Məhkəmə qərarları › İş №2-1(103)-2835/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2835/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2835/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsı” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının 1 mart 2018-ci il tarixdən xidmət illərinin 31 il 5 ay 23 gününün 2 %-lə hesablanaraq verilməsini ləgv edərək 3 %-dən yəni 84.4 %-lə hesablanaraq verilməsini, 2018-ci il mart ayından hal -hazıra yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilməmiş 3.575 manatın, əmək pensiyasına çıxdığı 2011-ci il 1 mart tarixdən hal-hazıra 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliliyinin 2212.60 manat olduğunu nəzərə alaraq hesablanmamış 1.42% görə (ayda 22.12 man) 3052.56 manatın, yəni ümumilikdə 6.627.56 manatın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınması ilə əlaqədar öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİO-da güzəştli xidmət illəri ilə birlikdə 31 il 5 ay 23 gün (güzəştli xidmət illəri 11 il 5ay 23 gün) xidmət etdikdən sonra 1 mart 2011-ci ildə xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təmin olunmuşdur. Natamam ildəki iş stajı 5ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmayıb əgər hesablansaydı əmək pensiyası 84,42% olardı, Bununla da 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliliyinin 2212.60 manat olduğunu nəzərə alsaq 1.42% görə (ayda 22.12 manat) 3052.56 manat verilməyib. Eləcə də 7 ildən sonra konstitusiya normasına zidd olaraq Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyası 2018-ci il mart ayından 11 il 5 ay 23 gün illərin hər ili 2%-ə endirərək verilir. Bununla da 2018-ci il mart ayından hal-hazıra yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilməklə iddiaçıdan 3575 manat tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazmış olduğu məktubun cavabı əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərlə tələbinin qanuni olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə orqanlarının borcudur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə Filiala müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən İddiaçı 1 mart 2011-ci il tarixdən Mərkəzi Filial tərəfindən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək 'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 mart 2018-ci il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək ona ödənilən əmək pensiyası 1477,94 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1057,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə362,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə369,95 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə-211,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2214,45 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək censiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan caydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o madıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) -çün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi. İddiaçıya ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi406,97 manat 1 mart 2018-ci il tarixədək olan pensiyanızın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya məxsus kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı onun əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bu səbəbdən də əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmiş, həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanmışdır. Həmin keçmiş müddət üçün hesablanmış 47,44 manat pul vəsaiti 13 oktyabr 2022-ci il tarixdə iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. xx.xx.2022xx.xx.2022-ci il tarixlər arasındakı dövr üzrə İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-178,12 manat maddi yardım ödənilib. Göründüyü kimi İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış və pensiya məbləğinin yenidən hesablanması üçün əsaslar mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1(112)-2793/2023 nömrəli inzibati iş üzrə ddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək əmək pensiyasının xidmət illərinin 31 il 05 ay 23 gününün xx.xx.2017-ci il tarixdən 2%-lə hesablanaraq verilməsinin ləğv edərək 3%-lə yəni 84,4%- lə hesablanaraq hər ay 2355 manat pensiya verilməsi, xx.xx.2017-ci il tarixdən qərar icra olunan aya kimi kəsilərək ödənilməmiş 111 manatın və hər il üçün 5% cavabdehdən alınaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi eyni tarixli qərardadla dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, qeyd etdiyi pensiyanın hesablanması zamanı ƏPQ-nun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”nin ona münasibətdə tətbiq edilməsinə gəlincə qeyd edir ki, hərbi qulluqçu deyildir, daxili işlər orqanının sabiq əməkdaşıdır və ona pensiya hesablanarkən Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablama aparılmalıdır. Məhkəmə onun bu mövqeyimi qərəzli olaraq nəzərə almayıb. Belə ki, ƏPQ-nun: - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Göründüyü kimi o, daxili işlər orqanı əməkdaşı olmaqla ona pensiya daxili işlər əməkdaşlarına pensiya təminatının ƏPQ-nu ilə tənzimlənən qaydasında, yəni Qanunun 20.14.1-ci maddələrinə müvafiq qaydada hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Ancaq təqaüddə olan zaman onların və hərbiçilərin təqaüdləri ayrı-ayrı prezident sərəncamı ilə artırılır. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməməsini əsaslı və qanuni hesab etmir. Məhkəmə heç bir araşdırma aparmamışdır. Məhkəmə qərəzli olaraq təqdim olunmuş sübutları nəzərə almamış və özünün fərziyyəsinə əsaslanaraq hesab etmişdir ki, o, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna düzgün qiymət verməyərək ədalətsiz qərar qəbul etmişdir. Hakim Azərbaycan Respublikasında hüquq və azadlıqların dövlət tərəfindən müdafiə olunmasını nəzərə almamış bununla da Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinin, AR İPM-nin 11.1,12,15.1,58.7,35.1-ci maddələrinin tələblərini pozmaqla onun konstitutsion hüququnu pozmuşdur. İPM-nin 12.3- maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İşin hallarından da göründüyü kimi məhkəmə tərəfindən qanunun qeyd edilən normasının tələbləri ciddi şəkildə pozulmuşdur. Tərəfindən təqdim olunmuş DİN-in 2%-ə endirmə 2017-ci ildən etibarən, sonra təqaüdə çıxanlara adi edilir sözləri yazılmış məlumat vərəqəsi haqda hakim bir kəlmə də olsun qərarda nədənsə məlumat əks etdirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bütün bu səbəblərdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2793/2023 saylı qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, iddiaçının pensiya işinin əslini təqdim edərək, bildirdi ki, iddiaçıya vaxtilə pensiya hesablanarkən həmin zaman qüvvədə olan qanunvericilik normalarına tam riayət edilmiş, “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 1 mart 2018-ci il, daha sonra 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Bu zaman əvvəl hesablanmış pensiya məbləğinin azaldılması və ya həmin zaman 3%-lə hesablanan hissənin 2% hesablanma halı baş verməmiş, sadəcə müvafiq artımlarla bağlı hesablama qüvvədə olan normalara uyğun, Qaydanın 2.5-ci bəndinə əsasən həyata keçirilərək, pensiya məbləği faizi 72,83 %lə hesablanmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Qanunun: - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 9.5-ci maddəsinə əsasəna aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. -20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla (...) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. -26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının: --1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. -2.2-ci bəndinə görə Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: -2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. -2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 11/725 nömrəli qərarı ilə xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqnda” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən etibarən pensiya məbləği artım faizi 72.83 % olmaqla yenidən hesablanmışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin pensiyanın yenidən hesablanması qaydası ilə razılaşmır və iddiasının və apellyasiya şikayətinin əsası kimi aşağıdakı halları mübahisələndirir: - 1 mart 2011-ci ildə 31 il 5 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə təyin olunmuş, lakin natamam ildəki iş stajı 5 ay 23 gün yəni 1,42% əmək pensiyasına hesablanmamışdır, əgər hesablansaydı əmək pensiyası 84,42% olardı; -ƏPQ-nun 20.14.1-ci maddəsində xx.xx.2017-ci il tarixdən etibarən 20 ildən yuxarı xidmətin hər ili üçün 2%-i miqdarında əlavə nəzərdə tutulmuşdur, iddiaçıya pensiya təyin ediləndən 7 ildən sonra Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanını əsas götürərək 11 il 5ay 23 gün illərin hər ili 3% ilə hesablanaraq pensiyasını 2018-ci il mart ayından həmin illərin hər ili 2%-ə endirərək yəni 72,4% hesablanması Konstitusiynın 149-cu maddəsinin tələbinə ziddir; -ƏPQ-nun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”ni ona münasibətdə tətbiq etməməsi əsassızdır. İşin hallarından görünür ki, iddiaçıya ehtiyata buraxıldığı 2011-ci ildə xidmət illərinə görə pensiya təyin edilərkən xidmət illəri 31 il 5 ay 23 gün olmaqla ƏPQ-nun 20.14.1-ci maddəsinə əsasən 20 il üçün 50%+20 ildən artıq hər il üçün 3% əsas götürülməklə 11 il üçün 33% (artıq olan 11 il x 3%) olmaqla təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mübahisələndirdiyi 31 ildən artıq natamam ildəki iş stajı-yəni 5 ay 23 günün də hesablanmaması, bununla da 1,42% olmaqla əmək pensiyası 84,42%-lə hesablanmamasına gəlincə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan ƏPQ-nun 20.14.1-ci maddəsinin redaksiyasında yalnız tam illər nəzərə alınmaqla təminat xərcliyinin faizi müəyyən edilirdi. İddiaçının iddia etdiyi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq faizin hesablanması yuxarıda da qeyd edildiyi kimi yalnız həmin normaya 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla edilmiş əlavə ilə daxil edilmiş və həmin norma məhz xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Başqa sözlə, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunla iddiaçının pensiya faizinin hesablanmasında natamam illərə görə təminat xərcliyi faizinin hesablanması ilə bağlı norma (qayda) mövcud olmadığından inzibati orqanın məhz 83%-lə hesablamanı aparması qanuni olmuşdur. Təsadüf deyildir ki, inzibati orqan məhz xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablama zamanı ƏPQnun 20.14.1-ci maddəsinin qüvvədə olan yeni redaksiyasına əsasən natamam ildəki iş stajı aylarını da təminat xərcliyinin faizinin hesablanması zamanı nəzərə almışdır. Odur ki, iddiaçının istinad etdiyi pensiyanın düzgün hesablanmaması ilə bağlı birinci dəlili öz təsdiqini tapmır. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.14.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə nəzərdə tutulduğu halda, xx.xx.2017-ci il tarixindən etibarən - 20 ildən yuxarı xidmətin hər ili üçün 2 faizi miqdarında əlavənin hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası qəbul edilmişdir. Qaydanın tələbinə əsasən ƏPQ-nun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği iki halda yenidən hesablanır:

1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə;

2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda. Qeyd edilməlidir ki, göstərilən iki haldan birinin olması kifayətdir ki, pensiya təyinatını aparan orqan tərəfindən qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Qaydanın tələbinə uyğun olaraq yenidən hesablansın. Dolayısı ilə adıçəkilən Qayda xx.xx.2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını pensiya təyin edən orqanın mülahizəsinə və ya pensiyaçının seçiminə buraxmamış, yenidən hesablamanın imperativ qaydasını müəyyən etmişdir. Göstərilən normaları işin halları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-ci ildən ilkin olaraq təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 1 mart 2018-ci il, daha sonra 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.5-ci bəndinə əsasən pensiya mələği faizi 72,83 %-lə hesablanmışdır. Belə ki, adıçəkilən Qaydanın 2.5-ci bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizi 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi+ 20 ildən artıq xidmət müddəti olan 11 ilin hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi+ natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərclyinin 0,83 faizi (5 ay/12x2%) olmaqla təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,83 %- faiz təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərar və təqdim edilmiş pensiya alt sistemindən çıxarışa əsasən iddiaçıya 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1655,65 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi artım faizi-406,97 manat olmaqla 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda məhkəmə icraatı gedişində iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmayan hissəsi yenidən keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Bundan əlavə iddiaçının qeyd etdiyi pensiyanın hesablanması zamanı ƏPQ-nun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”nin ona münasibətdə tətbiq edilməsinə gəlincə kollegiya aşağıdakıları qeyd edir. İddiaçının mövqeyinə görə o hərbi qulluqçu deyildir, daxili işlər orqanının sabiq əməkdaşıdır və ona pensiya hesablanarkən Qanunun 20.14.1-ci maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablama aparılmalıdır. Kollegiya iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, Əmək pensiyaları haqqında Qanunun: - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 9.5-ci maddəsinə əsasəna aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Göründüyü kimi iddiaçı daxili işlər orqanı əməkdaşı olmaqla ona pensiya daxili işlər əməkdaşlarına pensiya təminatının ƏPQ-nu ilə tənzimlənən qaydasında, yəni Qanunun yuxarıda sadalanan 3.3, 9.5 və 20.14.1-ci maddələrinə müvafiq qaydada hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Qeyd edilməlidir ki, Qanunun 20.14.1-ci maddəsində əmək pensiyasına əlavələrin 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün hesablamanın fərqli iki qaydası nəzərdə tutulmuşdur: - hərbi qulluqçu kimi pensiya təyin edilmiş şəxslərin müvafiq təminat xərcliyinin 2 faizi; - müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi. Yuxarıda adıçəkilən 142 nömrəli Fərmanın 2.5-ci bəndi Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş 3%-lə hesablamanın tətbiq olunduğu “müvafiq icra hakimiyyəti orqanı” sistemində şəxsləri müəyyən etmişdir. Bu hərbi qulluqçular Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslərdir. İddiaçı isə Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmadığından ona münasibətdə Qanunun 20.14.1-ci maddəsindəki 3% əlavə tətbiq edilə bilməz. Beləliklə, işin sadalanan hallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi düzgün olaraq 72,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2793/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar