Məhkəmə qərarları › İş №2-1(103)-2839/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2839/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2839/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6659/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 10 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 may küçəsi) ünvanından X2 (“üçüncü şəxs”) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...O, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi y/m, ünvan 2 ünvanda qeydiyyatdadır, lakin yaşamır. Halbuki, xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizəsi ilə vəd vermişdir ki, xx.xx.2023-cü il tarixinədək pasport qeydiyyatında olduğu ünvan 3 ünvan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi şosesi, 10 may küçəsi) ünvanında pasport qeydiyyatından çıxacaq. Lakin hal-hazıradək qeydiyyatdadır və onunla heç bir ünsiyyəti olmadığından pasport qeydiyyatdan çıxmasını təmin edə bilmir. Onun mənzildə qeydiyyatda olması onun hüquqlarını bir gələcək mülkiyyətçi kimi pozur. Digər tərəfdən ona görə hər ay artıq kommunal xidmətlər üçün pul ödəyir. Üçüncü şəxsin ünvan 5 ünvan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., şosesi, 10 may küçəsi) ünvanından pasport qeydiyyatından çıxarılması üçün cavabdeh Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə poçt vasitəsi ilə xx.xx.2024-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin həmin İdarənin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən heç bir cavab verilməmişdir...” Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-46/2-C-5380 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən X3 ünvan 8 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, şossesi, 10 may küçəsi) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müarciət etmək hüququnuz vardır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6659/2024 saylı xx.xx.2024-cü tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsinin qərardadı qanunsuz və əsasızdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasındakı razılaşmaya əsasən iddiaçı mübahisəli evin bir hissəsini xx.xx.2023-cü il tarixdə 26.000,00 manata sataraq pulu götürmüşdür ki, özünə ayrıca yaşayış evi alsın. Üçüncü şəxs xx.xx.2023-cü il tarixdə 43 saylı Notariat kontorundan ərizə də yazaraq pulu ilə özünə ev alıb ora köçənədək yəni xx.xx.2023-cü il tarixədək mübahisəli mənzildən qeydiyyatdan çıxacağına vəd vermiş, lakin həmin vədini yerinə yetirməmiş, evdən qeydiyyatdan çıxmamışdır. Bakı İnzibati məhkəməsinin iddianın mümükünsüzlüyü qərardadından sonra iş üzrə yeni hallar yaranmışdır. Əlavə yeni hall isə iddiaçının mübahisəsinə aid Bakı Apellyasiya məhkəməsinin 28.11.202-cü il tarixli 2-1(103)-3635/2023-cü il tarixli qərardadı olmuşdur. Bakı Apellyasiya məhkəməsinin 28.11.202-cü il tarixli 2-1(103)-3635/2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2023 nömrəli xx.xx.2023-cü il tarixli qeydiyyatdan çıxarılma iddia tələbin mümkünsüz sayılması qərardadını ləğv etmişdir. Həmin iş üzrə iddiaçının qeydiyyatdan çıxarılması barədə iddia tələbi təmin olunmuşdur. Məhkəmə qərardadını elektron sistemə daxil etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun hesab edilərək, apellyasiya icraatı mümkün sayılmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materialları üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən müəyyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü üçüncü şəxs X5 ünvan 10 ünvanında qeydiyyatdadır. Eyni zamanda, üçüncü şəxsi Ayaz Cəbiyevin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixədək çıxacağını öhdəsinə götürmüşdür. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğularına əsasən alınmış cavab məktublarına aşağıdakı məlumatlar əldə olunmuşdur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-46/1-13437 nömrəli məktubda bildirilmişdir ki, vət. X5 xx.xx.2007-ci il tarixdən ünvan 12 ünvanında qeydiyyatdadır. Bildiririk ki, vətəndaşın qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün Sizə təqdim olunması imkanımız xaricindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 7350/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, A.Cəbiyevin qeyd olunan ünvana qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********78 nömrəli məktubundaa bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, 58 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə də iddia ərizəsinə və tədqiq olunan sübutlara əsasən işin müəyyən edilən halı ondan ibarətdir ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələb olunan iddiaçının və üçüncü şəxsin qeydiyyatda olduğu mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Digər tərəfdən, işə əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(001)-1835/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X4 qarşı “ iddiaçının evə köçürülməsi, cavabdehin isə evdən çıxarılması tələbinə dair iddia ərizəsi qismən, iddiaçının evə köçürülməsi hissəsində iddia tələbi təmin olunmuş, cavabdeh X2(hazırkı işdə üçüncü şəxs) evdən çıxarılması hissəsində iddia rədd edilmişdir. “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndi isə nəzərdə tutur ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, mübahisəli ünvanda ferləşən fərdi yaşayış evinin iddiaçıya məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud olmadığı, eləcə də, onun həmin evdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu təqdirdə, nə cavabdeh tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasının, nə də ki, konkret halda, məhkəmə tərəfindən sonuncunun həmin evdən qeydiyyatdan çıxarılmasının cavabdeh qeydiyyat orqanına qarşı iddia tələbinin mümkünlüyü istisna olunur. Ən azından, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış sahəsinə köçmək, 9-cu maddəsində isə ondan çıxarılmasına əsas olan sənədlər konkret olaraq sadalanmışdır. Belə sənədlər sırasından isə mübahisəli ünvana dair hər hansı mövcud olmadığı halda iddiaçının üçüncü şəxslərin həmin evdən qediyyatdan çıxarılmalarını tələb etməkdə subyektiv hüquqa malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının üçüncü şəxsin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları barədə hazırkı iddia tələbi İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə onun iddia tələbinin mümkün sayılmaması barədə qərardadı İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən, habelə, hazırkı iş üçün preyudisiallıq daşımayan digər məhkəmə qərardadlarına istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6659/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6659/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar