Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2833/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7323/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək onun "xxxx" MMC-nin direktoru vəzifəsində olan əmək müqaviləsinə “ƏMAS” alt sistemində Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-də direktoru vəzifəsində işə qəbul olunmuşdur. Bir müddət sonra təsisçilər müəssisənin fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək fəaliyyəti dayandırılması və təsərrüfat subyektinin ləğv olunması ilə bağlı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdirlər. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında müvafiq qərar qəbul olunmuş, müəssisə ləğv edilmişdir. Texniki səhv nəticəsində iddiaçının adı "xxxx" MMC-nin direktoru kimi əmək müqaviləsi bildirişi elektron informasiya alt sistemindən çıxarılmamışdır. Bu səbəblə əlaqədar olaraq iddiaçı işə düzəlməkdə çətinlik çəkdiyini bildirmişdir. Belə ki, işəgötürən əmək müqaviləsi bağlayarkən iddiaçının iş yeri kimi "xxxx" MMCnin direktoru vəzifəsi göstərilir. İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə etdiyi müraciətin cavabına əsasən X3 Xidmətinə ərizə ilə müraciət edərək “ƏMAS” alt sistemində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin X3 Xidmətindən iddiaçıya zəng edilərək müraciətin mümkünsüz olduğu bildirilmiş, müvafiq məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Əmək müqaviləsinə xitam yalnız işəgötürən tərəfindən, bu üzürlü səbəblərə görə mümkün olmadıqda isə X3 Xidməti tərəfindən verilir. Əmək müqaviləsi bildirişi elektron informasiya alt sisteminə və yeni yaranmış “ƏMAS” alt sisteminə birbaşa nəzarət və lazım olduqda birbaşa müdaxilə X3 Xidmətinin səlahiyyətindədir. İddiaçı işədüzəlməkdə çətinlik çəkdiyini, müqaviləsiz işləməyin qanunsuz olduğunu bilən işəgötürənlərin onunla əmək münasibətləri yaratmaq istəmədiyini əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7323/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi işəgötürənlə aralarında bağlanmış əmək münasibətlərindən irəli gələn mübahisə deyildir, iddia ərizəsinin məzmunundan görünür ki, müvafiq əmək müqaviləsi əsasında işlədiyi “QOR” Company” MMC xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan görünür ki, tərəfindən "xxxx" MMC-nin hüquqi şəxs kimi ləğv edilməsinə, "xxxx" MMC hüquqi şəxs kimi ləğv edilərkən texniki səhv nəticəsində Cəmiyyətin direktoru vəzifəsindən azad edilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə, bu səbəbdən hazırda başqa işə düzəlməkdə çətinlik çəkdiyinə Dövlət Vergi Xidmətinə etdiyi müraciətinə əsasən ona X3 Xidmətinə müvafiq ərizə ilə müraciət etməyinin izah olunmasına, həmin izaha əsasən tərəfindən sözügedən Xidmətə müraciət etdiyinə əsaslanaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul olunan qərardaddan görünür ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq iddianı mümkün saymamış və hesab etmişdir ki, hazırkı vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədinə nail olmağı üçün əmək müqaviləsinin ləğv edilməsi faktının müəyyən edilməsi üçün səlahiyyətli ümumi məhkəməyə müraciət etməlidir. Hesab edir ki, məhkəmə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin də hazırkı iş üzrə olan qərardadının məzmunundan da görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanına əsasən X3 Xidməti mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (fərdi sahibkarlar) tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və əmək Məcəlləsinin tələblərinə əməl olunmasına, eləcə də elektron informasiya sisteminin idarə edilməsinə dövlət nəzarətini həyata keçirir. Yəni cavabdeh təşkilat əmək müqavilələri alt sisteminin bilavasitə idarəedicisidir. İşin mübahisəsiz halıdır ki, əmək müqaviləsi alt sisteminin idarəedicisi və nəzarətçisi olan Xidmətin icazəsi və faktiki iştirakı olmadan həmin sistemə hər hansı formada daxil olma mümkün deyildir. Nəzərə alınmalıdır ki, bu Xidmətin həyata keçirməli olduğu hərəkəti həyata keçirməməsi səbəbindən tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Hətta nəzərə alınmalıdır ki, əmək müqaviləsinin ləğv edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilərsə, bu barədə qəbul olunmuş qətnamə yalnız Xidmət tərəfindən icra edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilən tələblər cavabdehin səlahiyyətlərinə aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmin Qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Kollegiya ilkin olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəfi deyil. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyula bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X3 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC-nin “Hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında” müraciətinə əsasən vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı olaraq mümkün sayılmamış və iddiaçıya hüquqi yardım olaraq əmək müqaviləsinin ləğv edilməsi faktının müəyyən edilməsi üçün səlahiyyətli ümumi məhkəməyə müraciət etməli olması izah olunmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7323/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2833/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2833/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver