Məhkəmə qərarları › İş №2-1(103)-2829/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2829/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2829/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4310/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 62 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 62 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və sair) qeyd olunsun. Lakin, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud deyil. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından, iddia tələbi təmin edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçı şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətin mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür: İddiaçının işlədiyini iddia etdiyi dövrləri təsdiq edən sənədlərin olmaması; xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardı Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (62 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması, xx.xx.2021ci il tarixində, yəni 62 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda, sovxozda, üzüm emalı və istehsalı müəssisəsində, damazlıq təsərrüfatında işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda, sovxozda, üzüm emalı və istehsalı müəssisəsində, damazlıq təsərrüfatında işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X6 Filialı tərəfindən təqdim olunmuş arayışlar əsasında müəyyən olunur ki, iddiaçı 1976-1985-ci illərdə Göylər kənd Engels adına sovxozda,1986-1990-cı illərdə Göylər kənd “Engles” adına sovxozda, 1991ci ildə Şamaxanı rayonu Göylər kənd Engels adına sovxozda, 1992-1995-ci illərdə Göylər kolxozda, 1996-cı illərdə Şamaxı rayonun üzüm emalı və istehsalı müəssisəndi, 19971998-ci illərdə Göylər X3 təsərrüfatında işləmişdir. Məhkəmə qeyd etmək istəyir ki, vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1962-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1962-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1962-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə X6 filialı tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin illərdə 110 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1973-cü ildə 130 gün, 1974-cü ildə 180 gün, 1975-ci ildə 235 gün, 1976-cı ildə isə 260 gün işləmişdir. Göründüyü kimi, iddiaçı 1973-1976 dövrlərdə hər il üzrə müəyyən edilmiş minimum əmək iştirakı normasından çox işlədiyindən, həmin dövrlər tam təqvim ili (cəmi 4 il) kimi götürülür. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının digər əmək fəaliyyəti məhz sovxozda, dövlət damazlıq təsərrüfatında işlədiyi illəri əhatə edir. Belə ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan (arxiv arayışları-əmrdən çıxarış) məlum olur ki, iddiaçı X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Göylər Engels adına üzümçülük sovxozunda, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Şamaxı rayonu Çöl-Göylər kənd X3 təsərrüfatında işləmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan dövrlər üzrə işlədiyi müddət 17 il 04 ay 19 gün təşkil edir ki, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilməlidir. Məhkəmə iddiaçının 1992-1995 və 1996-cı illərdə işlədiyi müddətə münasibətdə bildirir ki, hər nə qədər iddiaçının həmin dövrlərdə işləməsi barədə əmrlər aşkar olunmasa da, onun həmin illərdə əmək fəaliyətinin icra etdiyi müvafiq arxiv arayışı və həmin arxiv arayışında əmək haqqı alması ilə bağlı əks olunan məlumatlar əsasında müəyyən olunur. Nəzərə alınmalıdır ki, iddiaçının 1992-ci ilin may ayına qədər Göylər Engels adına üzümçülük sovxozunda işləmiş və həmin dövr onun ümumi iş stajına daxil edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı 1992-1995 və 1996-cı illərdə hər ay üzrə əmək haqqı aldığından, həmçinin onun işləməsi arxiv arayışında olan məlumatlar əsasında müəyyən olunduğundan iddiaçının həmin dövrlər üzrə ümumilikdə 4 il 8 ay (1992-ci ilin may ayından etibarən-1996) ümumi iş stajına malik olmuşdur. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının xx.xx.2006-cı il tarixədək kolxozda, sovxozda, üzüm emalı və istehsalı müəssisəsində, damazlıq təsərrüfatında işlədiyi müddət nəzərə alınmaqla 01 ümumilikdə 25 ildən çox (4 il + 4 il 08 ay + 17 il 04 ay 19 gün =26 il 27 gün ) ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 2 əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 04 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir.”

İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili iddiaçının əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Cavabdeh iddiaçının arxiv arayışlarına əsasən işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Halbuki, qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İddiaçının kolxozda işlədiyi müddətlər onun iş stajının hesablanmasında nəzərə alınması “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. İddiaçının digər əmək fəaliyyəti sovxozda, dövlət damazlıq təsərrüfatında işlədiyi illəri əhatə edir. Məhkəmənin sorğusuna cavab məktubundan (arxiv arayışları, əmrdən çıxarış) məlum olur ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Göylər Engels adına üzümçülük sovxozunda, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Şamaxı rayonu Çöl-Göylər kənd X3 təsərrüfatında işləmişdir ki, bunun da cəmi 17 il 04 ay 19 gün edir. Məhkəmə iddiaçının 1992-1995 və 1996-cı illərdə işlədiyi müddətə münasibətdə bildirir ki, hər nə qədər iddiaçının həmin dövrlərdə işləməsi barədə əmrlər aşkar olunmasa da, onun həmin illərdə əmək fəaliyyətini icra etdiyi müvafiq arxiv arayışı və həmin arxiv arayışında əmək haqqı alması ilə bağlı əks olunan məlumatlar əsasında müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə dövlət arxivləri tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2197/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı). Şikayətin iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması barədə dəlili də əsaslı deyil. Doğrudur, pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçı isə 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Şikayətin sosial sığorta stajını məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqələndirən dəlili də əsassıdır. Bu kontekstdə fərz olunsa ki, iddiaçının 25 il sığorta stajının mövcud olmaması onun əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməməsi ilə əlaqədardır, o halda sonrakı xüsusatlar nəzərə alınmalıdır. Belə ki, əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 2002-ci ilədək işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. xx.xx.2002-ci il tarixədək olan dövr nəzərə alındıqda isə iddiaçının 25 il stajı tamamlanmış olur. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 1978-1991-ci illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir.

Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4310/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar