Məhkəmə qərarları › İş №2-1(103)-2829/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2829/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2829/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)- 10492/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 01 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonu Hovuslu kəndində anadan olmuşdur. 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonun Kirov adına kolxozda sürücü işləmişdir. 11 mart 2008-ci ildə “Azərdövlətlahiyə” Dövlət Baş Lahiyə İnstitutunun Mühəndis geoloji axtarış şöbəsinə geoloji qazma bölməsində çöl işlərində qazma ustası - sürücü vəzifəsinə qəbul olunmuşdur və hal hazırda da həmin vəzifədə işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan iddiaçıya rəsmi cavab verilmişdir ki, sığorta stajı qanunvericilikdə 25 il müddət tamamlanmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Belə ki, iddiaçının 01 oktyabr 1982ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu Kirov adına kolxozda sürücü işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqəsi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmas» şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrü onun əmək stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 5 ay (xx.xx.1981- xx.xx.1981-ci il və xx.xx.2008xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-10492/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2- 1(103)-1554/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-980/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2-1(103)-1554/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki; - İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə kolxoza sürücü kimi qəbul edilmiş, xx.xx.1993-cü ildə kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.2008-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis geoloji axtarış şöbəsinə qazma ustası-sürücü vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. -İddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ərizəsinə əsasən kolxoza sürücü qəbul edilmişdir, xx.xx.1993-cü il tarixdə kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən geoloji axtarış şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. - Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun Aqrar İslahatı Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli, 05 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı 01 oktyabr 1982-ci ildən Cəbrayıl rayonu Kirov (Q.Namazəliyev) adına kolxozda sürücü işləməklə QAZ-52 markalı 75-39 AKO nömrəli yük avtomobilini idarə etmişdir. - Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Cəbrayıl rayon Dövlət Arxivində mövcud olan kolxozçuların əmək stajı və qazancının uçot kitabında ayrı-ayrılıqda hər bir kolxoz üçün minimum iş günü göstərilmişdir. Nümunə üçün:

1. M.Ə.Rəsulzadə adına kolxozda qadınlar üçün minumum iş günü 200, kişilər üçün 220

2. K.Məmmədli adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230

3. Araz adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230

4. M.Hüseynzadə adına kolxozda qadınlar üçün minumum iş günü 160, kişilər üçün 200

5. Sabir adına kolxozda qadınlar üçün minumum iş günü 140, kişilər üçün 160. Qeyd olunan kolxozların mühasibat sənədləri, kolxozçuların ümumi yığıncağın protokolları, qərarları işğal zonasında qaldığı üçün məhkəməyə dəqiq məlumat verə bilmirlər. Qeyd: Kolxozda işləyən sürücü, mexanizator və inzibati işçilərin də minimum əmək günləri və iş günü eynidir. - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləyir. - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası- sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir. - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən halhazıradək Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində qazma ustasısürücüsü vəzifəsində çalışır. - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndis-Geoloji Axtarış işlərində çalışan işçilərin, o cümlədən, “qazma ustası-sürücü” vəzifəsində çalışanların vəzifələri Azərbaycann Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda yer almamışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğunuz vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. Təqdim edilmiş əmək kitabçasında xx.xx.1982xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövrlər üzrə «il ərzində işlədiyi adam günləri miqdarı» və «müəyyən edilmiş əmək günləri minimumu» haqqında məlumatlar göstərilməmişdir. Bu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-980/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında məhz dağ-mədən işləri üzrə “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” peşəsi güzəşti şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Odur ki, iddiaçının da dağ-mədən sahəsində çalışıb-çalışmadığının müəyyən edilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Lakin apellyasiya məhkəməsi iddiaçının çalışdığı vəzifələrin dağ-mədən sahəsinə aid olub-olmadığını araşdırmamış, heç bir yoxlama aparmadan və öz mövqeyini əsaslandırmadan iddiaçının çalışdığı peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğunu müəyyən etmişdir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun məktubunda da qeyd edilmişdir ki, “Azərdövlətlayihə” İnstitutunda mühəndis-geoloji axtarış işlərində çalışan işçilərin, o cümlədən qazma ustası-sürücü işlərində çalışanların vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda yer almamışdır. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.” Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixdən sonra yarandığı üçün ona hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə kimi) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (hazrda qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. İddiaçının xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda işlədiyi dövlərin ümumi əmək stajına hesablanmalı olmaması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyət göstərdiyi Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmiş və qeyd olunmuşdur ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədlərinin işğal zonasında qalması ilə əlaqədar İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat olmadığı üçün hazırda iddiaçının əmək stajını təsdiq edən əsas sənəd olaraq əmək kitabçası nəzərə alınmalıdır. İddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının vaxtilə işlədiyi kolxozun arxiv sənədləri işğal zonasında qaldığından fəaliyyəti haqqında ətraflı məlumat əldə etməyin mümkünsüzlüyü onun təqsiri deyil. İddiaçı iş stajını sübut edən zəruri faktiki şərtin mövcudluğunu, yəni kolxozda işləməsinə dair müvafiq qeyd olan əmək kitabçasını təqdim etmişdir. Digər tərəfdən kolxoz barədə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən minimum əmək iştirakı norması kolxoz üzvlərinə (kolxozçulara) şamil edilmişdir. İddiaçı isə həmin kolxozda sürücü işləmişdir, yəni kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını təmin edən şəxs olmamışdır. Odur ki, iddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Bu zaman onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ən azı 25 il 10 ay 22 gün ümumi əmək stajı var (Mübahisələndirilməyən dövr (xx.xx.1981xx.xx.1981-ci il və xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) və kolxozda işlədiyi dövr (xx.xx.1982-xx.xx.1993-cü il)). İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajı ilə bağlı mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olmalı qənaətinə gələrkən ona istinad etmişdir ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustasısürücü vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi Qərarı: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər. Məhkəmə tərəfindən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna ünvanlanmış “İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarına əsasən əmək şəraitinin zərərli və ağır peşə hesab olunması, yerinə yetirdiyi işin xüsusiyyəti, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilməsi və iş həftəsi barədə ətraflı məlumatın təqdim edilməsi” barədə sorğulara cavab olaraq, iddiaçının geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası-sürücü vəzifəsində işlədiyi bildirilsə də, dəfələrlə məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq, iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri və vəzifə təlimatları barəsində məlumat təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi kifayət qədər əsas olmadan iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli Qərarının 1.3-cü bəndində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən peşələr siyahısında nəzərdə tutulmuş işlərdə çalışması və güzəştli şərtlə pensiya hüququ verən əmək stajına malik olması ilə bağlı düzgün olmayan qənaətə gəlmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icra edilməsi məqsədilə təkrar apellyasiya baxışı zamanı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu və xüsusi stajı göstərilməklə öz fəaliyyətini hansı müddətdə və hansı işləri yerinə yetirdiyi, onların zərərli peşəyə aid olub-olunması barədə dəqiqləşdirilmiş ətraflı arayışı (güzəştli arayışı) qısa müddət ərzində məhkəməyə təqdim edilməsi məqsədilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə sorğular göndərilmişdir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2025-ci il tarixli, 3-18-10/2-2293/2025 nömrəli məktubda qeyd edilir ki, məktubda tələb olunan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” təsbit olunmuş aidiyyatı kodlara uyğunluğu təyin etmək İnstitutun səlahiyyətinə aid deyil. Həmçinin, iddiaçının “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda mühəndis geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində buruq-qazma ustası sürücü vəzifəsində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən dağ-mədən sahəsinə aid olub-olmaması barədə məhkəməyə ətraflı məlumatın təqdim edilməsi məqsədilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə təkrar sorğular göndərilmişdir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 01 avqust 2025-ci il tarixli, 3-18-10/2-2438/2025 nömrəli məktubda qeyd edilir ki, “məktubda tələb olunan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarına əsasən İddiaçı işlədiyi peşənin dağ-mədən sahəsinə aid olub-olmaması barədə məsələyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 6 yanvar 2017-ci il tarixində İN/L10/2017 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlər mühəndisgeodeziya, mühəndis-geoloji axtarış, mühəndis-hidrogeoloji axtarış, geofiziki, qruntların laboratoriya tədqiqatından ibarətdir”. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının 2008-ci ildən hazırki vaxta qədər işlədiyi sahə dağ-mədən sahəsinə aid deyildir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışması və tələb olunan güzəştli iş stajının olması ilə bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-10492/2023 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-10492/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar