Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2838/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(112)-5442/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 mart 2022-ci il tarixli, ******* nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Sonradan mövcud sənədlərə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırılma aparılmış və digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyənləşdirildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınması haqqında 09 mart 2022-ci il tarixli ******* qərar Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə ləğv olunmuşdur. İddiaçı hesab edir ki, mübahisələndirdiyi qərar əsassız və qanunsuzdur. Belə ki, o, SSRİnin 15 üzv respublikasından biri olan Azərbaycan SSR-nin vətəndaşı olaraq hərbi xidmətini Çexoslovakiyada keçmişdir. Hamıya bəlli olan və sübuta ehtiyac olmayan faktdır ki, o vaxt SSRİ-nin 15 üzv respublikalarının vətəndaşları hərbi xidməti müxətəlif üzv respublikalarda keçirdilər və hamının müvafiq respublika vətəndaşlığı (onun misalında Azərbaycan SSR-nin vətəndaşlığı) ilə yanaşı SSRİ vətəndaşlığı da var idi. 1983-cü ilin yanvar ayından Rusiya SFSR-nin vətəndaşı olmuş və bunun üçün heç bir könüllü təşəbbüs də göstərməmişdir. Belə ki, hərbi hissə rəhbərliyindən aldığı göndərişlə birlikdə 1985-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində N.A.Voznesenski adına X1 və İqtisad fakültəsinə qəbul olunmuş və orada beş il əyani təhsil almışdır. Bu faktları sadalamaqda məqsədi odur ki, o vaxtlar hamının bir SSRİ vətəndaşlığı var idi və hazırda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv olunmasına bu fakt əsas ola bilməz və Miqrasiya Xidməti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə istinad etməklə qanunu düzgün tətbiq etməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində inzibati orqan tərəfindən öz təşəbbüsü ilə təkrar araşdırma aparılmış, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Qaydaların 4.4-cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qanunsuz əlverişli inzibati akt ləğv olunmuş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(112)-5442/2025 saylı qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında səhhətindəki problemlərlə əlaqədar iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(112)-5442/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 mart 2022-ci il tarixli qərarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. -“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Rusiya Federasiyası vətəndaşının 72 ******* nömrəli pasportunun surətindən görünür ki, 26 aprel 1961-ci il təvəllüdlü Orucov X4 Federasiyasının vətəndaşıdır. Pasportda xx.xx.2014-cü il tarixdə verildiyi və xx.xx.2024-cü il tarixədək qüvvədə olduğu qeyd edilmişdir. Hazırkı iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə cavabdehin xx.xx.2022ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ərarvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 3.2. Dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir. 3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir. 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ərarvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 5.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998- ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin “Qaydalar”ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Yalnız o halda şəxsin qeydiyyatda olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Həmçinin, iddiaçının 1996-cı il tarixədək Azərbaycan Respublikasında qeydiyyatda olmaqla yaşaması barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin halın təsdiqini tapması belə, iş üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Çünki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməmişdir. Qanunvericilik normalarının tələblərini nəzərə alan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı cavabdeh DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş (vətəndaşıdır) və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Çünki sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(112)-5442/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2838/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2838/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver