Məhkəmə qərarları › İş №2-1(103)-2831/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2831/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2831/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ödənmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsi, yaşa görə pensiya təyin oldunduqdan sonrakı dövr üzrə (xx.xx.2015-ci ildən sonra) 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarının ləğv edilməsi, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və onun nümayəndəsi və vəkili X4 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərarın əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Ona xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyanın yenidən hesablanmasına dair müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda bildirilir ki, Mərkəzi Filial tərəfindən 30 mart 2021-ci il tarixli ərizəsinə əsasən aparılmış araşdırmalar zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 il 6 ay - 58 il 8 ay = 58 ay +144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) əmək pensiyasının (761,29 manat) üzərinə əlavə edilərək (761,29+352,88=1114,17 manat (indeksləşdirilərək hazırda 1575,61 manat)) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 45111,60 manat sığorta kapitalı 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə (761,29+626,55=1387,84 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 1962,77 manat)) sizə ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Qeyd olunanları nəzərə alaraq pensiyanızın növbəti- dəfə yenidən hesablanması məsələsinə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinizdə yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxılacaqdır. Göründüyü kimi, əmək pensiyanızın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasından 6 il müddəti başa çatmayıb. Məlumat üçün bildirilir ki, əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən etibarən 1575,61 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərara əsasən İddiaçı xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 13702,90 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində X6 Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixinədək 1962,77 manat pensiya alıb. Belə ki, pensiyası 761,29 manat olduğu halda xx.xx.2009 və xx.xx.2015-ci ilin 6 ilin hesabında toplanmış sosial sığorta kapitalı və indeksasiya faizləri ilə pensiyası 1962,77 manat olubdur. xx.xx.2021-ci il tarixdə ərizə ilə və əmək kitabçasının surəti ilə müraciət edib ki, ikinci 6 ili, yəni xx.xx.2015-ci il və xx.xx.2021-ci illərin hesabında toplanmış 83.933,29 manat sosial sığorta kapitalı 90%-lə nəzərə alınmaqla alınan 75540,5 manatı 72 aya bölərək alınan 1049,17 manatı pensiyanın üzərinə əlavə etsinlər. Ancaq Mərkəzi filial əksinə pensiyasını azaldaraq 1575 manata salıb. Onunla əsaslandırılıblar ki, xx.xx.2017-ci il tarixdən hesablama səhv aparılıb. 2017-ci ildən 2021-ci ilə qədər ona 1962,77 manat ödənib. Cavabdeh qurum ona bildiribdir ki, hesabında yığılan 45874 manat sosial sığorta kapitalı 130 aya bölünməklə əmək pensiyasının üzərinə hesablanıbdır. Həmin məbləğ 72 aya bölünməklə alınan 637,14 manat onun pensiyasına əlavə olunmalı idi (761,29+637,14=1398,43 manat). İndeksasiya faizləri ilə pensiyası 2309,44 manat təşkil etməli idi. xx.xx.2015 və xx.xx.2021-ci illərin 6 ilinin hesabına toplanmış 83933,89 manat sosial sığorta kapitalının 90%-i nəzərə alınaraq 75540,50 manat 72 aya bölərək alınan 1049 manat pensiyasına əlavə olunmaqla hesablanmalı və pensiyası 2309,44+1049,17=3358,61 manat olmalıdır. Cavabdeh iddiaya etiraz edir və etirazını pensiyanın yenidən hesablanmasına dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iddiaçının pensiya işinin surətindən görünür ki, müvafiq qərarla İddiaçı xx.xx.2009-cu il tarixdən olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********3 saylı “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuşdur. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsi, həmin qərar əsasında onun əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, xx.xx.2009-cu il tarixdən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair qərar qəbul edilmiş, sonradan cavabdeh orqanın müvafiq qurumu tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya verilən pensiyanın hesablanmasında yanlışlığa yol verildiyi nəticəsinə gəlinmiş, xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərar qəbul edilərək artıq ödənilmiş 13702,90 manat əmək pensiyası məbləğinin geri qaytarılması tələb olunmuşdur. İşdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində iddiaçıya verilən pensiyanın hesablanmasında yanlışlığa yol verildiyi müəyyən edilmiş, yalnız bundan sonra iddiaçıya onun müraciəti əsasında məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya təyin edilməsi inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, qeyd edilir ki, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız pensiyanın hesablanmasında yanlışlığa yol verilmiş olmasına dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.9-cu maddəsinə əsasən, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin qanunsuz olaraq iddiaçıdan geri alınması ilə bağlı qərar qəbul edilmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, həmin qərar ləğv edilməli və həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutma qanunsuz hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar