Məhkəmə qərarları › İş №2-1(103)-2835/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2835/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2835/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün rəyin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4131/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********972500 saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə (VÖEN **********) hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 54, mənzil 32, qanuni təmsilçisi isə X9 qeyd edilmişdir. İddiaçı MMC-yə məxsus şəxsi hesab vərəqindən müəyyən olunur ki, sonuncunun xx.xx.2019-cu il tarixə m/s-MÖMV üzrə 9924,54 manat məbləğində artıq ödəməsi vardır. Eyni zamanda xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə hesablanmış məbləğin 6523,24 manat ödənilmişdir 15127,68 manatı azaldılmışdır 1349,04 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 9924,55 manat, çap tarixinə saldo 9924,55 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 448,29 manat qeyd edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri X10 üzrə Baş idarəsinə ünvanlanmış artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizədə sadələşdirilmiş vergi, 114327, xx.xx.2018-ci il, avans ödənişi 9924,54 (doqquz min doqquz yüz iyirmi dörd manat 54 qəpik) manat - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə xx.xx.2018-ci il tarixinə yaranmış artıq ödəmələrin geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Təqdim edilmiş ərizədəki uyğunsuzluqlar barədə” xx.xx.2023-cü il tarixli **********714400 №li məktubunda aparılan araşdırma zamanı “Artıq ödənilmiş vergilərin faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən Bakı şəhəri X10 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2018-ci il tarixində avans olaraq artıq ödənilmiş amma öhdəlik kimi istifadə olunmayan 9924.54 manat vəsaitin bank hesabına qaytarılması xahiş edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı qanunvericiliyə əsasən 5 il müddətində aşmadığına görə araşdırıb rəy verilməsi xahiş olunmuşdur. Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Müraciətə baxılması barədə” **********602100 saylı cavab məktubunda qeyd olunmuşdur ki, artıq ödəmənin qaytarılması barədə xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024- cü il tarixli **********527400 nömrəli) müraciətə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində baxılmışdır. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı müəyyən edilmədiyindən müraciətinin təmin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq artıq ödəmənin qaytarılması məsələsinə baxılması mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən qeyd edilən artıq ödənilmiş vergi məbləği növbəti hesabat dövrlərindəki ödənişlərinə aid edilə bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi və bundan sonra mətndə Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 9924,55 manat artıq ödəmənin qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən 9924 (doqquz min doqquz yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğində artıq ödəmənin İddiaçı MMC-yə (VÖEN **********) geri qaytarılması üçün müvafiq rəyin verilməsi öhdəliyinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə vergi ödəyicisi qismində uçota alınmışdır. Çap tarixi xx.xx.2023-cü il tarixə olan İddiaçı MMC-yə aid şəxsi hesab vərəqəsinə əsasən çap tarixinə saldo 9924,55 manat və cəmi ödənilməli borc 0,00 manatdır.İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə vergilər üzrə 9924,55 manat artıq ödəməsi mövcuddur. Qeyd edilən artıq ödəmənin qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı şəhəri X10 üzrə Baş İdarəsinə müraciət edilmiş, İdarənin xx.xx.2023-cü il tarixli verilmiş cavabında ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün göstərilmədiyi qeyd edilmiş, yol verilmiş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün 3 iş günü ərzində vergi ödəyicilərinə xidmət strukturuna gəlməkləri xahiş olunmuşdur. Göstərliən tarixdə həmin xidmət strukturuna gedilmiş, orada müəyyən olunmuşdur ki, ərizə formasında hər hansı bir qüsur yoxdur. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət edilmiş, İdarənin xx.xx.2023-cü il tarixli verilmiş cavabında ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün göstərilmədiyi qeyd edilmiş, yol verilmiş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün 3 iş günü ərzində vergi ödəyicilərinə xidmət strukturuna gəlməkləri xahiş olunmuşdur. Göstərliən tarixdə həmin xidmət strukturuna gedilmiş, orada müəyyən olunmuşdur ki, ərizə formasında hər hansı bir qüsur yoxdur. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Araşdırma zamanı vergi ödəyicisi İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********522000 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” vergi orqanına daxil olmuş ərizədə 9924,54 manat artıq ödəmə məbləğinin yaranma tarixinin, həmçinin artıq ödəmənin adı və təsnifat kodunun düzgün qeyd edilmədiyi müəyyən edilmişdir. Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən artıq ödəmə məbləğinin yaranma tarixinin “xx.xx.2019-cu il”, adının "ödəmə mənbəyində vergi”, təsnifat kodunun “111254” olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən artıq ödəmənin yaranma tarixinin “xx.xx.2018-ci il”, adının "sadələşdirilmiş vergi”, təsnifat kodunun “114327” olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli **********522000 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə” ərizəsinin icra edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4131/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 9924 (doqquz min doqquz yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğində artıq ödəmənin İddiaçınə (VÖEN **********) geri qaytarılması üçün müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Araşdırma zamanı vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********522000 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” vergi orqanına daxil olmuş ərizədə 9924,54 manat artıq ödəmə məbləğinin yaranma tarixinin, həmçinin artıq ödəmənin adı və təsnifat kodunun düzgün qeyd edilmədiyi müəyyən edilmişdir. Belə ki, şəxsi hesab vərəqəsi məlumatlarına əsasən artıq ödəmə məbləğinin yaranma tarixinin “xx.xx.2019-cu il”, adının “ödəmə mənbəyində vergi”, təsnifat kodunun “111254” olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən artıq ödəmənin yaranma tarixinin “xx.xx.2018- ci il”, adının “sadələşdirilmiş vergi”, təsnifat kodunun "114327” olduğu qeyd edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli **********522000 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə” ərizəsinin icra edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən ərizə Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na əsasən tərtib edilməmişdir. Belə ki, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Məhkəmənin “formal” hesab etdiyi əsas normativ hüquqi akt olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”n tələbidir. Həmin qaydalardan kənara çıxmaq isə formallıq deyil, qanunun düzgün tətbiq və təfsir edilməməsidir. Məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiya hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır. Hazırki iş üzrə iddiaçı Fire Land” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı tələbi “9924 (doqquz min doqquz yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğində artıq ödəmənin İddiaçı MMC-yə (VÖEN **********) geri qaytarılması üçün müvafiq rəyin verilməsi öhdəliyinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun həqiqətən də mübahisə edilən məbləğdə artıq ödəməsinin mövcud olmasına, xx.xx.2023-cu il tarixə iddiaçının artıq ödəməsinin olduğu iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsi ilə də təsdiq olunmasına və artıq ödəmənin olmasının cavabdeh tərəfindən mübahisələndirilməməsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində 9924,54 manat məbləğində artıq ödəmə məbləği yaranmışdır. xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə hesablanmış məbləğin 6523,24 manat, ödənilmişdir 15127,68, azaldılmışdır 1349,04 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 9924,55 manat, çap tarixinə saldo 9924,55 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 448,29 manat qeyd edilmişdir. İddiaçı qeyd edilən 9924,54 manat məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının “artıq ödəmənin ona qaytarılması” ilə bağlı müraciətinə cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina verildikdən sonra iddiaçı imtinada qeyd olunan nöqsanları aradan qaldırmış və xx.xx.2024-cü il tarixdə yenidən həmin tələblə inzibati orqana müraciət etmişdir. Buna baxmayaraq vergi orqanının “Müraciətə baxılması barədə” **********602100 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmənin qanuna minmiş qərarı müəyyən edilmədiyindən müraciətinin təmin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq artıq ödəmənin qaytarılması məsələsinə baxılması mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən qeyd edilən artıq ödənilmiş vergi məbləği növbəti hesabat dövrlərindəki ödənişlərinə aid edilə bilər. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə göstərdiyi dəlilləri əsassız sayaraq aşağıda sadalanan maddi hüquq normalarının müddəalarını diqqətə çəkir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ var. Həmin Məcəllənin 24.1.10-cu maddəsinə əsasən vergi orqanlarının vəzifələrindən biri vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməkdir. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9924,54 manat artıq ödənilmiş məbləğ xx.xx.2019-cu il tarixə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmədir. Belə ki, iddiaçı müvafiq ərizə ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından birinci dəfəxx.xx.2023-cü il tarixdə imtina edərkən buna əsas kimi “Artıq ödənilmiş vergilərin faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün göstərilmədiyinə, iddia tələbinə dair etirazda isə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən artıq ödəmə məbləğinin yaranma tarixinin “xx.xx.2019-cu il”, adının “ödəmə mənbəyində vergi”, təsnifat kodunun “111254” olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən artıq ödəmənin yaranma tarixinin “xx.xx.2018-ci il”, adının “sadələşdirilmiş vergi”, təsnifat kodunun "114327” olduğunu qeyd etmişdir. Qeyd olunmalıdır ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindəki məlumatlardan iddiaçının cavabdehə müraciət etdiyi tarixə artıq ödəməsinin mövcud oldüğü görünür və bu fakt cavabdehin özü tərəfindən də təkzib olunmur. İddiaçının müraciət ərizəsində qaytarılması barədə rəy verilməsini tələb etdiyi artıq ödəmənin növünün, onun yaranma tarixinin və təsnifat kodunun yanlış göstərilməsi əslində cavabdeh qurumun inzibati icraat çərçivəsində göstərdiyi “yardım”la aradan qaldırıla bilərdi və bu halın mövcudluğu özü-özlüyündə iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli səbəb kimi çıxış edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. İş materiallarından cavabdeh inzibati orqan tərəfindən nə belə bir yardımın göstərilməsi, nə də ki izaholunma görünmür. Belə olan halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan həmin artıqödəmənin geri qaytarılması barədə rəy verilmə öhdəliyinin qoyulması ilə bağlı tələb də əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müraciəti ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli ilk imtinadan sonra iddiaçı yenidən müvafiq düzəlişləri etməklə eyni tələblə cavabdeh orqana xx.xx.2024-cü il tarixdə də müraciət etmişdir. Lakin həmin ərizədə cavabdeh qurumun bündan öncəki imtinada göstərdiyi nöqsanların aradan qaldırılmasına, yəni geri tələb olunan artıqödəmənin vergi növünün, təsnifat kodunun və yaranma tarixinin məlumatları düzgün qeyd olunsa da, bunları nəzərə almadan vergi orqanı xx.xx.2024-cü il tarixli məktubla yenidən imtina vermiş və bu zaman da imtinasında əsaslı dəlillər ortaya qoya bilməmişdir. Bununla da cavabdeh orqan həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərkən öz vəzifələrinin icrasından yayınmış və iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4131/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4131/2024 saylı 30 aprel 2024-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar