Məhkəmə qərarları › İş №2-1(103)-2828/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2828/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2828/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası üzrə Açar söz: mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi X3 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1, cavabehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi"nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-954/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı istefada olan gizir İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “feldşer” vəzifəsində hərbi xidmət keçmişdir.

2. İddiaçının iş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli vəsiqəsindən görünür ki, o müharibə veteranıdır.

3. “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya xx.xx.1991-ci il tarixdə verilmiş üzvlük vəsiqəsindən görünür ki, iddiaçı həmin bağçılıq-yoldaşlığa 2000 manat üzvlük haqqı ödəməklə üzv qəbul edilmiş və ümumi sahəsi 1,2 ha olan 23 və 24 saylı bağ sahələri iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir.

4. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının 23-24 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2021-ci il tarixli məktubla hüququn qeydə alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi, Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması qeyd edilmişdir.

5. İddiaçının təkrar müraciəti üzrə cavabdehin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində isə iddiaçının adının üzvlərin siyahısında olmaması ilə yanaşı, 23 və 24 saylı bağların torpaq sahəsinin sənəd üzrə 1,2 ha olduğu halda faktiki 1048 kv.m olduğu, bağ sahəsinin bir hissəsinin 35 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyinə dair əsaslar qeyd edilməklə hüququn qeydə alınmasından imtina edilmişdir.

6. “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığı üzvlərinin arxivdə olan siyahısı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, həmin siyahıda iddiaçının adının olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığının 23-24 ünvanında yerləşən və iddiaçıda olan üzvlük kitabçasına əsasən onun istifadəsində olan 1.048 m2 torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 23-24 ünvanında yerləşən 1048 m2 torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində üzvlük kitabçası mövcuddur. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz onunla əsaslandırır ki, bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmadığından iddiaçının tələbi təmin edilə bilməz.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-954/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yarandığından həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş üzvlük kitabçasından (əsli) görünür ki, İddiaçı “Krasnaya zvezda” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmuş və ona Zirə qəsəbəsi ərazisində 23;24 saylı bağ sahələri ayrılmışdır. İddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malikdir. Sözügedən sənədin mövcudluğu isə şübhə doğurmur. Çünki, hər nə qədər də cavabdeh iddiaçının adının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad etsə də, iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün üzvlük kitabçası mövcuddur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, sözügedən bağ sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubunda həmin nömrə altında olan bağ sahəsinə dair digər fiziki şəxsin adına sənədin olub-olmaması və ya sözügedən bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hər hansı bir fiziki şəxsin müraciətinin olub-olmaması cavabdeh tərəfindən bildirilməmişdir. Belə olan halda bağ sahələrinə münasibətdə iddiaçıda olan üzvlük kitabçasının mötəbərliyini şübhə altına almaq üçün də hər hansı bir əsas yaranmamışdır.

13. Cavabdehin imtina əsası kimi istinad etdiyi hallara münasibətdə məhkəmə bildirmişdir ki, hər nə qədər də cavabdeh qeyd edilən bağ sahəsinin bir hissəsinin 35 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən mötəbər dəlil təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh yalnız faktiki mülahizələrə əsaslanaraq, heç bir hüquqi əsasa söykənmədən və dəlil olmadan bağ sahəsinin 35 saylı bağ sahəsinin ərazisinə uyğunluğunu müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, hətta cavabdeh bu halı təsdiq edən sübut təqdim etsə belə, bu hal iddiaçının ziyanına şərh edilmir. Çünki, həmin ərazidə yerləşən 35 saylı bağ sahəsi iddiaçının yoldaşı X6 məxsusdur ki, o, əvvəlki məhkəmə iclaslarında (məhkəmə icraatı ayrılmazdan əvvəl) bu halın ona maneə yaratmadığı bildirmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, iki bağ sahəsi bir hasar və çəpər daxilindədir, bir tərəfinin bir hissəsi şərtidir, döngə nöqtələrinə 3- 4 ədəd m.daşı qoyulmuşdur, ara sərhədləri şərtidir. Hazırda bağ sahələrinin faktiki ölçüsü 1.048 m2 təşkil edir. Kollektivin bölgü sxemində 34,35 bağlar üçün qoyulmuş yol qonşu tərəfindən hasara alınmışdır. Məhkəmə qeyd edir ki, sözügedən bağ sahələrinin faktiki ölçülərinin 1.048 m2 təşkil etməsi hər hansı digər fiziki şəxsin mülkiyyət hüquqlarını pozmur.

14. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-cı maddəsinin tələbləri baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədə sahib olmuşdur ki, bu da onun bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

Apellyasiya şikayətinin dəlilləri: 15.Cavabdeh qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-954/2022 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsininə təqdim edilmiş “Krasnaya Zvezda” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, texniki baxış keçirilən zaman iki bağ sahəsinin bir hasar daxilində yerləşdiyi və bağ sahəsinin sənəd üzrə ölçüsü 1,2 ha (0,6 ha + 0,6 ha) qeyd edilsə də, faktiki ölçüsünün 1048 kv.m olduğu aşkar olunmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən ümumi hasar daxilində olan sahə bölgü sxeminə əsasən 23,24-34,35 saylı bağların ərazisinə, qeyd edilən bağ sahəsinin bir hissəsi isə 35 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Birinci instansiya məhkəməsinə tərəfindən müvafiq iş dəqiq və düzgün olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 18.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

19.Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: 9-cu maddə- vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsi- həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin maddənin 4-cü abzası- fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddə- 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddə- qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddə- daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

20. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Məhkəmə kollegiyası izahatları dinləyərək apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

23. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya verilmiş 23 və 24 saylı bağ sahələri 20 ildən artıq-1991-ci ildən iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçının “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının üzvü olduğu və 23 və 24 saylı bağ sahələrinin iddiaçıya ayrıldığı üzvlük kitabçası ilə təsdiq olunur.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinin tələbinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası təqdim edilməlidir.

25. İşə apellyasiya qaydasında baxılarkən “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının arxivdə saxlanılan qovluğundakı sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, Azərbaycan SSR Ali Ümumhərbi Komandanlıq Məktəbinə (sonrakı adı Bakı Ali Hərbi Məktəbi) məxsus olmuş “Krasnaya Zvezda” bağçılıq yoldaşlıq təsərrüfatı xx.xx.1987-ci ildə yaradılmış və 64 nəfərdən ibarət üzvlərinin siyahısı həmin ildə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Ali Hərbi Məktəbdə xidmət keçdiyindən və bağ sahəsi ona 1991-ci ildə ayrıldığından 1987-ci ildə tərtib edilmiş ilk siyahıda iddiaçının adı ola bilməzdi. Qovluqda olan xx.xx.2000-ci il tarixdə Bakı şəhəri X2 və İstismarı Birliyinin bağçılıq yoldaşlığı şöbəsinin mühəndisləri və “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının üzvləri Kazbek Kurbanov, Lyudmila Poqrevnaya, İlham Quliyev, Elman Quliyev, Kamal Quliyev, Rza Rüstəmli, Qadir Kerimov tərəfindən imzalanmış aktda qeyd edilmişdir ki, “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının ərazisində Bakı şəhər İcra hakimiyyəti Başçısının “Bağçılıq yoldaşlıqları üçün ayrılmış ərazilərdə istifadəsiz qalmış boş torpaq sahələrinin verilməsi barədə” 13.021998-ci il tarixli 124 saylı sərəncamının yerinə yetirilməsi ilə bağlı yoxlama aparılmış, yoxlama nəticəsində müəyyən olunmuşdur ki, bağçılıq yoldaşlığın bağ sahələri 64 nəfər üçün ayrılsa da cəmi 24 nəfər bağçılıq üzvü öz sahəsindən səmərəli istifadə edir. Qalan 40 nəfər isə 5 ildən artıq müddət ərzində bağ sahələri almalarına baxmayaraq həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparılmamış və ərazi boş istifadəsiz qalmışdır.

26. Qeyd edilən aktı imzalamış üzvlərin adlarının “Krasnaya Zvezda” bağçılıqyoldaşlığının 1987-ci il tarixdə tərtib edilmiş ilk siyahısında olmaması onu təsdiq edir ki, bağçılıq yoldaşlığa yeni üzvlər qəbul edilmiş, lakin üzvlərin yeni siyahısı tərtib edilməmiş, əgər tərtib edilmişdirsə arxivdəki qovluğa əlavə edilməmişdir. Eyni zamanda akta əsasən müəyyən olunur ki, istifadəsiz qalmış bağ sahələrinin müəyənləşdirilməsi üçün yoxlama təşkil edilmiş, lakin bağ sahələrinin yeni üzvlərə paylanması ilə bağlı protokol və qərar qovluğa əlavə edilməmişdir.

27. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu iİ tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).

28. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçının “Krassnaya Zvezda” bağçılıqyoldaşlığının üzvü olduğunun və ona həmin təsərrüfat təəfindən verilmiş üzvlük kitabçasının mötəbərliyinin mübahisələndirilmədiyini, 1991-ci ildən sahiblik və istifadə etdiyi bağ sahələri üzərində mülkiyyət hüququnu əldə etməyə iddiaçının qanundan («Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələri) irəli gələn “qanuni gözlənti”si olduğunu, 20 ildən artıq müddət ərzində bağ sahələri üzərində iddiaçının hüquqlarına dövlət tərəfindən hər hansı müdaxilə edilmədiyindən bu hüquqların tanındığını, “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığı halhazırda fəaliyyət göstərmədiyindən iddiaçının onun adı olan üzvlərin yeni siyahısının təqdim edilməsi ilə bağlı müraciət etmək imkanı olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi:

30. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar