Məhkəmə qərarları › İş №2-1(103)-2830/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2830/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2830/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4519/2021 saylı, 02.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu 12.10.2017-ci il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən (02.12.2020-ci il) əvvəlki üç il müddət üçün, yəni 02.12.2017- ci ildən hesablanaraq üç illik müddət üçün hesablanan pensiyanın ümumi məbləği 36 aya bölünərək aylıq pensiya məbləğinə əlavə edilərək ödənilmək şərtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxxxxx 1960-cı il təvəllüdlü iddiaçı 08.09.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, 17.11.1980-cı ildən 13.12.1982-ci ilə kimi hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra müxtəlif yerlərdə işləmiş və sonuncu iş yeri 01.08.1983-cü ildən "xxxx" ASC-də 09.04.2015-ci ilə kimi vulkanizator-şin təmiri ustası vəzifəsində işləmişdir. DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2020-ci ilin dekabr ayında müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh 18 yanvar 2021-ci il tarixli məktubu ilə ona imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir(40.400 manat tələb olunduğu halda cəmi 24.532,05 manat təşkil edir). İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4519/2021 saylı, 02.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 12.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (02.12.2020-ci il) əvvəlki üç il üçün, yəni 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətinin əsaslarına görə: «… İddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, 01.08.1983-23.03.1990-cı illərdə "xxxx" müəssisəsində “avtoçilingər” peşəsində; 23.03.1990-09.04.2015-ci illərdə "xxxx" ASC-də “rezin məmulatların təmiri üzrə çilingər-vulkanizator” peşəsində çalışmışdır. İddiaçıya görə, 01.08.1983-09.04.2015-ci illərdə "xxxx" ASC-də çalışdığı vulkanizator-şin təmir ustası peşəsi ona güzəştli şərtlələ yaşa görə əmək pensiyası hüququ verir. İddiaçının istinad etdiyi kodlar aşağıdakılardır: 23200000-16987: presləyicilər — vulkanizatorçular; 23200000-19611: Şin təmiri müəssisələrində şinlərin bərpası və təmiri ilə məşğul olan nahamarlıqları düzəldənlər. Göründüyü kimi, İddiaçının faktiki çalışdığı peşələrlə iddia etdiyi (kodlarına istinad olunan) peşələr üst-üstə düşmü Diqqət edilsin ki, İddiaçı 1983-2015-ci illərdə bir peşədə (vulkanizator-şin təmir ustası) çalışdığını vurğulayır. Lakin bu iddiası, bir tərəfdən, əmək kitabçası ilə təsdiqlənmir. Digər tərəfdən isə, sual meydana çıxır: əgər bir peşədə çalışıbsa, onda İddiaçı niyə iki fərqli kod altında nəzərdə tutulmuş peşələrə istinad edir? Fərz edsək ki, iddiaçı zəruri staj şərtini yerinə yetirib. Bu halda belə, aşağıdakılar diqqətə alınmalıdır.ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinin tələbi diqqətə alınmalıdır. Belə ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. «Əmək pensiyaları haqqında» Qanunun («ƏPQ») 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajıolan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Əmək stajı əvvəlki qanunun ”Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12,5 il müəyyən edilmişdir. Məlum olduğu kimi, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul avında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra "və fərdi hesabın sığorta hissəsində qevdə alınmış pctısiva kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi, ƏPQ-nin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. ƏPQ-nin 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin göstərişləri diqqətə alınmalıdır. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, smək pensiyasının sığorta hissəsinin 1992ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir...» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil V.Heydərov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan əmək kitabçasının və hərbi biletinin (iş vərəqi: 12-15; 23-26) təsdiq olunmuş surətlərinə əsasən 01.01.2006-cı il tarixinə qədər olan müddətdə aşağıdakı iş stajının mövcudluğu müəyyən olunur: 08.09.1976 - 16.10.1980 «Qax rayonu Taxıl məhsulları kombinatı»nda fəhlə ( 04 il 01 ay 08 gün); 17.11.1980 - 13.12.1982 hərbi xidmət - 02 il 26 gün; 25.01.1983 – 20.07.1983 həmin kombinatda fəhlə və «drobilşik» - 05 ay 25 gün; 01.08.1983-23.03.1990- «Qax Avtonəqliyyat müəssisəsi» ndə avtoçilingər - 06 il 07 ay 02 gün; 23.03.1990 - 09.04.2015 "xxxx" ASC-də şin təmiri ustası kimi işləmiş, o cümlədən: 23.03.1990 - 31.12.2005-ci il təraxinə kimi həmin peşədə olan iş stajı - 15 il 9 ay 08 gün təşkil edir. Beləliklə də iddiaçının 01.01.2006-cı il tarixinə qədər 29 il 9 gün əmək stajı müəyyən olunur ki, həmin müddətin də 12 il 6 aydan çoxunu "xxxx" ASC-də rezin məmulatın, o cümlədən - şin təmiredici ustası peşəsində çalışmışdır. Həmin peşə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının «Ümumi peşələr» bölməsinin “23200000-18003” kodu üzrə “vulkanizasiya ilə məşğul olan rezin məmulatların təmirediciləri (sənayedə və nəqliyyatda)” peşəsinə uyğun gəlir. Məhz, adıçəkilən "xxxx" ASC-nin işə əlavə olunmuş 08 nömrəli 08.05.2021-ci il tarixli izahlı arayışından da görünür ki, iddiaçının “23.03.1990-cı ildə 09.04.2015-ci il tarixədək həmin ASC-də işlədyi rezin məmulatların (şin) təmiredici ustası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2 nömrəli Siyahısının “23200000-18003” koduna uyğundur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, iddiaçının o cümlədən, "xxxx" ASC-də «şin təmiri ustası» peşəsində çalışdığı 01.01.2006-cı il tərixinə qədər topladığı 15 il 9 ay 8 gün iş stajının güzəştli pensiya hüququ verən peşəyə aid edilməsində tərəddüd olunan formal xarakterli dəlillərini əsassız sayır. Beləliklə də iddiaçının “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşının tamam olduğu 12.10.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ildən qüvvədə olan redaksiyasında nəzərdə tutlan fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olması tələb olunmur (şəxsiyyət vəsiqəsinə əsasən ( Qax RPŞ. 06.11.2010) xx xxxxxxx 1960-cı ildə anadan olmuşdur). Bu baxımdan, yəni, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə görə iddia tələbinin qanuni əsası kimi 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunduğu və iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya hüquq yarandığı halda cavabdehin apellyasiya şikayətinin iddiaçının fərdi hesabında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olan minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu da sübuta yetirilir. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddiaçıya 57 yaşının tamam olduğu 12.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyini cavabdehə həvalə etməklə, işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir (Cavabdehin imtina məktubundan görünür ki, pensiya təyinatı barədə iddiaçının müraciəti cavabdəehə orqana 02.12.2020-ci il tarixində xaxil olmuşdur). Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4519/2021 saylı, 02.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4519/2021 saylı, 02.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar