Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2835/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X2, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdehə qarşı məhkəməyə müraciət edərək, çıxarışın verilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Krasnaya Zvezda” bağçılıq yoldaşlığının 23-24 ünvanda yerləşən 1.048 kv.m. torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquq müəyyənedici sənəd qismində üzvlük kitabçası mövcuddur. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı daha sonra arvadı İddiaçı adından etibarnamə əsasında Məhkəməyə ərizə ilə müraciət edərək, onunla yanaşı İddiaçı da iddiaçı qismində cəlb edilməsini, “Krasnaya Zvezda” bağçılıq yoldaşlığının 23-24 nömrəli ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçı Ə.Əsədovun, 34-35 nömrəli ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6286/2022 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadlarından birincisi ilə ərizə təmin edilmiş, ikincisi ilə İddiaçı iddia tələbinin 2- 1(112)-3326/2022 nömrə ilə qeydiyyata alınmaqla, müstəqil icraata ayrılması qərara alınmışdır. Bundan sonra iddia ərizəsinə dəqiqləşmə verilərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının 34-35 ünvanda yerləşən və İddiaçı olan üzvlük kitabçasına əsasən onun istifadəsində olan 1.048 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə qismən əsaslıdır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçı müvafiq subyektiv hüquqa malik olmalı; 3. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). Lakin öhdəliyin icrası haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən iddiaçı ilə bilavasitə əlaqəli olanlara iş üzrə əməl olunmur. İşdən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Krasnaya Zvezda” bağçılıq yoldaşlığının 23-24 və 34-35 ünvanlarda yerləşən iki qonşu bağ sahəsi ilə bağlı Məhkəməyə ilk dəfə Ə.Əsədov ona məxsus olduğu irəli sürülən 23-24 nömrəli bağa dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin gedişində sonuncu, arvadı İddiaçı da ona məxsus olduğu irəli sürülən 34-35 nömrəli bağ üzərində hüquqlarla əlaqədar iş üzrə iddiaçı qismində cəlb olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ərizə təmin edilmiş, Məhkəmə öz qərardadında gəldiyi bu nəticəni MPM-in 54.1-ci maddəsi ilə əsaslandırmışdır. Adıçəkilən normaya görə, “İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.” Lakin elə sözügedən qərardadın özündən bəlli olur ki, mövcud iddiaçı (Ə.Əsədov) əsl iddiaçı (İddiaçı) ilə əvəz olunmamış, İddiaçı ona məxsus olduğu irəli sürülən 34-35 nömrəli bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı iddia ərizəsi də təqdim olunmamışdır ki, onun MPM-in 55.1-ci maddəsi (“Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.”) anlamında işə qoşulması və məhz bundan sonra İPM-in 56-cı maddəsinə istinadən bir icraatın müstəqil işlər üzrə icraata ayrılması məsələləri müzakirə oluna bilsin. Məsələnin bu qaydada qoyuluşu İPM-in 30.2-ci maddəsinin (“Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.”) mövcud mübahisəyə tətbiq edilə bilərliyinin müzakirəsini labüd edə bilərdi ki, o halda da başlıca şərt olaraq İddiaçı tərəfindən (müstəqil olaraq yaxud Ə.Əsədovla birgə) iddia ərizəsinin verilməsi zəruri olacaqdı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Lakin şikayət edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtlərinin zəruri prosessual-hüquqi cəhətlərinə diqqət etmədən, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, iddianı təmin etməklə, inzibati prosessual qanunvericiliyin normalarını pozmuş və nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı dəlillərini müzakirə etmədən, qərarın ləğvi hissədə, qismən razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının 34-35 ünvanda yerləşən və iddiaçıda olan üzvlük kitabçasına əsasən onun istifadəsində olan 1.048 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2835/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2835/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver