Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2839/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı (üçüncü şəxs Bakı şəhər Prokurorluğu) “müvafiq tədbirin görülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-8385/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 09 iyul 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Bakı şəhər Prokurorluğu üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq tədbirin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12.07.2021-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım barədə məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-8385/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-8385/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır, qərardad ləğv edilməli və məhkəmə işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərməlidir. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində iki məsələ ilə bağlı müvafiq tədbirin görülməsini və cinayət işinin açılmasını tələb etmişdir. Bunlardan birincisi Nəsimi rayonu, Sverdlov, 13 saylı mənzilə daxil olunaraq, əmlaka qəsdən zərər vurulmasına görə, ikincisi isə Xəzər rayonu, Zirə qəsəbəsində əmlaka 5000 manatdan artıq ziyan dəydiyinə görə cinayət işinin açılması ilə əlaqədardır. «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun inzibati orqanların: cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, qanunverici orqan birmənalı şəkildə inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinin inzibati icraat qaydasında baxılmasının mümkünsüzlüyünü müəyyən etmişdir. Məhkəmə Kollegiyasi hesab edir ki, hazırkı iş üzrə iddia tələbi cinayət-prosessual fəaliyyəti ilə birbaşa əlaqəli olduğundan, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan qərardadın maddi və prosessual normaların kobud şəkildə pozularaq çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-8385/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2839/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2839/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver