Məhkəmə qərarları › İş №2-1(103)-283/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-283/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-283/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunazidd hesab edilməsi və icra sənədinin məcburi icra edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunazidd hesab edilməsi və icra sənədinin məcburi icra edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4906/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2021ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yaşayış sahəsi 53.4 kv.m, köməkçi sahəsi 28.37 kv.m olmaqla, cəmi 81,77 kv.m birmərtəbəli fərdi yaşayış evi inşa edilmiş və 55,0 kv.m yarımçıq tikilisi mövcud olmuşdur. Həmin tikililər “Ağ şəhər” layihəsi çərçivəsində sökülmüş, iddiaçıya sökülən evə görə Xətai rayon İcra Hakimiyyəti tərəfindən 06 noyabr 2017-ci il tarixdə 74677.50 manat vəsait ödənilmişdir. İddiaçı Xətai rayon İcra Hakimiyyətinə qarşı evin söküntüsü ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.08.2018-ci il tarixli 2-1(81)-709/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Xətai rayon İcra Hakimiyyətindən 77837 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Lakin Bakı Apelyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli 2-1(103)-2477/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq, iddia tələbi qismən təmin edilməsi, Xətai rayon İcra Hakimiyyətindən iddiaçının xeyrinə yarımçıq tikilinin sökülməsinə görə 2750 manatın tutulması və iddianın qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.06.2019-cu il tarixli 2-1(102)-1484/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli 2-1(103)-2477/2018 nömrəli qərarı mənəvi zərərə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun Xətai rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1(82)-709/2018 saylı 23.07.2019-cu il tarixli icra vərəqəsi Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Gündüz Sadıqov tərəfindən 09.08.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. İcra işinin materiallarından müəyyən olunur ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilmiş 74.677,50 manat məbləğindən sonra məhkəmə qərarları ilə nəzərdə tutulmuş məbləğlər – yarımçıq tikilinin sökülməsinə görə 2750 manat və mənəvi zərərin əvəzi qismində 2000 manat ödənilməmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunduğu və maliyyə vəsaiti açılacağı təqdirdə qərarın icra olunacağı bildirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli 2-1(82)-709/2018 nömrəli qərarı ilə onun Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən 81,77 kv.m yaşayış sahəsi və 55 kv.m yarımçıq tikilinin sökülməsinə görə 77.837 manat məbləğində kompensasiyanın Xətai rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 23.07.2019-ci il tarixli, 2-1(82)-709/2018nömrəli icra sənədi icra məmuru Gündüz Sadıqov tərəfindən bir ildən çox icraata qəbul edilsə də, faktiki olaraq hal-hazıradək məhkəmə qərarı borclu tərəfindən icra edilməmiş, tələbkarın məhkəmə qərarının icra edilməməsindən narazı olmasına baxmayaraq, borclu orqan barəsində “İcra haqqında» Qanunda nəzərdə tutulmuş icra tədbirlərinin heç biri həyata keçirməmişdir. Bundan əlavə cavabdehdən 2000 manat pulun mənəvi zərərə görə də tutulması nəzərdə tutulmuşdur. İş üzrə verilmiş apelyasiya və kassasiya şikayətlərinə baxıldıqdan sonra məhkəmə qərarının icrasının təmin edilməsi üçün icra vərəqəsi Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 09.08.2019-cu il tarixdə icra məmuru G.Sadıqov tərəfindən 09.08.2019-cu il tarixi icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Lakin icra məmuru bu günədək məhkəmə qərarının icra olunmasına nail olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4906/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.07.2019-ci il tarixli 2-1(82)- 709/2018 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4906/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən verilmiş məlumatlar məhkəmə tərəfindən araşdırılmadan qəbul edilmişdir. İcra Hakimiyyəti tərəfindən onun mənzili dağıdılmış, həmçinin məhkəmə qərarı gözlənilmədən ona deyil, 06 noyabr 2017-ci il tarixdə banka 74677 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla bağlı iddiaçı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona 7810 manatın (3160, 2750 və 2000 manatın) dərhal məcburi icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün 21.10.2020-ci il tarixli məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddiaçının tələbinin təmin olunmadığı “icra sənədinin məcburi icra edilməsi barədə qərar qəbul edilməsi” hissəsində yoxlanılır. İşdən görünür ki, İddiaçı cavabdeh Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı tələbi 23.07.2019-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı cavabdehin hərəkətsizliyin qanunsuz hesab edilməsi və icra sənədinin məcburi icra edilməsi ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin 23.07.2019-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyini qanunsuz hesab edərək, bu hissədə iddia tələbinin təmin olunması, “icra sənədinin məcburi icra edilməsi” ilə bağlı tələbin isə təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarlarının icra edilməsinin məcburiliyi qanunvericiliklə nəzərdə tutulmaqla məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan məcburi icra olunmalı olduğundan və bu barədə ayrıca məhkəmə qərarının qəbul edilməsi zərurəti olmadığından “icra sənədinin məcburi icra edilməsi” ilə bağlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmadığı hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göründüyü kimi, məhkəmə qərarının məcburi icra edilməsi qanunvericiliklə müəyyən edilmişdir. Buna görə də məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan məcburi icra olunmalı olduğunu nəzərə alaraq Kollegiya hesab edir ki, məhkəmə qərarının məcburi icra edilməsi ilə bağlı ayrıca məhkəmə qərarının qəbul edilməsinə ehtiyac yoxdur və bununla bağlı iddia tələbini birinci instansiya məhkəməsi düzgün olaraq təmin etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal xarakter daşıyıb qərarın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4906/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddia tələbinin təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4906/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- “icra sənədinin məcburi icrası ilə bağlı qərar qəbul edilməsi” barədə iddia tələbinin təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar