Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-283/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ezamiyyətdə olması ilə əlaqədar pul vəsaitinin ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2021 saylı 03.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona daxili işlər orqanlarının əməkdaşları üçün qanunvericiliklə nəzərdə tutulumuş imtiyazlar və güzəştlərin şamil edilrək, xidmət etdiyi illərdə yaşayış yerinə görə edilməli olan ödənişləri və ezamiyyət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2015-ci ilin mart ayından daxili işlər orqanlarına işə qəbul olunmuş, Ağdam Rayon Polis Şöbəsinə sahə müvəkkili vəzifəsində, sentyabr ayında isə müstəntiq vəzifəsində çalışmağa başlamışdır. 2017-ci ilin mart ayında Ağdam RPŞ-nin əməliyyat müvəkkili vəzifəsinə təyin olunduqdan sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə uzun müddətli ezam olunmuşdur. 2019-cu ilin yanvar ayında polis orqanından öz ərizəsi əsasında tərxis olunmuşdur. Xidmət etdiyi müddətlər ərzində qanunla müəyyən edilmiş imtiyazlar və güzəştlər ona da şamil edildiyi halda, həmin güzəştlər və imtiyazlar ona tətbiq edilməmişdir. Qarabağ müharibəsi zamanı torpaqlarımız işğal olunduğuna görə iddiaçı və valideynləri məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhərində qohumlarına məxsus mənzildə məskunlaşmışlar. Ağdam RPŞ-yə polis əməkdaşı kimi vəzifələrinin icrasına başlayan zaman Ağdam rayonunda heç bir yaşayış yeri ilə təmin olunmamış və öz şəxs vəsaiti hesabına kirayə mənzildə yaşamışdır. Ümumiyyətlə xidmət etdiyi bütün müddət ərzində yaşayış yeri ilə təmin edilməmişdir. Halbuki, daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Bundan başqa, 2017-ci ilin mart ayından 2019-ci ilin yanvar ayinədək Ağdam RP,-dən Bakı şəhəri Suraxanı RPİ-yə uzun müddətli ezam olunmuş, lakin xidmət etdiyi həmin müddət ərzində ona heç bir ezamiyyə xərcləri verilməmişdir. AR Daxili İşlər Nazirliyinin 6 mart 2017-ci il tarixli Ə180-001-17 nömrəli və 10 mart 2018-ci il tarixli Ə201-001-18 əmrlərinə əsasən müəyyən olunur ki, Ağdam RPŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İddiaçı hər il 12 ay müddətinə müvəqqəti Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilmişdir, Ağdam RPŞ-nin 12 may 2020-ci il tarixli ***-**** Ə3220 nömrəli arayışında da, həqiqətən onun 19 mart 2015-ci il tarixindən 15 yanvar 2019-cu il tarixədək daxili işlər orqanlarında xidmət etdiyi qeyd olunur. Bununla bağlı cavabdehə 14 may 2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin sonuncu 7 iyun 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdtir ki, yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürdüyü yaşayış sahəsindən istifadə haqqı üçün kompensasiya yalnız müvafiq sənədlər təqdim edildikdə verilir. Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili Qaydaları»nın 4.1-ci bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla işçinin ezamiyyə müddəti yolda olduğu müddət hesablanmamaqla 40 gündən çox olmamalıdır. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda nəzərdə tutulmaması baxımından, əməkdaşın xidmət yerinin uzunmüddətli dəyişdirilməsi əsas götürülərək müvafiq sənədlər sənədlər təqdim olunduğu halda pul kompensasiyası məsələsinə baxıla bilər. Cavabdehin imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, cavabdeh inzibati orqana xidmət keçdiyi vaxt yaşayış yerininin olmaması və kirayə mənzil götürməyi ilə bağlı kifayət qədər məlumat, sənəd və sübut təqdim etmişdir. Xidmət keçdiyi Ağdam RPŞ-nin əməkdaşları da bu barədə məlumatlı olub. Cavabdehdə kifayət qədər məlumat və sənəd olmasına baxmayaraq, hal-hazıradək o, xidməti mənzillə təmin edilməmiş və mənzillə təmin edilməyi üçün ona pul vəsaiti ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2021 saylı 03.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə heç bir faktiki və hüquqi hala əsaslanmadan yalnız öz mülahizəsi əsasında qanunsuz qərar qəbul etmişdir. Məhkəmə cavabdehin məcburi köçkünlərlə iş aparılmasına görə məzuniyyət uzunmüddətli məzuniyyətlərə aid edilməməsi və belə məzuniyyət növləri istisna olmaqla işçinin ezamiyə müddətinin yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmaması ilə bağlı mövqeyini təkrarlayaraq ona ezamiyyə xərclərinin ödənilməsi üçün ezamiyyət müddətinin 40 gündən artıq olmamalı olduğunu qeyd edir. Məhkəmə müəyyən etməli idi ki, o, hansı əsasla X3 06.03.2017-ci il tarixli və 10.03.2018-ci il tarixli əmrləri ilə ayorı-ayrılıqda 12 ay müddətinə ezam olunmuşdur. Həmin əmrlərlə o, yerli orqanlara əməli köməklik göstərilməsi üçün müvəqqəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ezam edilmişdir. Məhkəmənin kirayə haqqı ödənişi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş sənədlərin onun tərəfindən təqdim edilmədiyini bildirən mövqeyi də yanlışdır. Belə ki, onun tələbi ezamiyyət xərcləri ilə yanaşı daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində yaşayış yerinə görə edilməli olan ödənişlərin öədnilməsi .hdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur. Zəruri sənədləri cavabdehə təqdim etdiyini iddia ərizəsində qeyd etmiş, lakin məhkəmə iddia tələbini diqqətlə oxumamışdır. Məhkəmə iddia ərizsində göstərilmiş yaşayış yerinə görə edilməli olan ödənişlərin məhz kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş idddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Həbilov iddiaçının apellyasiya şikayətinə etirazını bildirərək göstərmişdir ki, iddiaçının xidmət etmək üçün Ağdam Rayon Polis Şöbəsinə təyin edilsə də, Ağdam rayon köçkünlərinin bir qismi o cümlədən Suraxanı rayonu ərazisində də məskunlaşmışdır. Onun Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində olan xidməti ezamiyyət kimi yox daimi iş yeri olmuşdur. Odur ki, burada ona heç bir ezamiyyət xərcinin ödənilməsindən söhbət gedə bilməz. Bundan əlavə, onun yaşayış yerinə görə ödəniş verilməsinə gəldikdə, bununla bağlı iddiaçı istər nazirliyə istərsə də məhkəməyə heç bir sənəd-sübut təqdim etməmişdir. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş edir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələblərindən göründüyü kimi iki hissədən ibarətdir: 1) Xidmət etdiyi illərdə yaşayış yerinə görə edilməli olan ödənişlərin verilməsi; 2) Ezamiyyət pulunun ödənilməsi. İddiaçının tələbinin birinci hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 104-cü maddəsinə görə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən:
1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir: Bakı şəhərində - 47 manat; başqa şəhər və rayon mərkəzlərində - 33 manat; digər yaşayış məntəqələrində - 27 manat. Daxili işlər orqanları əməkdaşlarına onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün onlara yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir. Həmin “Qayda”nın 2-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər: əməkdaşın raportu; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında arayış; müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd; xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub olunmaması haqqında arayış; əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.
3. Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.
4. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir.
5. Daxili işlər orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir. Lakin işə əlavə olunmuş cavabdeh Nazirliyinin Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanlanmış 2 iyun 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən “Qayda”da tələb olunan aidiyyəti illərə dair təsdiqedici müvafiq sənədlər Maliyyə-Plan İdarəsinə təqdim edilməmiş və ona bildirilmişdir ki, həmin sənədlərin təqdim edildiyi təqdirdə, həmin ödənişin verilməsi məsələsinə baxıla bilər. Eyni zamanda, iş materiallarına əsasən də müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə də qeyd olunan sənədlər təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində istinad etdiyi hallar təsdiqedici sübutlarla əsaslandırılmamışdır. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının iddia tələbinin ezamiyyət xərcələrinin ödənilməsi ilə bağlı olan 2-ci hisssinə gəldikdə isə onun həmin tələbinin də təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu onun tərəfindən sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri İlə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları»nın 4.1-ci bəndi nəzərdə tutur ki, işçinin ezamiyyə müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır: ağır cinayət İşlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda; Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyələr zamanı, ixtisasartırma kurslarına göndərildikdə; xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. İddiaçı tələbində Daxili İşlər Nazirliyinin 6 mart 2017-ci il tarixli Ə180-001-17 nömrəli və 10 mart 2018-ci il tarixli Ə201-001-18 əmrlərinə əsasən Ağdam RPŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İddiaçı hər il 12 ay olmaqla, dalbadal 24 ay, yəni 2 il müddətinə müvəqqəti Bakı şəhəri Suraxanı RPİ-yə ezam edildiyini israrla mübahisələndirsə də, faktiki olaraq həmin müddətdə onun Bakı şəhəri Suraxanı RPİ-də daimi iş yeri kimi xidmət etməsi kimi qiymətlənişdir. Ən azından ona görə ki, «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları»nın qeyd olunan 4.1-ci bəndinin mənasından görünür ki, “ezamiyyə”, 40 gündən çox olmayan (işçinin yolda olduğu müddət hesaba alınmamaqla) müddəti əhatə edən bir anlayışı özündə əks etdirir. Digər tərəfdən, iddiaçının qeyd olunan əmrlərə əsasən 2017-2018-ci illərdə xidmət keçmək üçün “Suraxanı RPİ-yə göndərilməsi, «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları»nda sadalanan məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyə hallarına da uyğun gəlmir. Başqa sözlə, belə hal qaydalarda nəzərdə tutlmamışdır. Məhz, bu baxımdan da, cavabdeh iddiaçıya ünvanlanladığı 2 iyun 2020-ci il tarixli məktubunda ona ezamiyyə xərcləri verilməsi mümkün hesab olunmamışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıdığın mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2021 saylı 03.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 34, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2021 saylı 03.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Elmira Nağıyeva