Məhkəmə qərarları › İş №2-1(103)-2829/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2829/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2829/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) «torpaq sahəsinə dair istifadə hüquqların qeydə alınması» tələbinə dair ünvan 1 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən X3 ayrılmış 45 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində vətəndaş X7, X1, və X4 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən mənə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 45 kv.m. torpaq sahəsin üzərində istifadə hüququna qeydiyyata alınmasına hüquqi təsdiq edən çıxarışən verilməsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı şəkildə poçt vasitəsilə müraciət etdi. Müraciətinə həmin orqanın 22 oktyabr 2020-cu il tarixli, **********50 saylı məktubu ilə yazılı şəkildə imtina edilmişdir. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********50 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 1 qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş sənədlər surətdir. Elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və birinci intansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. - 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinin birinci cümləsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan : - Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********50 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 25 və 35 saylı binaların arasında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənə baxılmışdır. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, həmçinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndindən aydın görünür ki, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində X7, İddiaçı və Z.M.Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. - Sərəncama əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir. -Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının X8, İddiaçı və X4 ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 saylı məktubunda qeyd edilmişdir ki: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamı əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixində 93 saylı qəbul edilmiş sərəncamla B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində birlikdə ticarət obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətində olan məlumata əsasən vət.F.Nəbiyevin mülkiyyətində 192.2 kv.metr, vət. İddiaçı mülkiyyətində 44.2 kv.metr, vət. Z.Abdullayevin istifadəsində isə 81.0 kv.metr ticarət sahəsi olmuşdur. Sizlərin ticarət obyektlərinizin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 360 kv.metr torpaq sahəsində yenidən bərpa edilməsi üçün tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsinə etiraz etmirik. Bununla bağlı olaraq layihələndiriləcək sahədəki obyektin 200 kv.metri vət. F. Nəbiyevə, 45 kv.metri vət. İddiaçı, 80.0 kv.metri isə vət. Z.Abdullayeva aid olmalıdır. -Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində inşa ediləcək ticarət obyektinin yerləşmə sxemi və eskiz layihəsi təqdim olunmuşdur. Yuxarıda qeyd edilən iş materialları üzrə ətraflı araşdırma aparan məhkəmə kollegiyası cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə də AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (2-1(102)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-1(102)-422/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları) mövqeyi bu cür olmuşdur. Bundan başqa apellyasiya şikayətinin torpaq sahəsinin ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd edilən dəlili formal xarakterli olmaqla heç bir sübuta söykənmir. Bundan başqa digər inzibati orqan tərəfindən qəbul edilmiş qanuni qüvvədə olan inzibati aktın məzmunundan aydın olduğu kimi sözügedən ərazidə iddiaçıya torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən X3 ayrılmış 45 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, ünvan 1 qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1 qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar