Məhkəmə qərarları › İş №2-1(103)-2832/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2832/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2832/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: Müharibə veteran adı və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-5112/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistan SSR, İcevan rayonu, Vurğun kəndində doğulmuş, xx.xx.2020-ci il tarixdən İİ Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə N saylı hərbi hissədən azad edilmişdir. N nömrli hərbi hissə döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrin sırasına daxildir. İddiaçı “Müharibə veteranı” statusunun verilməsi ilə bağlı cavabdehə müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 325-2/2-Ə-120xx-xx/2024 saylı məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, təqdim olunan sənədlərdə tarixlərin uyğunsuzluğu olduğu üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hesab edir ki, ona müharibə veteranı statusu verilməlidir. Belə ki, 2020-ci ilin oktyabr ayının 06- dan 2020-ci ilin noyabr ayının 10-dək N nömrəli hərbi hissəyə daxil olması və azad olunması barədə qeyd ona verilmiş НЗ seriyalı, ******* nömrəli hərbi biletin 24-cü səhifəsində öz əksini tapmışdır. Bundan əlavə N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2220 nömrəli AKT-da göstərilmişdir ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmrində şəxsi heyətə qəbul olunması, xx.xx.2020-ci il tarixli, 273 nömrəi əmrində Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə gəlməsi, xx.xx.2020-ci il tarixdə qeyd olunmasına baxmayaraq, gəlməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir. Lakin vətəndaş İddiaçı SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 2442 nömrəli ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə xx.xx.20220-ci il tarixdə girməsi və xx.xx.2020-ci il tarixdən hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-5112/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. 28 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında, iddiaçı ilə N saylı Laçın batalyonunda birlikdə olduğunu, İddiaçı silahsursat daşıdığını, özünün isə yaralı şəhidlərin daşınmasına iştirak etdiyini bildirmişdir. Həmçinin özünün də müharibə veteran adı və vəsiqəsinin verilməsi ilə bağlı iddia tələbi olmuşdur. Hazırda qərar qanuni qüvvəsini alıb. Hər birində məsələ eyni formada baş vermişdir. Çünki onlara ezamiyyət vərəqələri verilib, lakin onlara möhür vurulmayıb.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-25-2/2-Ə-120xx-xx/2024 nömrəli məktubla imtina edilmişdir.

12. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən, hərbi biletin 24cü səhifəsində qeyd edilmişdir ki, “Vətən müharibəsi” zamanı xx.xx.2020-cii l tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə mülki sürücü vəzifəsində fəaliyyət göstərmişdir. Əsas: N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 380 nömrəli arayışı.

13. N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 532 nömrəli məktubla İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi haqqında arayış məlumatı, aktı, əmrdən çıxarış və arayış Komissiyaya təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: -xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında xx.xx.2024-cü il tarixli akt № 2220 d/o 2220 qeydiyyatında olan N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. -N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş “Vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” 2220 nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi kapitan X10, hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi vəzifəsini icra edən kapitan X9, hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi vəzifəsini icra edən kapitan X7, hərbi hissənin nizami hissə rəisi baş leytenant X12, qərargah taqımının, rabitə manqasınn manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X1 aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətəndə, İddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə gəlməsi, xx.xx.2020-ci il tarixdə qeyd olunmasına baxmayaraq, gəlməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir. Lakin İddiaçı SOCAR Nəqliyyat Departamentinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 2442 nömrəli ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdə gəlməsi və xx.xx.2020-ci il tarixdən hərbi hissədən getməsi barədə hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. -N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti”nin aşağıda adları qeyd olunan işçiləri hərbi hissədən ezamiyyətdən getmiş hesab edilmişlər. 1. İddiaçı (Əsas: “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti”nin xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqəsi. N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən kapitan Nuran Quliyev və nizami hissə üzrə rəisi baş leytenant Emin Əliyev tərəfindən tərtib edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə” arayış məlumatına əsasən İddiaçı N nömrəli hərbi hissədə, döyüş əməliyyatları aparılan zaman (01.10-xx.xx.2020-ci il tarixlərdə) mülki sürücü vəzifəsində, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuşdur. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması barədə xx.xx.2020-ci il tarixli, N nömrəli əmr mövcuddur.

14. N nömrəli hərbi hissənin təminat bölüyünün komandiri V.Mustafayev, qərargah taqımının rabitə manqa komandiri Saib Məmmədmirzəyev və maddi-texniki təminat bölməsinin texniki təminat xidmət rəisi Z.Həsənov tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Veteran adının və vəsiqəsinin verilməsi üzrə komissiyanın sədrinə ünvanlanmış izahatlara əsasən, İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texiki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır. Lakin vətəndaş İddiaçı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

15. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş 2442 nömrəli ezamiyyət vəsiqəsinə əsasən İddiaçı Nİ 4TND 4AXXTS ** JE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vsitəsilə xüsusi döyüş əməliyyatlarında iştirak etmək üçün xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə (9 gün) müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-25-4/2-977/2025 nömrəli məktubla İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti ilə əlaqədar müvafiq sənədlərin surətləri (arayış məlumat, əmrdən çıxarış, ezamiyyət vərəqəsi, akt) məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

24. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab verməməklə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

26. İddiaçının xx.xx.2020-ci il tarixdə sürücü qismində təhkim edilməsi və döyüş əməliyyatları bölgəsinə (Füzuli, Xocavənd, Cəbrayıl) ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində sürücü fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir.

27. İş materiallarına əlavə edilmiş НЗ seriyalı, ******* №l-i hərbi biletə əsasən, iddiaçı mülki sürücü - kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Məhkəmə araşdırması zamanı N nömrəli hərbi hissənin rəhbər vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş, arayış-məlumat, akt və hərbi hissənin nizami hissə üzrə əmrlərində çıxarışına əsasən müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texiki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır. O, qanuni əsaslarla - hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir.

28. Beləliklə, cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi- texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına sürücü xidməti göstərmək məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə sürücü xidməti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

32. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-5112/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar