmin mənzildə yaşayır və müvafiq ödənişləri həyata keçirir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvana hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibatı orqana müraciət etməsi və inzibatı orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmir. İddia tələbinin üçüncü şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsinə isə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı iddiasının əsası olaraq mənzilə dair MTK ilə aralarında müqavilənin bağlanmasına istinad edərək, mənzilin onun mülkiyyətinə verilməli olduğunu və həmin mənzil üzərində X2 mülkiyyət hüququna dair aparılmış qeydin əsassız olaraq, ləğv edilməli olmasını göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 562849 №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 27, mənzil 2, giriş 2 ünvanında yerləşən ümumi sahəsi 61.4 kv metr olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 08.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 3117 nömrəli reyestr kitabının 291199 nömrəli vərəqində üçüncü şəxs X2 adına qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən iddia tələbinin qeyd olunan hissədə mümkünlük şərtləri mövcud deyildir. İddiaçı tələbində Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi B27, mənzil 2 ünvanına dair 3-cü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsini tələb etməklə yanaşı, eyni zamanda sözügedən ünvana özünün hüquqlarının qeydə alınmasını tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri mübahisə predmeti üzrə eyni olsa da, lakin eyni faktiki və hüquqi əsaslara söykənməməklə fərqli tələblərdən ibarətdir və birgə icraatda baxılmanın şərtlərinə cavab vermir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxsin mülkiyyət hüquqlarının qeydə alındığı çıxarışın qüvvədə olduğu təqdirdə iddiaçının eyni ünvana dair özünün mülkiyyət hüquqlarının qeydə alınması barədə olan hüquqlarını istisna edir. iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi araşdırması zamanı iddiaçı tərəfindən ləğv olunması tələb edilən ********** nömrəli, 08.08.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlər cavabdehdən tələb edilmiş və həmin sənədlərdən müəyyən edilir ki, qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanında yerləşən 68,36 kv.metr olan 2 otaqdan ibarət mənzilin "xxxx" MTK tərəfindən X1 dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2021 saylı, 19 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2828/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2828/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver