Məhkəmə qərarları › İş №2-1(103)-2836/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2836/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2836/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin (VÖEN **********, hüquqi ünvan-AZ1025, Bakı şəhəri, Xətai rayonu, R.Əliyev küçəsi, ev 19, qanuni təmsilçi-X6, dövlət qeydiyyatına alındığı tarix-03.11.2006-cı il) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)- 6741/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi 20.05.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yaşayış evi tikmək üçün cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 istismarında olan “Zığ" qazpaylayıcı stansiyasının və “Qum adası - Qazanlar QPS (Ağ şəhər)” qaz kəmərinin mühafizə zonasında yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncam aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının tələblərini ciddi surətdə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6741/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində göstərilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı 08.10.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6741/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təqdim edilən iddia ərizəsinə prosessual aspektdən yanaşmış, işin obyektiv hallarının vacibliyini nəzərə almadan şəxsi mülahizələrinə əsaslanaraq, iddia tələbinin mümkünsüz olmasına dair qərardad çıxarmışdır . Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X3 (08.08.1967-ci il tarixində Yevlax rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: - Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17.05.2000-ci il tarixli 780 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin, qərb hissəsində, 400 kv.m. torpaq sahəsi ayrılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(82)- 2042/2019 saylı qərardadından (hakim Z.Tağıyev) görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.m. torpaq sahəsinin vətəndaş Quliyeva (Qələndərova) Afət İsax qızına ayrılmasına dair Bakı şəhəri Suraxan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı “17.05.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” tələbi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Göründüyü kimi müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən yayınmağa xidmət edə bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı X1 yaşayış evi tikmək üçün cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının etibarsız hesab edilməsi xahiş etsə də, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2-1(82)- 2042/2019 saylı qərardadına əsasən iddiaçının Bakı şəhəri Suraxan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 17.05.2000-ci il tarixli 780 nömrəli sərəncamının ləğv olunmasına dair iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçı iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamış iddia tələbinin faktiki əsaslarını dəyişmədən yenidən sərəncamın etibarsız sayılması ilə bağlı 20.05.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən sərəncamı 2019-cu il tarixdə məhkəmədə mübahisələndirmiş və iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan məhkəməyə təqdim edilən iddia ərizəsinə prosessual aspektdən yanaşması ilə bağlı qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6741/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar