Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-283/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin ediməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və müraciətinə imtina cavabı almışdır. İmtina məktununda göstərilmişdir ki, AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügüdən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması orada olan məlumatları həqiqiliyinə əsaslı şübhə yaradır. Bundan başqa, 41 səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixdə açıldığı göstərilsə də, “Kürdəmir Rayon X3 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan" adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd olunub. Eyni zamanda Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3- 48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən də, həmin dövrü onun iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajınız 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçı qeyd etmişdir ki, o, xx xxx 1969-cu ildə doğulmuşdur. Əmək fəaliyyətinə doğulduğu Kürdəmir rayonunun “Şirvan” kolxozunda başlamışdır. xx.xx.1984-cü il tarixdə “Şirvan" kolxozunun fermasında gecə gözətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1986-cı il tarixdə öz ərizəsilə işdən azad edilmişdir (2 il 1 ay 24 gün). xx.xx.1986-cı il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağrıldığı üçün təhsil müəssisəsi akademik məzuniyyət verməklə xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasında SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir (2 il). xx.xx.1989-cu il tarixdə yenidən təhsilini davam etdirmiş və xx.xx.1991-ci il tarixdə texnikumu bitirmişdir (2 il 4 ay 8 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixlərindək 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir (13 il 01 ay 03 gün). xx.xx.2004-cü il tarxdən xx.xx.2006-cı il tarixədək 3 saylı Neft və qazçıxarma sexinin neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir (01 il 05 ay 00 gün). Beləliklə, onun xx.xx.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş sajı 14 il 06 ay 03 gün, ümumi iş stajı isə 21 il 04 gündür. Cavabdeh tərəfindən onun “Şirvan” kolxozunda işlədiyi illər mübahisələndirilmişdir. Belə ki, cavabdeh qeyd edir ki, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügüdən səhifələrdə sözlərin orada olan məlumatları həqiqiliyinə əsaslı şübhə yaradıb. Bununla bağlı iddiaçı qeyd etmişdir ki, xx.xx.1984- xx.xx.1986-cı il tarixlərəi arasındakı dövrlərdə o, orta məktəbin 9-10-cu sinifində təhsil almaqla bərabər ailə vəziyyətilə əlaqədar gecələr də kolxozun fermasında geçə gözətçisi işləmişdir. Bakı Neft Texnikumuna imtahan verdiyi zaman işdən çıxmışdır. 11 avqust 1986- cı il tarixdə texnikuma qəbul olmuş, sonra həqiqi hərbi xidmətə çağırılmış, qayıtdıqdan sonra təhsilini davam etdirmiş və məktəbi bitirdikdən sonra xx.xx.1991-ci il tarixdən 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da “Neft Daşları"nda işləyirir. O, kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamış və onun bu barədə məlumatı da olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan" kolxozunun idarə binası yandıqdan sonra açılmışdır. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunın adı belə kəndin üzərindən götürülmüş, kənd özünün əvvəlki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə "Muradxan birgə təsərrüfatı" yaradılmışdır. Həmin təsərrüfatın sədri isə X11r. Şirin Şirinov həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaratmış və kolxoza dair müvafiq sənədləri seyfində saxlamışdır. Hansı ki, kolxozun ümumi yığıncağının qərarlarının, əmr kitablarının və yazılımış və yazılmamış əmək kitabçararının bir qismi seyfdə saxlanılmışdır. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişlər. O da kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. Ona də əmək kitabçasını mərhum atası X2 müraciət edərək almışdır. Ona görə də cavadehin irad tutduğu kimi, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə yazılışında qarışıq olaraq kiril və latın hərflərindən istifadə olunması mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması zəruri şəraitdən yaranmışdır. Dövlətimiz artıq kiril əlifbasından latın əlifbasına keçdiyi üçün həmin dövrün orta yaşlı adamları üçün bu gözlənilən bir hal idi. İnsanların latın qrafıkasına tam keçməsi bir xeyli zaman almışdır. Cavabdehin “Bundan başqa, 41 səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixdə açıldığı göstərilsə də, “Kürdəmir Rayon X3 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401- 37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd qeyd olunub. Eyni zamanda Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023cü il tarixli 3-48-25/2- 21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub” kimi iradına iddiaçı bildirmişdir ki, o əmək kitabçasını son dövrlərdə əldə etmiş olsaydı, elə əmək kitabçsının açılma tarixini yanğından əvvəlki tarixə qeyd etdirərdi və bu gün də bu problem yaranmazdı. 2006-cı il yanvarın birinədək 21 il 03 gün ümumi və 14 il 06 ay 03 gün xüsusi iş stajı qazandığı üçün o, 52 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, M.X13 təqdim etdiyi AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bundan başqa, 41- ci səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2- R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunub. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin iddiaçıya dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Göstərilən səbəblərdən həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi qərarın əsaslandırma hissəsində cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinin əsas səbəbi iddiaçının əmək kitabçasının 41- 43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələrin yaratması ilə bağlı olduğunu qeyd etsə də, məhkəmə araşdırması nəticəsində gəldiyi qənaətə görə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının, onda olan məlumatların həqiqətə uyğun olmamasını sübut edə bilmədiyini əsas götürərək iddia tələbini təmin etmişdir. Lakin məhkəmə obyektiv araşdırma aparmamış, cavabdeh tərəfindən imtina əsası kimi göstərilmiş hallara hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və tələb olunan xüsusi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1969-cu il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olubolmamasını) işəgötürən müəyyən edir. İş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİnin pux-02/39 nömrəli, xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1991-xx.xx.2004-cü illərdə 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz çıxarma üzrə operator peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 1 ay 03 gün təşkil edir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsi, 2 yarımbölməsinin, a bəndinə əsasən (kod 1100000a-15824) Neft və qaz hasilatı üzrə operator vəzifə koduna uyğundur. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin pux-02/39 nömrəli, xx.xx.2023-cü il tarixli “şəxsin güzəştli şərtlərlə şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2004-xx.xx.2006-cı illərdə 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz çıxarma üzrə usta peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 01 il 05 ay 00 gün təşkil edir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsi, 2 yarımbölməsinin, b bəndinə əsasən (kod 1100000b- 23187) Neft və qazçıxarma üzrə usta vəzifə koduna uyğundur. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - neft və qaz hasilatı üzrə operator və neft və qazçıxarma üzrə usta peşələrində 10 ildən çox işləməsi “Azneft” İB-nin güzəştli staj barədə arayışları ilə təsdiq olunmaqla, iddiaçının tələb olunan əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. İşin mübahisəli halı tələb olunan ümumi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 18 il 10 ay 10 gündür (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər). İş materiallarında olan HT-İ 566892 №li diplomunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1986-cı ildə Bakı Neft texnikumuna daxil olmuş və 1991-ci ildə həmin texnikumu bitirmişdir. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 486 nömrəli arayışından görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı 04.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRi SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. SSRİ MN-nin xx.xx.1989-cu il tarixli 177 saylı əmri ilə ehiyata buraxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinnin 328 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 11 avqust 1986-cı il tarixində 435 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 26 iyun 1987-ci il tarixdə 417 saylı əmrlə hərbi xidmətə getməyinə görə ona akademik məzuniyyət verilmişdir. 06 sentyabr 1989-cu il tarixində 476 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 11 may 1991-ci il tarixində 476 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinı görə ona “neftçi-texnik” ixtisas dərəcəsi və ИТ № 566892 saylı diplom verilmişdir. Diplom blankı yazılarkən məzunun adı Mayis deyil, səhvən Mais yazılmışdır. Arayışın qeyd hissəsində yazılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1997-ci il tarixli 101s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı NeftEnergetika Kolleci yaradılmışdır. ИТ-İ ******* №li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı SOCAR “Azneft” İB-nin 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş, xx.xx.2004-cü il tarixdən usta vəzifəsinə təyin edilmiş, və hal-hazırda həmin vəzifədə işləyir. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrləri əhatə edir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bundan başqa, 41-ci səhifədə əmək kitabçanın xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunub. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin ona dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunub. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. İlkin olaraq xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrlə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması dəlilinə münasibətdə qeyd edilməlidirr ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işə daxil olması barədə əmrlərdən qeydlər aparılarkən işəgötürən tərəfindən bu qeydlərin aparılması ilə bağlı cavabdeh inzibati orqanın qeyd etdiyi imtinanın əsası kimi mütləq göstərici mövcud deyildir. Bundan əlavə, cavabdehin istinad etdiyi eyni faktla bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə özlüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edildiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrdə Kürdəmir rayonu “Şirvan” adına kolxozda işləməsi iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Muradxan Kəndı “Muradxan birgə təsərrüfatı” tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 137 nömrəli arayışdan görünür ki, verilir İddiaçı ondan ötəri ki, o həqiqətən də xx.xx.1984-cü il tarixli 14 nömrəli protokol əsasında xx.xx.1984-cü il tarixli 17 nömrəli əmrlə Kürdəmir rayonu Şirvan kolxozunun fermasında gecə qarovulçusu vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli 15 nömrəli protokol əsasında xx.xx.1986-cı il tarixli 19 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmişdir. Arayış xx.xx.1996-cı ildə “Muradxan birgə təsərrüfatı”nın sədri Şirinov Şirin tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Kürdəmir Rayon Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-18-215/2-R-401-37/23 saylı arayışdan görünür ki, Kürdəmir rayon Muradxan kəndi “Şirvan” adına kolxozunun idarə binasında xx.xx.1998-ci ildə 05:00 radələrində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində idarə binası tamamilə yanaraq məhv olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivinin sorğulara cavab məktublıarından görünür ki, Kürdəmir rayon “Şirvan” adına kolxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Bububla belə işdə olan X7 notarial qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı əmək kitabçası (kolxozçunun əmək kitabçası) onun tərəfindən yazılmışdır. Belə ki, İddiaçı 1996-cı ilin iyul ayında ondan Şirvan kolxozunda işləməsində dair arayış istəmişdir və o da həmin arayışı vermişdir. xx.xx.1998-ci il tarixdə Şirvan kolxozunda yanğın baş vermişdir və bina yanaraq tamamilə məhv olmuşdur. Lakin əmək kitabçası seyfdə olduğu üçün onlar seyfi xilas edə bilmişlər. Yanğından sonra kolxozda işləmiş bir çox insanın əmək kitabçaları əvvəlcədən yazılıb seyfə qoyulduğu üçün ümumi qaydada, bir neçə işçinin isə əmək kitabçasında işlədiyi illər yazılmaq üçün heç bir yazılı məlumat olmadığından, onlar kolxozda işləmələrini şahid ifadlələrinə əsasən sübut edirlər. İddiaçı isə əmək kitabçası vaxtı ilə təsərrüfatdan aldığı iş yerindən arayış əsasında seyfdə qalan yazılmamış kolxozçunun əmək kitabçasına yazılmışdır. Əgər əmək kitabçasını o başqa niyətlə yazmış olsa idi, əmək kitabçasına yanğından sonrakı tarixi qeyd edərdi. Həmin yanğın hadisəsi haqqında Muradxan kəndində işləyən bütün işçilərin məlumatı vardır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin vəsatəti əsasında İddiaçı ilə 1984-1986-cı illərdə Kürdəmir rayonu “Şirvan” adına kolxozda işləyən 1958-ci il təvəllüdlü X8 və 1960-cı il təvəllüdlü X15 şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmişlər. Şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, İddiaçıla birgə kolxozda işləmişdir, o, 1976-cı ildən kolxozda çalışmışdır, İddiaçı 1984-1986-cı illərdə kolxozda işləmişdir. Hazırdqa pensiyaçıdır. Həmçinin şahid qismində dindirilmiş X15 ifadəsində qeyd etmişdir ki, İddiaçıla birgə kolxozda işləmişdir, o, briqadir vəzifəsində çalışmışdır, İddiaçı isə kolxozun fermasında işləmişdir. İddiaçı 1984-1986-cı illərdə kolxozda işləmişdir. Hazırdqa pensiyaçıdır. Hər iki şahidin əmək kitabçasının əslinə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, əmək kitabçalarının surətləri iş materiallarına əlavə edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, əvvəllər sözügedən kolxozda işləmiş xx.xx.1958-ci il təvəllüdlü X8, xx.xx.1949-cu il təvəllüdlü X16 və xx.xx.1960-cı il təvəllüdlü X9 məxsus olan pensiya işlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, qeyd olunan şəxslərə məxsus pensiya işlərinin surəti cavabdehin nümayəndəsi vasitəsilə məhkəməyə təqdim edilmişdir. xx.xx.1958-ci il təvəllüdlü X4 məxsus pensiya təyini sənədlərindən pensiyanın avtomatlaşdırılmış formada təyin edildiyi müəyyən edilmişdir. Həmçinin digər şəxslərin hər iki pensiya işinə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. X10 məxsus olan pensiya işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, X17 Rayon Məhkəməsinə onun 1969-1972 və 1977-1998-ci illərdə Kürdəmir rayonunun keçmiş “Şirvan” kolxozunda işləməsi ilə bağlı sosial sığorta stajının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 09 avqust 2012-ci il tarixli, 2(041)- 421/2012 saylı qətnaməsi ilə ərizə qismən təmin edilərək X5 01 avqust 1969-01 sentyabr 1972-ci il və 01 aprel 1977-1998-ci illər ərzində Kürdəmir rayonunun “Şirvan” kolxozunda işləməsi faktı üzrə sosial sığorta stajı müəyyən edilmişdir. Həmin illər X10 pensiya təyin edilərkən nəzərə alınmışdır. X1 məxsus olan pensiya işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, X21 Rayon Məhkəməsinə onun 1980-1986 və 1988-1997-ci illərdə Kürdəmir rayonunun keçmiş “Şirvan” kolxozunda işləməsi ilə bağlı sosial sığorta stajının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2(041)-1711/2015 saylı qətnaməsi ilə ərizə təmin edilərək X6 xx.xx.1980-xx.xx.1986 və xx.xx.1988-xx.xx.1997-ci illərdə Kürdəmir rayonunun “Şirvan” kolxozunda işləməsi faktı üzrə sosial sığorta stajı müəyyən edilmişdir. Həmin illər X9 pensiya təyin edilərkən nəzərə alınmışdır. Qeyd edilən şəxslərə pensiya təyin edilərkən nəzərə alınan məhkəmə qətnamələrindən də görünür ki, Kürdəmir rayon Muradxan kəndi “Şirvan” adına kolxozunun idarə binasında xx.xx.1998-ci ildə yanğın hadisəsi baş verdiyindən idarə binasında olan sənədlər yanaraq məhv olmuşdur. Yuxarıda qeyd edilən pensiya işlərindən göründüyü kimi oxşar hal üzrə digər vətəndaşlara sözügedən dövrlər nəzərə alınaraq pensiya təyinatı aparıldığı halda iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Beləliklə, iş üzrə araşdırmanın nəticəsi olaraq diqqətə çatdırılmalıdır ki, baxış keçirilmiş pensiya işlərindən aydın olduğu kimi eyni mühüm faktiki hallara malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq hazırki iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin səlahiyyətli nümayəndəsi bunu onunla izah etmişdir ki, digər şəxslərin sözügedən dövrlərlə bağlı məhkəmə qətnamələri mövcud olduğu halda, iddiaçının həmin dövr üzrə staj faktı tanınmamışdır. Bununla bağlı da məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçıya sonradan müraciəti əsasında əmək kitabçası açılaraq müvafiq qeydlər səlahiyyətli şəxs tərəfindən edildiyindən hazırki halda iddiaçından mülki məhkəmə icraatı qaydasında həmin dövrlər üzrə fakt təsdiqinin aparılmasının tələb edilməsi əsassızdır. Belə ki, qeyd edilən nüanslar nəzərə alınmaqla inzibati icraat qaydasında müvafiq qeydlərə qiymət verilməlidir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hazırki iddia ilə mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən İddiaçı Kürdəmir rayonunun keçmiş “Şirvan” kolxozunda işlədiyi dövr (xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək) onun sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 12, 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi və inzibati məhkəmə araşdırmasının gedişində tədqiq olunan sübutlar - əmək kitabçası, Muradxan Kəndı “Muradxan birgə təsərrüfatı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 137 nömrəli arayış, X7 notarial qaydasında təsdiq olunmuş ərizəsi və şahid ifadələri, müvafiq pensiya işi materialları məcmu şəkildə iddiaçının həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Şirvan kolxozunda işləməsi faktını təsdiq edir. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən ümumi sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4281/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-283/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-283/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver