Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2833/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1096/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə (prosessual müddətin bərpası barədə ərizəyə) 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********029800 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, müxtəlif vaxtlarda sərəncamlarla iddiaçının bank hesabından silinmiş pul vəsaitlərinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********029800 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1096/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ünvanlayaraq, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsinin mümkün hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 9-1.2-ci maddəsinə əssən Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan müddətin bərpası barədə ərizəyə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1096/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə məxsus olan elektron kabinetə yerləşdirilmiş, apellyasiya şikayəti isə məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə daxil olmuşdur və bununla bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim edilərək buraxılmış müddətin üzürlü hesab edilməsi xahiş edilmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakıi İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2- 1(112)-1096/2024 nömrəli iş üzrə qəbul etdiyi Qərar “X5 və KonsaltinqXidmətləri” MMC-nin elektron kabinetinə yerləşdirilsə də, həmin qərarın yüklənməsi mümkün olmamışdır. Daha sonra yaranmış problemlə bağlı hakim otağı ilə əlaqə saxlanılmış, sözügedən qərarın əldə edilməsi üçün elektron kabinet vasitəsilə müraciət edilmək istənilmiş, lakin oradan bildirilmişdir ki, hakim Bakı Apellyasiya Məhkəməsinə təyinat aldığından sənəd və müraciətlərin elektron qaydada qəbulu mümkün olmayacaq və qərarı əldə etmək üçün Bakı İnzibati Məhkəməsinin dəftərxanasına ərizə ilə müraciət edilməlidir. Bu səbəbdən tərəflərindən xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək qərarın kağız daşıyıcıda təqdim olunması xahiş edilmişdir. Ərizənin icraatı Bakı İnzibati Məhkəməsinin digər hakiminə həvalə edilmiş, müvafiq qərar xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir.Göründüyü kimi, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraqbərpa edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından aydın görünür ki, məhkəmə aktı iddiaçının elektron kabinetinə məhz xx.xx.2024-cü il tarixində yüklənmiş, bu da o anlama gəlir ki, həmin anda artıq iddiaçının elektron kabineti elektron məhkəmə sitemində mövcud olmuşdur. İddiaçının ərizədə qeyd etdiyi əsaslar üzürlü hesab edilmədiyindən ərizə təmin edilməməli, iddiaçının e-2-1(112)-1096/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Həmçinin, Məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2362/2022 saylı qərardadında qeyd edilmişdir ki,
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 23.05.22-ci il yəni məhkəmə qərarının cavabdehin elektron kabinetinə yüklənməsi tarixindən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARAALDİ:
Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı MMC-nin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1096/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov