Məhkəmə qərarları › İş №2-1(103)-2836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2836/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2836/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-4462/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 17 iyul 2021-ci il tarixli (8070885 nömrəli) qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2021-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat yoxdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da görünür ki, şəxs uzun müddətdir ki, Özbəkistan Respublikasında yaşamış və və həmin ölkənin vətəndaşıdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, şəxs qanunvericiliklə müəyyən olunmuş şikayət müddətini ötürdüyündən iddia ərizəsinin baxılmasının mümkünsüz hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın baxılmasının mümkünsüz hesab olunması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-4462/2024 saylı qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2024 saylı inzibati iş üzrə 08 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1975-ci il tarixdə Laçın rayonu Alxaslı kəndində anadan olmuş və bu barədə doğum aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixdə 21 nömrə ilə qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da ona SSSR vətəndaşı pasportu verilmişdir. 1981-ci ildə Laçın rayonu Alxaslı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1992-ci ildə orta məktəbi bitirmiş və bununla bağlı olaraq orta təhsil haqqında attestat verilmişdir. Məlum hadisələrlə bağlı 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşmışlar. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə arayış verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 17 iyul 2021-ci il tarixdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” Qərar çıxarılmışdır. Qərarda xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığının müəyyən edilməsi göstərilmişdir. Lakin cavabdeh tərəf əsassız olaraq onun Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən edilməsi barədə qərar vermişdir. Bununla da onun hüquqları pozulmuşdur və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində məhdudiyyətlər yaranmışdır. Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli arayışda Laçın rayon İcra hakimiyyəti Başçısı aparatının Alxaslı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən 2 nömrəli təsərrüfatbaşına uçot kitabının 7-ci səhifəsində İddiaçı xx.xx.1975-ci il doğum tarixi ilə X1 ailə tərkibində qeydiyyatda olması göstərilmişdir. Həmin vaxt bu arayışın əldə edilməsi ilə bağlı olaraq müxtəlif təşkilatlara müraciət etmiş, sonda, yəni 2023-cü ildə yuxarıda qeyd edilən arayış əldə edilmişdir, arayış əldə edildikdən sonra müraciət etsə də, yenə də şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkünsüz olmuşdur və məhkəməyə müraciət etmişdir. Qeyd edilən səbəbdən vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Lakin qeyd edilən amillər işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, işin faktiki halları tam şəkildə araşdırılmamışdır. İşə baxan məhkəmə yalnız qanunun normalarını sadalamaqla kifayətlənmiş, obyektiv araşdırma aparmamışdır. Dövlət Miqrasiya Xidmətinə müraciət edərək əldə etdiyi arayışla yenidən vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmək istədiyini bildirmiş, ona bildirilmişdir ki, artıq qərar qəbul edilib. Yəni onun yenidən inzibati orqana müraciət etməyi, imtina və hər hansı qərar verilməsi və həmin inzibati aktla bağlı iddia qaldırmaq hüquqları heçə enmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Cavabdeh AR Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş qeydiyyat kitabından çıxarışdan görünür ki iddiaçı DMX-nin xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarını xx.xx.2021-ci il tarixdə şəxsən imzalayaraq götürmüşdür. Azərbaycan Respublikası İPM-in; -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı halda iddiaçı cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istəyir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərar ilə təmin edilməmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina edilməsindən məlumatlı olması iş materialları ilə təsdiq olunmuş, iddiaçı tərəfindən də məhkəmə iclası zamanı bu hal təkzib edilməmişdir. Bununla belə, iddiaçı indiki tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.2-ci maddəsi isə şəxsə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə təxminən 2 il 4 ay (iki il dörd ay) sonra müraciət etdiyindən qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı tələbinə münasibətdə cavabdeh tərəfindən verilmiş inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli arayışı ilə bağlı olan dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin arayışla yenidən cavabdehə müraciət edərək sonradan əldə etdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən vətəndaşlıq mənsubiyyətinin tanınmasına qiymət verilməsini tələb edə bilər. İddiaçının bu tələbinə cavabdehin münasibətindən sonra lazım olarsa iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-4462/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar